Məhkəmə qərarları › İş №e-2(012)-5614/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5614/2025

24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5614/2025 24.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızına qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək iddiaçıdan hər ay tutulmalı olan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində - 246 manat (400 x 0.615) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 8(007)- 301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-2680/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Əliyeva (halhazırda Yarıyeva) Şərqiyyə Mehman qızının xeyrinə tutulması qərara alınmışdır. İndeksasiya aparılması nəticəsində İddiaçı bir uşağa görə 476 manat alimentin tutulması qərara alınmış, halbuki iddiaçının əməkhaqqısı 737.88 manatdır, iki xəstə və ahıl valideyni ilə birlikdə yaşayır, onların da qayğısına məhz o qalır, indeksasiya barədə qərardad ilə müəyyən olunmuş məbləğdə alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, birinci instansiya məhkəməsi indeksasiya haqqında qərardadla iddiaçıdan tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində müəyyən olunmasını əsaslandırarkən: - AR Prezidentinin Sərəncamına əsasən 2018-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 130 manat müəyyən edildiyini (1); - Nizami Rayon Məhkəməsinin 2(007)-2680/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün məndən hər ay sabit pul məbləğində tutulanalimentin miqdarının 137 manat məbləğində müəyyən edildiyini (2); - AR Ali Məhkəmə Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarında qeyd etdiyi düstura əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2680/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün məndən tutulan hər ay 154 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 (154:130=1.18) misli həddində müəyyən olunmalı olduğunu qeyd edib (3). Belə olan halda hal-hazırda iddiaçıdan tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.475 misli həddindən artıq həddə müəyyən edilmişdir. 2018-ci ildə aliment məbləğləri müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş ehtiyac meyarı -154 manat əsas götürülürdü. Lakin 2018-ci ildə ölkə üzrə minimum əməkhaqqı 1 uşaq üçün müəyyən olunmuş minimum ehtiyac meyarından - 154 manatdan da aşağı idi və cəmi 130 manat təşkil edirdi. 2025-ci ildə minimum əmək haqqı məbləği 1 uşağın ehtiyac meyarından xeyli artıq məbləğdə müəyyən edilmişdir. 2025-ci ildə minimum əmək haqqı 400 manat 1 uşaq üçün minimum ehtiyac meyarı isə 246 manatdır. Beləliklə, dövlət müvafiq statistik hesablamalar əsasında müəyyən edir ki, 2025-ci ildə 1 uşağın aylıq ərzaq və digər ehtiyaclarının ödənilməsi üçün 246 manat tələb olunur. Buna görə də 2025-ci ildə 2018-ci ilin meyarlarını tətbiq etmək düzgün olmamaqla yanaşı iddiaçı və ailəsi hədsiz ağır vəziyyətə düşmüşdür və eyni zamanda indeksasiya haqqında qərardadla müəyyən edilmiş alimentin ödənilməsini qeyri-mümkün edir. 2025-ci il üçün ölkə üzrə minimum əməkhaqqı məbləğinin 400 manat həcmində müəyyən olunduğu nəzərə alınsa, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-61/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment təyin edilməsi, iddiaçının üzərinə cavabdeh X6 hər ay 472 (400 x 1.18 = 472) manat aliment ödənilməsi öhdəliyi qoyur. Ayda 737 manat gəliri olan, öhdəsində iki ahıl və xəstə valideyni olan iddiaçının ayda 472 manat məbləğində aliment ödəmək öhdəliyi iddiaçını olduğca ağır maddi vəziyyətə salmış və dolanışığını maddi baxımdan qeyri-mümkün etmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə iddiaçının birgə nikahından 1 övladı olmuşdur. 1 uşağa görə 476 manat aliment məbləği iddiaçı üçün olduqca yüksəkdir. Belə ki, iddiaçının rəsmi əməkhaqqı məbləği 737 manat təşkil edir. Öhdəliyində 2 ahıl və xəstə valideyni var. Nəinki valideynlərinə, təyin edilmiş (indeksasiya edilmiş) aliment məbləğindən sonra qalan məbləğ özünə belə yetmir. Əslində cavabdeh də iddianın əleyhinə deyil, sadəcə məhkəmə yolu ilə həll olunmasını istəyir. Hazırda cavabdeh özü başqa şəxslə ailəlidir, yeni həyat yoldaşından başqa övladı da var, iddiaçı özü də ailə qurmağa hazırlaşır. Cavabdeh Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2680/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı məhkəməyə müraciət edildiyi 2018-ci il mayın 30-dan başlayaraq, 03 yanvar 2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması, İddiaçı 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X7 arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində 28 fevral 2015-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X10 anası X3 yanında qalması qət edilmişdir. -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilmiş, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün İddiaçı Əliyeva (Məmmədova) Şərqiyyə Mehman qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli, 15236252 saylı AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X9 E11 – insulindən asılı olmayan şəkərli diabet xəstəliyi diaqnozu qoyulmuşdur. -xx.xx.2025-ci il tarixli, 3-18-154/2-34/2025 saylı arayışdan görünür ki, İddiaçı AR FHN DYMX Suraxanı rayon DYMH-nin sürücüsü vəzifəsində xx.xx.2023-cü il tarixdən xidmət edir. Aylıq əməkhaqqısı 737.88 manat təşkil edir. -xx.xx.1988-ci il tarixli, XİV-ЖГ 261013 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 13 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, X4, anası X5r. -Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 74 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli, 84 saylı arayışından görünür ki, X2 rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 17, ev 11 ünvanda qeydiyyatdadır. X4 və anası X8 ilə birlikdə həmin ünvanda yaşayır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2680/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı X3 xeyrinə tutulması, bundan əlavə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3080/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X10 cavabdehin yanında saxlanılması qət edilmişdir. Daha sonra cavabdehin məhkəməyə müraciəti əsasında həmin qətnamə ilə təyin edilmiş 154 manat məbləğində tutulan aliment Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya edilərək, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində, yəni 472 manat məbləğində müəyyən olunmuşdur. Hazırda iddiaçı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin indeksasiya edilməsi nəticəsində müəyyən edilən 472 manat məbləğində alimentin azaldılması, 246 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun: 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sözügedən qərarın 8.13-cü maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırda anası və xəstə atası ilə birlikdə yaşayır və 737.88 manat məbləğində əmək haqqı alır. Aldığı əməkhaqqıdan 472 manat hissəsi aliment olaraq tutulduğundan qalan əmək haqqı ilə ailəsini saxlamaqda çətinlik çəkir. Bununla da məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının valideyninin xəstəliyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilən 472 manat məbləğində alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay 246 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin qeyd edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş 154 manat məbləğin sonradan qərardadla minumum əmək haqqına münasibətdə indeksasiya olunaraq 472 manat olması, aliment məbləğinin birdən-birə 3 dəfədən çox artması deməkdir ki, bu da iddiaçının maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınmaqla ciddi maliyyə sıxıntısının yaranmasını qaçınılmaz edir. Məhkəmə qeyd edir ki, hazırda məhkəmələrə indeksasiya edilmiş aliment məbləğlərinin azaldılması ilə bağlı tələblər irəli sürülür. Hazırki iddia tələbi üzrə qanunvericiliyin tələbinə əsasən alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilir. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası aparılmışdır ki, bu da hər ay üzrə 472 manat sabit pul məbləğində alimentin tutulması deməkdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qərardad əsasında 472 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 472 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, maddi və ailə vəziyyəti, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Belə ki, qanunvericiliyin müddəalarına uyğun olaraq, 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıdan tutulan 472 manat aliment məbləğinin azaldılaraq, 246 manat məbləğində müəyyən edilməsi uşağın təminat səviyyəsinin azalmasına səbəb olmayacaqdır. Çünki 472 manat məbləğində aliment uşaqlar üçün müəyyən edilmiş 246 manat yaşayış minimumundan artıqdır. Həmçinin uşaq bu halda minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan da məhrum olmayacaq. Bununla da alimentin azalmasına baxmayaraq, yetkinlik yaşına çatmayan uşağın təminatının maksimal səviyyədə saxlanılması təmin olunacaq və alimentin azaldılması uşağın maddi vəziyyətinə də mənfi təsir göstərməyəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 1.2.5-ci bəndinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınının 8.14-cü bəndində “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, işin faktiki hallarını, xx.xx.2017-ci il təvəllüdlü X10 mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini, bundan əlavə iddiaçının yanında yaşayan valideyninin xəstəliyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək azaldılmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdeh İddiaçı Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit məbləğdə aliment tutulmalı və alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh İddiaçı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit məbləğdə aliment tutularaq iddiaçı Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızına ödənilməli, cavabdeh İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdeh Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızından alınaraq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-301/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit məbləğdə aliment tutularaq cavabdeh Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızının xeyrinə ödənilsin. İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh Yarıyeva (Əliyeva) Şərqiyyə Mehman qızından 50 manat məbləğində dövlət rüsumu əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar