Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-613/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, azyaşlı uşaqların ananın yanında qalması və alimentin tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə 06 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, azyaşlı uşaqların ananın yanında qalması və alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 06.07.2013-cü il tarixli nikahın pozulmasına, birgə nikahdan doğulmuş 06.03.2015-ci il təvəllüdlü X3 və 20.01.2017-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsinə və onların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 06.07.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan 06.03.2015-ci il təvəllüdlü X3 və 20.01.2017-ci il təvəllüdlü X2 doğulmuşlar. Nikahın ilk vaxtlarında onların münasibətləri normal olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlməmişdir və hazırda birbirlərini başa düşmürlər. Uzun müddətdir ki, ayrı yaşayırlar, ailə münasibətləri kəsilmişdir. Artıq ailənin bərpası mümkün deyil və boşanmaq fikri qətidir. Ailənin qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcək. Uşaqlar azyaşlıdır, onlara özü baxır. Həmçinin ayrı qaldıqları müddətdə cavabdeh uşaqları ilə maraqlanmamışdır. O, ata kimi məsuliyyətini dərk etməli, övladlarının maddi və mənəvi tələbatlarının ödənilməsində yaxından iştirak etməli, övladlarına hər ay qanunda nəzərdə tutulmuş alimenti ödəməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 870863 saylı nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh və X4 arasında nikah “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 06.07.2013-cü il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 144 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarından olan AZ-İİİ 513393 və AZ-İİİ 314223 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 06.03.2015-ci il tarixdə Hüseyn və 20 yanvar 2017-ci il tarixdə Fatimə adlı uşaqlar doğulmuşlar. Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq tərəflər arasında barışıq əldə edilmədiyindən və iddiaçı boşanmada israrlı olduğundan iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanmas üçün vəsaitin ödənilməsi qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, hər iki azyaşlı uşaq hazırda ananın yanında yaşayırlar. Uşaqların mənafeyi nəzərə alınmaqla, habelə onlara daha çox ana nəvazişi və ana qayğısı lazım olduğundan, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları – 06.03.2015-ci il təvəllüdlü X3 və 20.01.2017-ci il təvəllüdlü X1 boşanmadan sonra İddiaçı (ananın) yanında qalmaları məqsədəuyğundur. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailədə başlıca vəzifə uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsinə yönəlməlidir. Buna görə də, məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların üstün mənafeləri nəzərə alınmaqla, boşanmadan sonra uşaqların yaşayış yerinin anasının yanında saxlanılmaları onların maraqlarına uyğundur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından, birgə nikahdan doğulmuş Hüseyn və Fatimə adlı uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalı və onların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalı, iddia bu hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 05.11.2021-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması məhz həmin tarixdən, yəni 05.11.2021-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 06.03.2015-ci il təvəllüdlü X3 və 20.01.2017-ci il təvəllüdlü X2 analarının yanında qalmalı və həmin uşaqların saxlanılması üçün 05.11.2021-ci il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 06.07.2013-cü il tarixdə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 144 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Birgə nikahdan doğulmuş 06.03.2015-ci il təvəllüdlü X3 və 20.01.2017-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra İddiaçı (ananın) yanında qalsınlar. Cavabdeh İddiaçı xeyrinə 06.03.2015-ci il təvəllüdlü X3 və 20.01.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli 05.11.2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-613/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-613/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver