Məhkəmə qərarları › İş №e-2(012)-6148/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6148/2025

05.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6148/2025 05.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər il ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin və sonrakı artırımlara da münasib olaraq 0.88 misli həddində və hər ay həmin məbləğin sabit pul məbləğində alimentin təyin edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(063)-479/2017 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 08 nömrə ilə qeyd edilmiş xx.xx.2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan uşaqları - Elcan, Sübhan və Ayan adlı uşaqların cavabdehin yanında qalması müəyyən edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdən böyük oğlu – xx.xx.2009-cu il təvəllüdlü X3 olaraq iddiaçının yanına gəlmiş və onunla birlikdə yaşamağa başlamışdır. Elcan bu günə qədər iddiaçının himayəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2521/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək Ucar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(063)-596/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi olaraq 480 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 13/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X6 İddiaçı yanında qalması, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 2521/2019 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti xx.xx.2023cü ildən ödəməkdən azad edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)- 225/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 2521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il əvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya olunmuş, alimentin indeksasiya olunması hazırki ərizə verilən tarixdən, yəni xx.xx.2025-ci il tarixdən tətbiq edilmişdir. İddiaçı 2 uşağa görə cavabdehə aliment ödəsə də, cavabdeh iddiaçının himayəsində yaşayan xx.xx.2009-cu il təvəllüdlü X2 üçün xx.xx.2022-ci il tarixdən ona aliment ödəmir. İddiaçı özü işləmir, maddi vəziyyəti ağırdır. İddiaçı ikinci dəfə ailə qurmuş və onun yeni ailə həyatından bir uşağı da -xx.xx.2023-cü ildə doğulmuş X9 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən 1 uşaq üçün aliment 352 manat, 2 uşaga görə 704 manat təyin edilmişdir. Lakin iddiaçı hər ay 704 manat məbləğində aliment ödəmək iqtidarında deyil. Bu məbləğ çox yuxarıdır və bunun üçün iddiaçının maddi imkanı yoxdur. İddiaçının öz ailəsi və bir uşağı da vardır. Odur ki, həmin məbləğ azaldılmalıdır. Hazırda respublika üzrə minimum aliment 246 manatdır. Məhkəmələr tərəfindən hazırda bir uşaq üçün 400x0.61=248 manat məbləğində aliment təyin olunur. Ona isə bir uşağa görə 400x0.88=352 manat, iki uşağa görə isə 704 manat təyin edilmişdir. Bu tam haqsızlıqdır. Hesab edir ki, iddiaçının himayəsində olan uşağa - Elcana görə də cavabdehdən 352 manat aliment təyin olunaraq iddiaçıya verilməlidir ki, iddiaçı da uşağı Elcanı saxlaya bilsin. Bərabərlik hüququndan istifadə edilməklə Elcan adlı uşağa görə də 352 manat aliment təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Elcan adlı uşaq hazırda iddiaçının yanındadır. Belə ki, uşaq özü iddiaçının yanında qalmaq istəmiş, Ucar Rayon Məhkəməsinin qərarı ilə Elcan iddiaçının yanında qalmış, lakin uşaq üçün aliment kəsilməmişdir. Cavabdehin daimi iş yeri olmasına baxmayaraq, iddiaçının daimi işi yoxdur. Uşaqla ünsiyyətlə bağlı qətnamə yoxdur. Keçən ilədək uşaqlarını görə bilirdi, artıq görə bilmir. Belə ki, iddiaçı uşaqlarını görməyə getdiyinə görə cavabdeh polisə şikayət vermişdir. Uşaqların hazırlığa gedib-getməməsi ilə bağlı məlumatı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında və xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, 2(063)-13/2025 saylı qətnamə qəbul edilən zaman məhkəmə cavabdehi aztəminatlı ailə hesab etmişdir. Həmçinin buna səbəb İddiaçı aliment tələb etməməsi olmuşdur. Göründüyü kimi İddiaçı mütəmədi aylıq qazanca sahib olmasına, geniş imkana ve kapitala malik olmasına görə aliment tələb etməmişdir. Keçən müddət ərzində istər cavabdehin qazancı və ailə tərkibinin, istərsə də iddiaçının ailə tərkibində və qazancında heç bir dəyişiklik olmamışdır. Bununla da cavabdehin ailəsinin aztəminatlı olması konkret olaraq sübut olunur. İddiaçı 2017-ci ildə boşanma ərizəsi vermiş, 2020-ci ildə qayıdaraq böyük uşaqlarını ona qarşı doldurmuşdur. İddiaçı övladları ilə maraqlanmır, həmçinin böyük övladlarını düzgün tərbiyə etmir. Cavabdeh 2 övladını güclə dolandırır. Uşaqları məşğələlərə gedir. Hazırda bir uşağa görə 350 manat aliment təyin edilmişdir. Aliment ödəməyə imkanı yoxdur. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AZ-İİ 388075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. -AZ-V 140642 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası X7r. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(012)-2521/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Ucar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(063)-596/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. -Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(063)-13/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2009-cu ildə doğulmuş X6 İddiaçı yanında qalması, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2521/2019 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti xx.xx.2023cü ildən ödəməkdən azad edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı və Cavabdeh müştərək qaydada 100 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-225/2025 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.88 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının hazırki ərizə verilən tarixdən, yəni xx.xx.2025-ci il tarixdən tətbiq edilməsi qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-405/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə dair e-2(012)-6148/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh ərizəçi İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində sabit pul məbləğində aliment tutulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsində müəllim vəzifəsində işləyir, rəsmi əməkhaqqı məbləği 1015.63 manat təşkil edir. -“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı rəsmi gəlir mənbəyinə dair məlumat aşkar edilməmişdir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli, 499- İQ saylı Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 6-cı maddəsinə əsasən, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinin İ bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 149-cu maddəsinin İ bəndinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilməsi, 1.2.8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4- 3-cü yarımbəndlərin əlavə edilməsi qərara alınmışdır. Belə ki, 8.4-1-ci bəndində qeyd edilir ki, “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər” 8.4-2-ci bəndində qeyd edilir ki, “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır” Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından – uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, cavabdehin rəsmi iş yerinin (gəlir mənbəyinin) olması, iddiaçının isə rəsmi iş yerinin olmaması, habelə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-225/2025 saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin artması (2 uşağa münasibətdə hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.88 misli həddində, yəni hər uşaq üçün 352 manat olmaqla, ümumilikdə 704 manat) nəticəsində iddiaçının öhdəliyinin maddi cəhətdən ağırlaşması, həmçinin tərəflər arasındakı nikah pozulduqdan sonra iddiaçının qurduğu ailə həyatından yeni bir övladının (xx.xx.2023-cü il təvəllüdlü X9) dünyaya gəlməsi, bununla da himayəsində 2 övladının (xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X14) olması, bu baxımdan da iddiaçının cavabdehə münasibətdə daha aztəminatlı ailə kimi hesab olunması, bundan əlavə cavabdehin də himayəsində 2 övladının olmasını, həmin uşaqların məşğələlərə getməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı, bundan əlavə iddia tələbini istisna edən bir halın olmaması nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən iddiaçının xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-405/2025 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, alimentin tutulması xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia qismən təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 49.52 manat məbləğində dövlət rüsumu (246 manat x 1 uşaq = 246 manat x 12 ay = 2952 manat) cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin hesablanması zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-405/2025 saylı qərardadı nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar