Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6280/2025 05.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk evliliyindən anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ona hesablanmış aliment məbləğinin azaldılaraq, sabit pul məbləğində hər ay bir uşaq üçün müəyyən edilmiş 246 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-401/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən rəsmi nikahları pozulmuş, rəsmi nikahdan iki övladı olmuşdur. Bir övladı - xx.xx.2006-cı il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmış, xx.xx.2012-ci il təvəllüdlü X10 isə azyaşlı olduğuna görə Cavabdeh alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət edərək məhkəmə alimentin məbləğini sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə alimentin məbləğini artırarkən onun rəsmi nikahda olduğunu və həmin nikahdan övladı olduğunu, onun psixiatrik xəstəxanada qeydiyyatda olmasını, orada müalicə almasını və s. nəzərə almamışdır. Bundan əlavə həyat yoldaşı şəkər xəstəsidi, iddiaçı özü İİ dərəcə əlildir, işləmir, banklarda kreditləri var. Məhkəmə birinci nikahdan olan övladının saxlanılması üçün aliment məbləği hesablayarkən ikinci nikahından olan xəstə övladını nəzərə almamışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin qarşı tərəf mediasiya sessiyasına gələrək iddia tələbi ilə razılaşmadığını bildirmişdir. Bu səbəbdən mediator ona məhkəməyə müraciət etməyi üçün MŞB/2/2025-01084 saylı, xx.xx.2025-ci il tarixli arayış təqdim etmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının həyat yoldaşı ağır xəstədir, hazırki evliliyindən 2 övladı var, Ümid Abbaslının (iddiaçının övladı) nevroloji problemi var. Bu alimentlə ailəni maddi cəhətdən təmin edə bilmir. Belə ki, iddiaçı sağlamlığındakı problemlərlə bağlı pensiya alır və kredit ödənişləri var. Krediti alimentin indeksasiya olunmasından əvvəl götürdüyü üçün vəziyyəti çətinləşmişdir. Cavabdeh özü müəllimdir, qazancı olur, tərəflərin qızının ödənişli təhsil almağı vacib deyil. İddiaçı 280 manatadək aliment ödəməyə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu 7-ci sinifdə məşğələyə gedir, onun məşğələləri üçün 250 manat ödəniş edir. Qızı tələbədir, ödənişli universitetdə oxuyur, onun təhsili üçün illik 3000 manat təhsil haqqı ödəyir. İddiaçı maddi və mənəvi cəhətdən uşaqlarla maraqlanmır. Bütün öhdəliklər cavabdehin üzərindədir. Həmçinin onun ödəməli olduğu kredit ödənişləri var. İddiaçının ailəli olduğunu bilir, lakin əvvəllər əlil deyildi. İddiaçının uşağının psixi xəstə olmasından xəbəri yoxdur. Alimentin miqdarı əvvəl 154 manat olmuş, hazırda isə 472 manat təşkil edir. Hər zaman iddiaçı tərəfindən aliment ödənilmişdir. Aliment məbləğinin 450 manata düşməsini qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -1 saylı Bakı “ASAN xidmət” xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X11 xx.xx.2012-ci ildə Kürdəmir rayonunda anadan olmuş, bu barədə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 505 nömrəli doğum akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. -AZ-İ 541129 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 304 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ 384749 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 213 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. -AZ-İV 679295 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5173 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası X12, atası İddiaçıdur. -AZ-İV 475644 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3201 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası X12, atası İddiaçıdur. -AR Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı yaşa görə 864.11 manat məbləğində pensiya təyin edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı "xxxx" MMC-də mühafizəçi kimi işləyir, rəsmi əməkhaqqı məbləği 400 manat təşkil edir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində müəllim kimi işləyir, rəsmi əməkhaqqı məbləği 1139.49 manat təşkil edir. -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-401/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay borclu İddiaçı tələbkar Cavabdeh ödənilməli olan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. -Sözügedən qərardadda istinad edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-401/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 306 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (Xəstəlik Tarixindən) xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, X7 “E11.8 - İnsulindən asılı olmayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla” diaqnozu qoyulmuşdur. -Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin hospitalının çıxarış epikrizlərdən görünür ki, X8 eksudativ perikardit, sağalma mərhələsi (İ31) və hepatoz (K76) diaqnozları qoyulmuşdur. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-401/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, onların birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X4 anasının (cavabdehin) himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Daha sonra cavabdehin məhkəməyə müraciəti əsasında həmin qətnamə ilə təyin edilmiş 154 manat məbləğində tutulan aliment Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən indeksasiya edilərək, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində, yəni 472 manat məbləğində müəyyən olunmuşdur. Hazırda iddiaçı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin indeksasiya edilməsi nəticəsində müəyyən edilən 472 manat məbləğində alimentin azaldılması, 246 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun: 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sözügedən qərarın 8.13-cü maddəsinə əsasən, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2026-cı il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat müəyyən edilmişdir. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçı ikinci dəfə ailə həyatı qurmuş, hazırda həyat yoldaşı və yeni evliliyindən dünyaya gəlmiş 2 övladı ilə birlikdə yaşayır. Həmçinin iddiaçı 400 manat məbləğində əmək haqqı, 864.11 manat məbləğində pensiya alır. İddiaçıya Eksudativ perikardit, sağalma mərhələsi (İ31) və Hepatoz (K76) diaqnozları, həyat yoldaşı X7 isə “E11.8 - İnsulindən asılı olmayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla” diaqnozu qoyulmuşdur. Aldığı əməkhaqqıdan 472 manat hissəsi aliment olaraq tutulduğundan qalan əmək haqqı ilə ailəsini saxlamaqda çətinlik çəkir. Bununla da məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının və hazırki yoldaşının xəstəliyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilən 472 manat məbləğində alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay 280 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin qeyd edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş 154 manat məbləğin sonradan qərardadla minumum əmək haqqına münasibətdə indeksasiya olunaraq 472 manat olması, aliment məbləğinin birdən-birə 3 dəfədən çox artması deməkdir ki, bu da iddiaçının maddi vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınmaqla ciddi maliyyə sıxıntısının yaranmasını qaçınılmaz edir. Məhkəmə qeyd edir ki, hazırda məhkəmələrə indeksasiya edilmiş aliment məbləğlərinin azaldılması ilə bağlı tələblər irəli sürülür. Hazırki iddia tələbi üzrə qanunvericiliyin tələbinə əsasən alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə alimentin indeksasiyası aparılmışdır ki, bu da hər ay üzrə 472 manat sabit pul məbləğində alimentin tutulması deməkdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. İddiaçının üzərinə qərardad əsasında 472 manat alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə iddiaçı vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 472 manat məbləğində alimentin tutulması mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, maddi və ailə vəziyyəti, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədəmüvafiq deyil. Belə ki, qanunvericiliyin müddəalarına uyğun olaraq, 2026-ci il üçün yaşayış minumumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıdan tutulan 472 manat aliment məbləğinin azaldılaraq, 280 manat məbləğində müəyyən edilməsi uşağın təminat səviyyəsinin azalmasına səbəb olmayacaqdır. Çünki 472 manat məbləğində aliment uşaqlar üçün müəyyən edilmiş 260 manat yaşayış minimumundan artıqdır. Həmçinin uşaq bu halda minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan da məhrum olmayacaq. Bununla da alimentin azalmasına baxmayaraq, yetkinlik yaşına çatmayan uşağın təminatının maksimal səviyyədə saxlanılması təmin olunacaq və alimentin azaldılması uşağın maddi vəziyyətinə də mənfi təsir göstərməyəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 1.2.5-ci bəndinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınının 8.14-cü bəndində “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, işin faktiki hallarını, xx.xx.2012-ci il təvəllüdlü X4 mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini, bundan əlavə iddiaçının və onun arvadının xəstəliyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək azaldılmalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı dəyişdirilməli, İddiaçı Cavabdeh xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.70 misli həddində sabit məbləğdə aliment tutulmalı və azaldılmış alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun yarısı, yəni 25 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, 25 manat hissəsi isə iddiaçı tərəfin özünə aid edilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.70 misli həddində sabit məbləğdə aliment tutularaq Cavabdeh ödənilməli, İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, həmçinin ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.70 misli həddində sabit məbləğdə aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddiaçı tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş 50 manat dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun, 25 manat hissəsi isə iddiaçı tərəfin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-6280/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6280/2025
05.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver