Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-662/2023 28.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 qarşı sığorta ödənişinin tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 3019 (üç min on doqquz) manat məbləğində pulun, 50.19 (əlli manat, on doqquz qəpik) məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) məbləğində xidmət haqqının, cəmi 3069,59 (üç min altmış doqquz manat, əlli doqquz qəpik) məbləğində pulun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsibə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda “VAZ 2101” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən idarə olunarkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Chery A 13” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Səbail RPİ DYPŞ-nin xx.xx.2012-ci il tarixli 9/15-3146 saylı müvafiq arayışına, № DYP 554734 saylı İnzibati xəta haqqında protokola və Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(009)-344/2012 saylı İnzibati xəta haqqında iş üzrə qərara əsasən, VAZ 2101” markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilərək AR İXM-nin 152.4-cü maddəsinə (həmin vaxtı qüvvədə olan) əsasən 180 (bir yüz səksən) manat məbləğində cərimə edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “Chery A 13” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar olaraq, iddiaçı tərəfindən 1049 (min qırx doqquz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh bugünə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə məktubla müraciət edərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 izahat verərək iddia tələbini qəbul etmədiyini, hadisənin 2012-ci ildə baş verdiyini, hazırda isə iddia ərizəsinin verilməsindən uzun müddətin keçdiyini və iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə təqdim etdiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Səbail RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən 01 may 2012-ci il tarixdə tərtib olunmuş DYP 554734 nömrəli inzibati xəta haqqında protokolun surətindən və Səbail rayon Məhkəməsinin 13 iyun 2012-ci il tarixli 3(009)-344/2012 saylı qərarının surətindən görünür ki, X5 01 may 2012-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ-2101” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bayıl qəsəbəsindən 20ci sahə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndinin tələbini pozaraq, sağa dönmə əməliyyatını düzgün aparmamış, nəticədə sağ tərəfdə eyni istiqamətdə hərəkət edən “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin tarixli qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsinə əsasən 180 manat cərimə edilmişdir. -Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil 9800 manat dəyərində "xxxx" ASC tərəfindən kasko sığortası qaydasında 03 oktyabr 2011-ci il saat 24:00-dan 03 oktyabr 2014-cü il saat 24:00-dək sığortalanmış, azadolma məbləği 500 manat müəyyən edilmişdir. -10 may 2012-ci il tarixli zərərin hesablanması aktından görünür ki, sığortalı X7 məxsus “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin dəyəri 1549 manat təşkil edir. - 05 iyun 2012-ci il tarixli 189/20**-CM-***/2012 nömrəli sığorta aktından görünür ki, 01 may 2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-2101” markalı **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobil digər avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması nəticəsində onunla toqquşmuş və maddi zərərə məruz qalmışdır. Texniki ekspertiza tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 1549 manat müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərdən MİB-2042/11 nömrəli sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla, 1049 manat təşkil edir. - 08 iyun 2012-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, MİB-2042/12 nömrəli sığorta şəhadətnaməsi üzrə 1049 manat sığorta ödənişi X10 tərəfindən tam olaraq alınmışdır. -AB Seriyalı 641495 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. -Bakı şəhəri 25 saylı notariat kontorunda 29 mart 2012-ci il tarixdə təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, X3 “VAZ-2101” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək hüququ ilə 15 avqust 2017-ci il tarixədək olan müddət üçün X2 vermişdir. -AA Seriyalı 655336 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X6 nəqliyyat vasitəsinin idarə etmək üçün “B” dərəcəsi vardır. -"xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış 26 avqust 2013-cü il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, onlar, həyata keçirilən 1049 manat sığorta ödənişinin ödənilməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq eksperizasının 27 yanvar 2020-ci il tarixli 31564 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən "xxxx" ASCnin 10 may 2012-ci il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2011-ci il buraxılışlı “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1549,00 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin qiyməti – 439,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1110,00 manat. - X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, baş vermiş yol-nəqliyyat hadisəsinin üzərindən 9 il keçməsinə əsasən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil kasko sığortası qaydasında "xxxx" ASC tərəfindən 03 oktyabr 2011-ci il saat 24:00-dan 03 oktyabr 2014-cü il saat 24:00-dək sığortalanmış, azadolma məbləği 500 manat müəyyən edilmişdir. Səbail RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən 01 may 2012-ci il tarixdə tərtib olunmuş DYP 554734 nömrəli inzibati xəta haqqında protokol əsasən X5 01 may 2012-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ-2101” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bayıl qəsəbəsindən 20-ci sahə istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndinin tələbini pozaraq, sağa dönmə əməliyyatını düzgün aparmamış, nəticədə sağ tərəfdə eyni istiqamətdə hərəkət edən “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin tarixli qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsinə əsasən 180 manat cərimə edilmişdir. 05 iyun 2012-ci il tarixli 189/20**-CM- ***/2012 nömrəli sığorta aktına əsasən texniki ekspertiza tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 1549 manat müəyyən edilmiş, sığorta ödənişi dəymiş zərərdən MİB- 2042/11 nömrəli sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla, 1049 manat təşkil etmişdir. 08 iyun 2012-ci il tarixli kassa məxaric orderinə əsasən 1049 manat sığorta ödənişi X10 tərəfindən tam olaraq alınmışdır. Hazırda iddiaçı "xxxx" ASC tərəfindən həmin sığorta ödənişinin əvəzinin tutulması ilə bağlı iddia qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nifuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (reqress tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X5 “VAZ-2101” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən mülki hüquq pozuntusu törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mülki hüquq pozuntusuna görə X5 məsuliyyət daşımalıdır. Cavabdeh X5 iddiaçı "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, cavabdeh X5 yüksək təhlükə mənbəyi olan “VAZ-2101” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla, yəni etibarnaməsi olmaqla idarə etmiş və həmin idarə etmə zamanı mülki hüquq pozuntusu törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla X1 istifadəsində olduğundan, həmin mənbənin vurduğu zərərə görə cavabdeh X1 özü məsuliyyət daşımalıdır. Sığorta ödənişinin məbləğində gəldikdə, məhkəmə qeyd edir ki, texniki ekspertiza tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 1549 manat müəyyən edilmiş, sığorta ödənişi dəymiş zərərdən MİB-2042/11 nömrəli sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla, 1049 manat təşkil etmişdir. İddiaçı tərəfindən də 1049 manat məbləğində sığorta ödənişinin əvəzinin tutulması tələb edilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sığortalı avtomobilin təmir-bərpa xərci 1549 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Bununla belə, işdən görünür ki, cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən 03 oktyabr 2011-ci il tarixdə sığortalanmış “Chery A 13” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sığorta hadisəsi 01 may 2012-ci il tarixdə baş vermiş, sığorta ödənişi 08 iyun 2012-ci il tarixdə X10 tərəfindən tam olaraq alınmışdır. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə ümumi iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd edilidiyi kimi, sığorta ödənişi 08 iyun 2012-ci il tarixdə yerinə yetirilmişdir. İddia müddətininaxımı həmin tarixdən başlanmışdı. İşdən görünür ki, "xxxx" ASC-nin hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddia müddətindən on ildən artıq vaxt keçdikdən sonra iddiaçı tərəf məhkəməyə müraciət etmişdir, bununla da iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə olan halda isə iddia əsaslı olmasına baxmayaraq, rədd edilməsi üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, dövlət rüsumunun ödənilməsi üçün tutulan 0,40 manat xidmət haqqının, 8 manat notariat xərcinin əvəzi iddiaçının özünə aid edilməli, habelə ekspertiza tədqiqatlarının keçirilməsinə sərf edilmiş cəmi 240 (iki yüz qırx) manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçirilməlidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının keçirilməsinə sərf edilmiş 120 (yüz iyirmi) manat məbləğində pul "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-662/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-662/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver