Məhkəmə qərarları › İş №e-2(012)-666/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-666/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-666/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün alimentin miqdarının artırılaraq həmin məbləğin cavabdehin əmək haqqına və digər gəlirlərinə yönəldilməsi, uşağın sosial təminatının yaxşılaşdırılması üçün hər ay X5 Azərbaycan Respublikasının 2023-cü il üçün qanununa əsasən uşaqlar üçün yaşayış minimumu hər ay üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə ailə quraraq, nikahılarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri normal olsa da sonradan baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. 2020-ci ildə aralarında olan nikah pozulmuş və buna dair müvafiq Şəhadətnamə alınmışdır. Cavabdehlə rəsmi nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün 160 manat aliment müəyyən edilmişdir. Bu məbləğlə uşağın saxlanılması çətinliklər yaradır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət etmiş və iddia tələbini dəqiqləşdirərək ,Cavabdeh ilə rəsmi nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin miqdarının artırılaraq Cavabdeh əmək haqqma və digər gəlirlərinə yönəldilərək 1/3 hissəsində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, iddia ərizəsinə dəqiqləşmə ərizəsində qeyd edilmiş aliment miqdarının cavabdehin əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi kimi sözlərini texniki səhv olaraq qəbul edib, 1/4 hissəsi kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq oğlu X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulan uşaqların saxlanılması üçün yaşayış minimumu olaraq müəyyən olunan məbləğdən artıq alimentin tutulması halında yaşayış münimumu meyarından yuxarı hissədəki məbləğin uşağın adına bank hesabı açılmaqla həmin hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-İİİ 520866 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 02 mart 2015-ci ildə X6 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-566/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2016 saylı, 03 iyun 2016-cı il tarixli qətnaməsi ilə 02 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 117 manat sabit pul məbləğində aliment miqdarı artırılması, 02 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentə görə pul cavadeh Cavabdeh alınaraq İddiaçı qızının xeyrinə tutulması, alimentin tutulmasının əvvəli hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)566/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minən vaxtdan hesablanması qət edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh “X7 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2383,75 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş 160 manat sabit aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, cavabdehin aylıq gəlir və qazancının ¼ hissəsi miqdarında artırılmasını tələb edir. Həmçinin tərəflərin birgə nikahı zamanı cavabdehin maddi durumunun hazırki əməkhaqqısından qat-qat aşağı olduğu məhkəmə iclası zamanı müəyyən edilmişdir. İşdən görünür ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 2383,75 manat təşkil edir. Həmçinin cavabdeh təyin olunacaq aliment məbləğinin yaşayış münimumu meyarından yuxarı hissədəki məbləğ uşağın adına bank hesabı açılmaqla həmin hesaba köçürülməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, aşağıdakı əsaslara görə cavabdehin ərizəsi qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə xx.xx.2023-cü il tarixli, 04/2023 saylı Qərardadının 20,21,22-ci bəndlərində göstərilir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Belə olan halda, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda, MPM-in 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən edərək, alimentin hansı hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməli olduğunu qətnamənin nəticə hissəsində göstərməlidir. Həmin Qərardadın 40-cı bəndində göstərilir ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Mülki-Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə birgə nikahdan doğulmuş Ümüd adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-566/2020 saylı qətnaməsi ilə 02 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 manat sabit pul məbləğində aliment artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin normasından göründüyü kimi, qanun norması alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək hüququnu valideynə verir. Məhkəmə hesab edir ki, hazırki qətnamə ilə təyin ediləcək aliment miqdarı kifayət qədər çoxdur. Habelə həmin miqdarın yarısı belə azyaşlı uşağın saxlanılması üçün kifayət qədər yetərlidir. Təyin edilən aliment miqdarının 50 faizlik hissəsinin azyaşlının gələcək perspektivləri üçün adına açılacaq bank hesabına köçürülməsi addımı uşağın mənafeyi baxımından diqqətəlayiqdir. Uşaq yetkinlik yaşına çatdıqdan sonra onun təhsili, həyat şəraitinin qurulması, cəmiyyətdə layiqli yer tutması üçün maliyyə vəsaiti ona kömək edilməsi üçün vasitədir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 72.32 manat məbləğində dövlət rüsumu (435.94 manat (cavabdehin əmək haqqısının ¼ hissəsi, yəni 595.94 manat - 160 manat) x 12 ay) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-566/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 02 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 02 mart 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin 50 faizi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X3 adına açılmış bank hesabına bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülsün. 72.32 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar