Məhkəmə qərarları › İş №e-2(012)-669/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-669/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-669/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pul vəsaitinin və 60,40 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “ZİL MMZ-45021” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş 4500 manatlıq zərəri aradan qaldıraraq, “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 500 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4000 manat sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və hadisə yerini tərk etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Abşeron rayon PŞ-nin İB-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasəsən HK-1/1004 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3 və 152.4-cü maddələrinin tərkib əlamətləri yarandığı üçün Cavabdeh barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Abşeron rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən müəyyən edilir ki, X1 məxsus “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə İddiaçı Sığorta ASC tərəfindən 3 il müddətinə ümumi sığorta məbləği 12560 manat olmaqla sığorta növü üzrə sığortalanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “ZİL MMZ-45021” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İşdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2014-cü il tarixli aktdan görünür ki, “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4500 manat zərər dəymişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, 007663 saylı sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 4000 manat məbləğində sığorta ödənişinin “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 ödənilməsi qərara alınmışdır. Bu barədə xx.xx.2014-cü il tarixli ödəniş tapşırığı verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1263 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Mübariz Aslanov tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktıındakı məlumatlara əsasən, 2008-ci il buraxılışlı, “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin 2014-cü ilin aprel ayına təmir-bərpa xərci 4130 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 3060 manat, təmir-bərpa işlərinin qiyməti 1070 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3465 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 2395 manat, təmir-bərpa işlərinin qiyməti 1070 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “ZİL MMZ-45021” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2014cü il tarixdə, saat 21:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsindən Qobu-Hökməli yolu ilə Abşeron rayonu, Hökməli qəsəbəsi istiqamətində hərəkət edərkən yolun Qobu qəsəbəsi Koroğlu küçəsindən keçən hissəsində hərəkət edərkən “Nissan Tiida” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və buna görə də barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat azadolma məbləği çıxılmaqla ümumilikdə 4000 manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 4000 manat zərər dəymişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği (aşınma tətbiq edilməklə) cəmi 3465 manat dəyərində müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh sığorta ödənişi üçün 3465 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 60,40 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 3465 manat və ödənilmiş dövlət rüsumuna görə 60,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar