Məhkəmə qərarları › İş №e-2(012)-6782/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6782/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6782/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay Abşeron Rayon Məhkəməsinin 8(012)- 544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2178/2021 saylı qətnaməsi ilə tutulan və xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli məbləğində indeksasiya olunması, mediasiya xərci olan 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(012)-5671/2017 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 cavabdehin yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər ay hər uşaq üçün 54 (əlli dörd) manat olmaqla, cəmi 108 (yüz səkkiz) manat sabit pul məbləğində aliment cavabdehin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnaməni aliment tələbi hissəsində mübahisələndirərək, apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2178/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, lakin yanlışlıqla qərarda xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.” yazılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2178/2021 saylı qərardadı ilə yanlışlıq düzəldilmiş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.” Sözlərinin “xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması kimi oxunulması” qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)- 2178/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,7 misli həddində sabit pul məbləğinə indeksasiya olunmuşdur.Hal-hazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 400 manatdır, minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunmuş aliment məbləği isə 280 manat təşkil edir və 2 uşağa görə aliment ödədiyindən bu məbləğ hər ay üzrə ümumilikdə 560 manatdır. Göründüyü kimi, indeksasiya olunduqdan sonrakı aliment məbləği onun əvvəllər ödədiyi aliment məbləği ilə müqayisədə hər uşağa görə 100 manatdan çox artmışdır və ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının davamlı olaraq artması nəzərə alınarsa, aliment məbləğinin gələcəkdə daha da artacağı təkzib olunmazdır. Hal-hazırda indeksasiya olunmuş aliment məbləğini ödəməyə onun maddi imkanı yol vermir. Belə ki,aylıq gəliri 580 manatdır, əlavə qazancı yoxdur. Həmçinin hazırda kommunal xidmətlərin, gündəlik tələbat və ərzaq məhsullarının qiymətləri yüksəkdir və bahalaşmaqda davam edir ki, bu da gündəlik dolanışıq üçün daha çox pul tələb edir. Aliment məbləğinin birdən-birə hər uşağa görə 100 manatdan çox artması isə iddiaçının vəziyyətini daha da ağırlaşdırır. Həmçinin əgər iddiaçı övladlarının maddi vəziyyətini düşünməsəydi Abşeron Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(012)-5671/2017 saylı qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 54 manat aliment məbləğinin qaldırılaraq hər uşaq üçün 175 manat müəyyən edilməsi üçün apellyasiya şikayəti verməzdi. Qeyd olunanlardan dolayı aliment məbləğinin azaldılması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə görə iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bununla belə, məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2178/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,7 misli həddində sabit pul məbləğinə indeksasiya olunmuşdur. İddiaçı tələbini halhazırda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 400 manat olması, minimum əmək haqqının 0.7 misli həddində indeksasiya olunmuş aliment məbləğinin isə 280 manat təşkil etməsi, 2 uşağa görə aliment ödədiyindən bu məbləğin hər ay üzrə ümumilikdə 560 manat olacağı, indeksasiya olunduqdan sonrakı aliment məbləğinin əvvəllər ödədiyi aliment məbləği ilə müqayisədə hər uşağa görə 100 manatdan çox artması, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının davamlı olaraq artması nəzərə alınarsa, aliment məbləğinin gələcəkdə daha da artacağı, hal-hazırda indeksasiya olunmuş aliment məbləğini ödəməyə maddi imkanının olmaması, aylıq gəlirinin 580 manat olması, əlavə qazancının olmaması, hazırda kommunal xidmətlərin, gündəlik tələbat və ərzaq məhsullarının qiymətlərinin yüksək olması, bahalaşmanın davam etməsinin gündəlik dolanışıq üçün daha çox pul tələb etdiyi, aliment məbləğinin birdən-birə hər uşağa görə 100 manatdan çox artmasının onun vəziyyətini daha da ağırlaşdırması ilə əsaslandırmış, lakin tələbinin əsaslandırdığı hallara dair sübutları iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı kommunal xidmətlərin, gündəlik tələbat və ərzaq məhsullarının qiymətlərinin yüksək olması, bahalaşmanın davam etməsinin gündəlik dolanışıq üçün daha çox pul tələb etdiyini göstərir. Ancaq həmin bahalaşmanın eyni ölkədə yaşayan uşaqlara da təsir etdiyini nəzərə almır. Həmçinin uşaqların təhsili ilə bağlı da xərcləri günbəgün artır. İddiaçı yenidən ailə qurmamışdır və himayəsində başqa nikahdan uşaqları yoxdur. Faktiki nikahda olduğunu göstərən iddiaçı bu barədə hər hansı mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Alimentin indeksasiya olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyidir və bütün məhkəmələr üçün məcburidir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq,iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 8(012)-544/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2178/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 175 manat alimentin məbləğinin xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə qərardadı ilə müəyyən edilən alimentin məbləğinə (ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddi) təsir edə biləcək iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının azaldılmasını xahiş etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə ilkin qətnamənin qəbul edilməsindən 4 ildən artıq müddət keçdikdən sonra həmin qətnamə üzrə qəbul edilmiş aliment məbləği iddiaçının maddi vəziyyəti nəzərə alınmadan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması onun ailə və maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin məbləğinə münasibətdə vəziyyətini ağırlaşmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğlərini və yetkinlik yaşına çatmayan uşaqlar üçün 246 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 8(012)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 8(012)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar