Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-798/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh və onun vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh rəsmi nikahda deyildirlər və qeyri-rəsmi nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Artıq uzun müddətdir ki, cavabdeh ilə aralarındakı münasibətlər pozulmuşdur. Övladları azyaşlı olduğundan cavabdeh ilə qalması mümkünsüzdür. Hal-hazırda övladları onunla birlikdə yaşayırlar. Uşaqları azyaşlı olduğundan və onunla qalmaları uşaqların mənafeyinə zidd olmadığından anası ilə qalmaları daha qanunidir və məqsədə uyğundur. Qeyd etmək lazımdır ki, qanunla müəyyən edilmiş qaydada aliment hesablandıqda alimentin miqdarı cüzi olarsa, məhkəmə aliment ödəyicisinin imkanlarını nəzərə alaraq aliment miqdarını ağlabatan miqdarda artıra bilər. Bu zaman valideynin qeyri-rəsmi əldə etdiyi gəlirləri də nəzərə alınır. Aliment ödəyən valideynin qazancı müntəzəm olmadıqda və yaxud onun qazancını müəyyən etmək mümkün olmadıqda və s. bu hallarda sabit məbləğdə tutmaq zərurəti yaranır. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsinin məzmunu qanunvericilikdə konkretləşdirilməmişdir. Belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyacları təmin etmək daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilmişdir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından,əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən olunmuşdur. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi uşaqların doğulduğu vaxtdan əmələ gələrək onlar yetkinlik yaşına çatana kimi davam edir. Hesab edir ki, cavabdeh övladlarının normal böyüməsi üçün onlara qayğı göstərməli, onların bütün ehtiyaclarını ödəməlidir. Bu cavabdehin həm atalıq borcudur, həm də qanunun birmənalı tələbidir. Buna görə də hesab edir ki, iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan övladlarımızın saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmalıdır. Əlavə olaraq bildirir ki, Cavabdeh rəsmi olaraq 300 manat məbləğində maaş alsa da maaşına əlavə gəlirlər də əldə edir. Hazırda cavabdeh “TİR” sürücüsü kimi günə 15 manat qazanır. İddia tələbində övladlarının saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etməsinə baxmayaraq cavabdehin aliment olaraq hər ay hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment ödəməsi halı onu qane edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, məhkəməyə təqdim edilmiş arayışdan da göründüyü kimi o, 522 manat məbləğində maaş alır və İddiaçı tələb etdiyi aliment məbləğini ödəmək üçün onun maddi imkanı kifayət etmir. Buna baxmayaraq o, övladları - xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X9 cavabdehin izahatına əlavə olaraq bildirdi ki, Cavabdeh 15 oktyabr 2021-ci il tarixdən fəhlə işləyir və cəmi 522 manat məbləğində əmək haqqı alır. İddiaçı qeyd etdiklərindən fərqli olaraq, cavabdehin əlavə gəlirləri yoxdur və gəliri qeyd edilən məbləğdən ibarət olduğundan cavabdehin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı kifayət etmir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 360642 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 18 avqust 2018-ci ildə İddiaçı doğulmuş X5 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 21 № ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 260655 saylı doğum haqqında şəhadətnamənin və AA5648998 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 18 avqust 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 408193 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 12 sentyabr 2021-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 62 № ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 613895 saylı doğum haqqında şəhadətnamənin və AA5200730 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 12 sentyabr 2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli, 02 nömrəli arayışdan görünür ki, Cavabdeh X12 ilə 15 oktyabr 2021-ci il tarixindən bu günə kimi əmək müqaviləsi əsasında fəhlə işləyir. Hal-hazırda ştat cədvəlinə uyğun əmək haqqı məbləği 522 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini, həmçinin cavabdehin aliment ödəməyə maddi cəhətdən imkanının olması barədə sübutlar müəyyən olunmadığını və uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, 18 avqust 2018-ci il təvəllüdlü X8 və 12 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2024-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq 18 avqust 2018-ci il təvəllüdlü X8 və 12 sentyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-798/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-798/2025
31.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver