Məhkəmə qərarları › İş №e-2(013)-1155/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1155/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1155/2025 25.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə 25 iyun 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq əldən çıxmış fayda illik beş faiz hesablanaraq həmin pulun, ödənilmiş dövlət rüsumu əvəzində 60 manat və hüquqi xidmət üçün ödənilmiş məbləğ əvəzində 320 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər iki cavabdeh 2020-ci ildə iddiaçıdan 10 gün müddətə qaytarmaq şərti ilə 10000 manat almışlar. Cavabdehlər aldıqları pulun 4000 manat hisəsini bir il keçdikdən sonra qaytarmışlar. Sonra cavabdehlər iddiaçıya 2100 manat qaytarmış və 3900 manat borclu qalmışlar. Cavabdeh1 Bərdə Rayon Polis Şöbəsinə izahat verərkən oğlu Cavabdeh2 iddiaçıdan 10000 manat borc aldığını etiraf etmişdir. İddiaçı dəfələrlə pulunu cavabdehlərdən tələb etsə də geri ala bilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmş qaydada məhkəməy ərizə təqdim etməklə iddia tələbinin həcmini azaldaraq Cavabdeh1 və Cavabdeh2 3900 manat, ödənilmiş dövlət rüsumu əvəzində 60 manat və hüquqi xidmət üçün ödənilmiş məbləğ əvəzində 320 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin olunmasını xahiş etişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan təkrarən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdehlər arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehlərə 10000 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı məbləğin 3900 manat hissəsini qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İş materiallarında olan cavabdehlərin Bərdə rayon Polis Şöbəsinə yazdıqları izahatların surətindən görünür ki, onlar iddiaçıdan 10000 manat borc aldıqlarını etiraf etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. İş materiallarından görünür ki, iddiaçı hazırki mülki işin hazırlanması üçün fərdi fəaliyyət göstərən vəkil Nümayəndə hesabına 320 manat ödəmişdir. Göründüyü kimi iddiaçı tərəf mülki işin hazırlanması üçün hüquqi yardım almağa görə 320 manat xərc çəkmişdir. Məhkəmə hüquqi yardım üçün çəkilmiş xərclərə görə 320 manat məbləği ağlabatan hesab edərək tələbin həmin hissəsinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehlərdən müştərək qaydada 60 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borc müqaviləsinə görə 3900 manat, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərclərə görə 320 manat və ödənilmiş dövlət rüsumu əvəzində 60 manat – cəmi 4280 (dörd min iki yüz səksən) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar