Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-170/2025 27.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi tələbi barədə mülki işə 27 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə 4 saylı Bakı “Asan Xidmət” X3 2636 nömrəli aktla rəsmiləşən nikahla Cavabdeh ilə evlənmiş, birgə nikahdan xx.xx.2016-cı ildə Onur və xx.xx.2019-cu ildə Sənan adlı uşaqları olmuşdur. İlk vaxtlar mehriban yaşasalar da sonradan Cavabdeh ona qarşı münasibətinin tamam deyişdiyini, ailənin dağılmaması üçün cəht etsədə heç bir nəticə vermədiyini, cavabdehin ona xəyanət etdiyini və bunu özünün etiraf etdiyini, bununla bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət etdiyini və araşdırılma aparıldığını, bu səbəbdən uşaqların cavabdehin himayəsində qalmasına razı olmadığını qeyd etməklə Cavabdeh ilə arasında xx.xx.2015-ci ildə 4 saylı Bakı “Asan Xidmət” X3 2636 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2016-cı ildə Onur və xx.xx.2019-cu ildə Sənan adlı uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh əxlaqsız hərəkətləri barədə fotoşəkil və videoçəkilişlər mövcuddur, həmçinin bu barədə polis idarəsində araşdırma aparılır. Türkan dəfələrlə Seymura xəyanət edərək Ramil və Ülvi adlı şəxslərlə münasibətdə olmuşdur. Türkan Mhdiyevanın uşaqlarını tərbiyə edəcək durumda olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ona xəyanət etdikdən sonra 2024-cü ilin oktyabr ayında sonuncunun atası gələrək Türkanı və Sənan adlı uşağı aparmışdır. Təxminən iki ay bundan əvvəl Sənan adlı uşağı onun yanına gəlmişdir. Hazırda hər iki uşağının onunla birlikdə yaşadıqlarını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi qismində məhkəmədə izahat verən T.S.Süleymanov iddianı qismən, yəni nikahın pozulmasına dair hissədə etiraf edərək göstrmişdir ki, uşaqların anasından ayrılmaları üçün müstəsna hal yoxdur. İddiaçının götərdiyi dəlillər uşaqların anasından ayrılmasına əsas vermir. Uşaqların azyaşlı olduğu üçün ana nəvazişinə daha çox ehtiyacının olduğunu nəzərə alaraq iddianın qismən təmin edilməklə Onur və Sənan adlı uşaqların atasından alınaraq anasına verilməsini xahiş etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qismində məhkəmədə izahat verən T.Q.Tanrıverdiyev xx.xx.2016-cı ildə anadan olmuş Onur və xx.xx.2019-cu ildə anadan olmuş Sənan adlı uşaqların anası Cavabdeh himayəsində qalmasının məqsədə müvafiq olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə baxışında məsələnin həlli zamanı fikrini bildirən xx.xx.2016-cı ildə anadan olmuş X6 atası İddiaçı himayəsində qalmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə baxışında məsələnin həlli zamanı fikrini bildirən xx.xx.2019-cu ildə anadan olmuş X4 atası İddiaçı himayəsində qalmaq istədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 078581 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2015-ci ildə 4 saylı Bakı «Asan Xidmət» X3 2636 nömrə ilə qeydə alınmışdır. AZ-İİİ № 870296 saylı və AZ-İV № 322756 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı ildə Onur və xx.xx.2019cu ildə Sənan adlı uşaqları olmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli 5-31/2/1-01/2024 saylı rəyindən görünür ki, həmin orqan xx.xx.2016-cı ildə anadan olmuş Onur və xx.xx.2019-cu ildə anadan olmuş Sənan adlı uşaqların azyaşlı olmasını və ana nəvazişinə daha çox ehtiyacı olmasını nəzərə alaraq anası Cavabdeh himayəsində qalmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, tərəflər arasında ər-arvad münasibətləri pozulmuş və ailənin bərpası mümkün olmadığından onlar arasında olan nikah məhkəmə qaydasında pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Bütün bunlarla yanaşı cavabdeh T.T.Mhdiyeva məhkəməyə verdiyi etrazında iddianın nikahın pozulmasına dair hissəsini etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla məlum olduğu kimi tərəflərin birgə nikahından xx.xx.2016-cı ildə Onur və xx.xx.2019-cu ildə Sənan adlı uşaqları olmuşdur. Tərəflər faktiki olara 2024-cü ilin oktyabr ayında ayrılmışlar. Həmin vaxt Onur atasının, Sənan isə anasının yanında qalmışdır. Təxminən iki ay bundan əvvəl Sənan adlı uşaq da atasının yanına getmişdir. Beləliklə hazırda hər iki uşaq atası ilə birlikdə yaşayır. Sənan və Onur adlı uşaqlar məhkəmədə fikir bildirərkən atasının himayəsində qalmaq istədiklərini bildirmişdir. Məhkəmə belə hesab edir ki, uşaqlar atasının təsiri nəticəsində sonuncunun yanında qalmaq istədiklərini bildirmişlər. Belə olan halda hər iki uşağın atasının yanında qalmaq istəmələri barədə fikirləri onların hüquq və mənafeyinə ziddir. Hər iki uşağın hüquq və mənafeyini, onların bir-birinə olan bağlılığını, inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını, qardaşların bir-birindən ayrı düşmələrinin mənəvi inkişafına, psixi və fiziki sağlamlığına xələl yetirə biləcəyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, hər iki uşaq atasından alınaraq yetkinlik yaşına çatana qədər anasının yanından saxlanılmadır. Müstəsna şərait olmadığından Onur və Sənan adlı uşaqlar anasından ayrılmamalı və onların anasından ayrılmaları Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə ziddir. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir – azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsində göstərilmişdir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsində göstərilmişdir ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquq aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir – azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73.1-ci maddəsində nəzərdə tutulmuş qaydada işə cəlb edilmiş Ağdam Rayon İcra Hakimiyyəti aparatı yanında Qəyyumluq və Himayəçilik Orqanı həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəməyə rəy təqdim etmiş, Onur və Sənan adlı uşaqların azyaşlı olduqları üçün ana nəvazişinə daha çox ehtiyacının olduğundan Cavabdeh himayəsinə verilməsini məqsədə müvafiq hesab etmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016- ci il tarixli Qərarının 7.4-cü bəndində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, iddiaçının gəlirləri barədə tərəflərin sübut təqdim etməmələrini nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü İddiaçı Onur və Sənan adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilmişdir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçıdan 63,20 manat dövlət rüsumu tutulmalıdır. Tərəflər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22-ci maddəsində qeyd edilən digər mübahisələr barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmədiklərindən, nikahın pozulması zamanı həmin məsələlərin həlli mümkün olmamışdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci ildə 4 saylı Bakı «Asan Xidmət» X3 2636 nömrə ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2016-cı ildə anadan olmuş Onur və xx.xx.2019-cu ildə anadan olmuş Sənan adlı uşaqlar atası İddiaçı alınaraq anası Cavabdeh verilsinlər. xx.xx.2016-cı ildə anadan olmuş Onur və xx.xx.2019-cu ildə anadan olmuş Sənan adlı uşaqlar yetkinlik yaşına çatana qədər anası Cavabdeh himayəsində saxlanılsın. xx.xx.2016-cı ildə anadan olmuş Onur və xx.xx.2019-cu ildə anadan olmuş Sənan adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli Onur və Sənan adlı uşaqların atası İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verildiyi vaxtdan hesablansın. İddiaçı 63,20 manat dövlət rüsumu tutulsun. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-170/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-170/2025
27.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver