Məhkəmə qərarları › İş №e-2(013)-1912/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1912/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1912/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra- İddiaçı MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 32 manat, Cavabdeh1 613 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2022-ci il tarixli MAS-4907 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən, 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl edilməmişdir. Bununla əlaqədar olaraq İddiaçı MMC tərəfindən Ağdam Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 15 fevral 2023-cü il tarixli, 2(013)-623/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ümumilikdə 4165.39 manat borcun İddiaçı MMC-nin xeyirinə tutulması qət edilmişdir. “Khazar SD” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən BNA ******* saylı protokola görə 32 manat, Cavabdeh1 tərəfindən idarə olunarkən inzibati xəta ilə əlaqədar EQ 12335965 saylı protokola görə 36 manat, EQ 12291031 saylı protokola görə 9 manat, EQ 10439335 saylı protokola görə 45 manat, EQ 10439336 saylı protokola görə 9 manat, EQ 10439337 saylı protokola görə 9 manat, EQ 10439338 saylı protokola görə 45 manat, EQ 10439342 saylı protokola görə 45 manat, EQ 10439341 saylı protokola görə 45 manat, EQ 10439339 saylı protokola görə 45 manat, EQ 10439343 saylı protokola görə 36 manat, EQ 10439344 saylı protokola görə 9 manat, EQ 10439345 saylı protokola görə 9 manat, İXP ******* saylı protokola görə 64 manat, EQ 10206129 saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, EQ ******* saylı protokola görə 18 manat, EQ ******* saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 36 manat, BNA ******* saylı protokola görə 18 manat, ümumilikdə 613 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1912/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-nin direktoru R.A.İsmayılovdan məhkəməyə elektron ərizə dəxil olmuş və həmin ərizəsində qeyd olunan iddia ərizəsi üzrə mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Mərkəzi X1 qəbzələrindən görünür ki, EQ 12335965 saylı protokola görə 36 manat, EQ 12291031 saylı protokola görə 9 manat, EQ 10439335 saylı protokola görə 45 manat cərimələri Cavabdeh1 adlı şəxs, digər ödənişləri isə, adları məlum olmayan şəxslər ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh2 32 manat, Cavabdeh1 613 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nə aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar