Məhkəmə qərarları › İş №e-2(014)-1156/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1156/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1156/2024 16.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X13 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş övladları 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılmaları üçün Ağdaş rayon Məhkəməsinin 2(014)-55/2024 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşaqların 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, mediasiya işi üzrə ödəmiş olduğu 50 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün ataları Cavabdeh 03 iyul 2017-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra keçən müddətdə uşaqlar böyümüşdür. Onların sağlam böyümələri, təhsil və mütəmadi olaraq müayinə və müalicələri üçün gündəlik tələbatları xeyli artmışdır. Uşaqların tələbatlarını ödəmək üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin miqdarı az olduğundan uşaqların saxlanılmasında, yəni sağlam böyüməsində, qidalanmasında, təhsilində və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında, eləcə də şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq işləməsinə və gəlirinin yüksək olmasına baxmayaraq hər ay 180 manatı dəfələrlə tələb etdikdən sonra ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bununla da o, uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün bir valideyn kimi könüllü əlavə yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması ilə bağlı Mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sesiyasında iştirak etmədiyinə və alimentin artırılmasına münasibətini bildirmədiyinə görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Hüseyinova Əskinaz tərəfindən qaldırılan məsələ heç də doğru deyil. O, aliment borcuna görə üç dəfə inzibati qaydada tutulmuşdur. Rəsmi iş yeri yoxdur. Özü hal-hazırda işləmir və xəstədir. Lakin buna baxmayaraq atasının köməkliyi ilə ayda 200 manat aliment verir. Hüseynova Əskinaz uşaqların sağlam böyüməsi üçün ödənilən alimentin artırılmasını xahiş etmişdir. Lakin 2019-cu ildə uşaqlar koronaya yoluxmuşlar. Valideynləri olmasa idi uşaqlar həyatda yox idi. Onun artıq məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. İyul ayında X5 4700 manat pul verilib. Uşaqların hər tələbatını indiyə kimi özü qarşılayır. Verilən pullar uşaqlara xərclənmir. Hüseynova Əskinaz uşaqlardan istifadə edir. Odur ki, qeyd olunanların nəzərə alınıb alimentin artırılmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdehlə aralarında qeydə alınmış nikah 2018-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuş və həmin qətnamə ilə uşaqlar özünün yanında saxlanılmış və bir uşaq üçün 90 manat, cəmi 180 manat məbləğində alimentin Valehdən alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Lakin Cavabdeh alimenti ödəməkdən yanındığı üçün inzibati qaydada həbs olunduqdan sonra aliment borcunu ödəmişdir. Daha sonra hər ay 200 manat aliment ödəyir. Uşaqlar böyüyür, məktəbə gedirlər və dərslərini yaxşı oxuyurlar. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Lakin özü işləməsinə baxmayaraq uşaqların tələbatlarını tam qarşılaya bilmir. Qeyd olunanların nəzərə alınıb, uşaqların daha yaxşı təhsil almaları, daha yaxşı şəraitdə yaşamaları üçün alimentin miqdarının artırılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyir. Uşaqların geyimlərini belə valideynləri alır və bütün xərclərini özləri qarşılayırlar. Verilən aliment uşaqların ehtiyacları üçün deyil, anaları tərəfindən öz tələbatlarını qarşılmaq üçün istifadə edilir. Odur ki, qeyd olunanları nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayonu Binələr kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2012-ci il tarixli, AZ-İİ № 984572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04 oktyabr 2012-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Ağdaş rayonu Binələr kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2014-cü il tarixli, AZ-İİİ № 249648 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31 dekabr 2013-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Ağdaş rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(014)-55/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş RİHB-nin Ləki qəsəbəsi İƏD üzrə nümayəndəliyində 06 avqust 2011-ci il tarixdə 26 nömrə ilə qeydə alınmış nikahın pozulması, 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 anaları X2 yanında saxlanılmaları, 19 mart 1991-ci il tarixdə Ağdaş rayonu, Güvəkənd kəndində doğulmuş, Binələr kəndində yaşayan Cavabdeh 03 iyul 2017-ci il tarixdən başlayaraq 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatana qədər onların saxlanılması üçün X2 xeyrinə hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat alimentin tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qətnamənin aliment tələbinə dair hissəsinin dərhal icra edilməsinə dair yekun qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 iyul 2024-cü il tarixli arayışından görünür ki, “alimentin miqdarının artırılması tələbi”-nin mübahisələndirilməsi üzrə 09 iyul 2024-cü il tarixdə saat 10:00-da keçirilmiş mediasiya prosesində İddiaçı vəkili və nümayəndəsi X11 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli, 3-17-7/2-Ş-37925/2024 saylı arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən 02 sentyabr 2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. MRT müayinənin protokolundan görünür ki, Cavabdeh 22 avqust 2024-cü il tarixli Baş beyin MRT müayinəsindən keçmiş və beynin hər iki yarımkürəsində təpə paylarda korona radiata proyeksiyasında millimetrlik gliotik ocaqlar aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X10 doğulmuş, Ağdaş rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(014)-55/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 03 iyul 2017-ci il tarixdən başlayaraq 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 90 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə, uşaqların mənafeyini, onlarla bağlı olan məsrəfləri, uşaqların saxlanılması üçün cavabdehdən 180 manat miqdarında alimentin tutulmasını hazırki dövrdə kifayət etməməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, uşaqların mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin təmin edilməsi baxımından alimentin məbləği artırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, eyni zamanda X6 keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti, artırılan hissəyə nisbətdə 1440 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 34,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 23 iyul 2024-cü il tarixdən başlayaraq 04 oktyabr 2012-ci il təvəllüdlü X9 və 31 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. X6 keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar