Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1254/2025 07.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi, Cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X18 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X22 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X22 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 iddiaçının xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2019-cu il tarixli 2549-K nömrəli əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə həkim mamaginekoloq vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq və digər təşkilatisərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəli”nə uyğun olaraq xx.xx.2022-ci il tarixdə növbədə olduğu müddət ərzində həmin gün saat 06:15 radələrində “37-38 həftəlik hamiləlik, inkişafdan qalmış hamiləlik” diaqnozu il Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş İddiaçı doğum prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib icra edilmiş fizioloji doğuş prosesini səhiyyə sistemində qüvvədə olan protokollara uyğun aparmamış, İddiaçı doğum şöbəsinə daxil olduqdan sonra heç bir laborator-instrumental müayinələr və doğuş prosesi zamanı bətndaxili hipoksiyadan əziyyət çəkmiş yenidoğulmuşun vəziyyətindəki ağırlaşmalara qarşı tədbirlər icra etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan İddiaçı yenidoğulmuş kişi cinsli uşağının xx.xx.2022-ci il tarixdə bətndaxili hipoksiyanın postnatalasfiksiyaya keçməsi nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Hadisə nəticəsində İddiaçı tərəfindən yenidoğulmuş uşaq ölmüşdür. Vəfat etmiş uşaq kişi cinsli olmuşdur, Bağıyevlər ailəsinin ilk övladı olacaqdı və həmin uşaq bu hadisə nəticəsində gözünü dünyaya açan kimi həkimin törətmiş olduğu cinayət əməli nəticəsində ölmüşdür. Hadisə nəticəsində iddiaçı hesab edir ki, ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. İddiaçı 2021-ci ildən X12 ilə qeyri-rəsmi ailə quraraq Ağdaş rayonunda faktiki ər-arvad münasibətində yaşamışdır. Bu evlilikdən olacaq ilk övladı Ağdaş rayon mərkəzi xəstəxanasının törətmiş olduğu cinayət nəticəsində ölmüşdür. 12 dekabr 2022-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası”nda yeni doğulmuş kişi cinsli övladının ölümü ona böyük zərbə olmuşdur. Elə ağır zərbə olmuşdur ki, hadisədən sonra hələ də özünə gələ bilməmişdir. Aylarla doğulacaq olan övladını gözləmiş, uşağı ilə bağlı xəyallar qurmuşdur. Yeni doğulacaq uşağı üçün hədiyyələr seçmiş, paltarlar almış və hətta onun üçün otaq belə hazırlamışdır. Həmin hadisə İddiaçı yeni doğulmuş kişi cinsli övladının itkisi ona mənəvi iztirablar verir. Həmin hadisə həyatının sonuna qədər onda sağalmayacaq dərin izlər buraxmışdır. Yeni doğulmuş övladının ölüm səbəbi “Ağdaş Rayon Mərkəzi X11 Şəxsin əmədaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 əməkdaşı, həkim X1 etməsəydi, öz işinə vicdansız və ya laqeyd münasibət bəsləməsəydi, öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, övladını, puç olan xəyallarını, arzularını, həyat eşqini heç kəs heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsaydı övladı halhazırda həyatda olardı və o, da bir ana kimi həyatına davam edərdi. Bundan sonra aidiyyəti şəxslər işinə, vəzifəsinə daha vicdanla, diqqətlə yanaşsalar hesab edir ki, onun başına gələnlər daha heç bir qadının başına gəlməz. İddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (yüz iyirmi beş) manat pul ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə məlumat vermədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 06 noyabr 2025-ci il tarixdə ərizə verərək bildirmişdir ki, İddiaçı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 əməkdaşlarının törətdiyi cinayət əməlinə görə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 iddiaçının xeyrinə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (yüz iyirmi beş) manat, ümumilikdə 99125 (doxsan doqquz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 388 (üç yüz səksən səkkiz ) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, iddiaçının mərhum körpəsi bu hadisə nəticəsində dünyasını dəyişib. Yeni doğulmuş körpənin özüdə oğlan övladının həkim səhlənkarlığı və ya həkim təqsiri nəticəsində itirən ana son dərəcə ağır psixoloji və emosional sarsıntı yaşayır. Uşağını itirmək anada həyatının mənasını itirmək kimi qəbul olunur. Ana körpənin ölümünü qəbul etməkdə çətinlik çəkir. Körpə ölümü anada həkimlərə, tibb müəsisələrinə hətta özünə qarşı da qəzəb hissi yaradıb. Körpənin ölümü anada analıq instinktinin zədələnməsinə gətirib çıxardıb. Körpə oğlunu itirən ana yenidən oğul anası dünyaya gətirmək istəsə də bu mümkün olmamış onun qız övladı dünyaya gəlmiş və bu halda onu daha da ağır sarsıntı keçirməsinə səbəb olmuşdur. Bildirmək istəyir ki, bir ana üçün körpəsinin ölməsi ürəkdağlayan emosional itkidir. Övlad itkisi xüsusilə də hər hansı bir şəxsin təqsiri ucbatından baş verdikdə anada güclü haqsızlıq və etimadın sarsılması hissi yaradır. Körpənin ölümü anada gələcək planlarının, oğluna bağlı xəyalların puç olması, mənəvi boşluq və həyatdan zövq ala bilməmə kimi nəticələrə gətirib çıxardır. Bir körpə övladın faciyəvi şəkildə ölümü bir ana üçün həm şəxsi həmdə ictimai ədalət hissinə ağır zərbədir. Bu cür hallar mənəvi zərərin ən yüksək dərəcələrindən biri kimi hesab olunur. Körpənin ölüm səbəbi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 əməkdaşlarının törətdiyi cinayət əməlinə görədir. Əgər cavabdeh “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 əməkdaşları öz işinə vicdanla, məsuliyyətlə yanaşsaydılar bu faciə baş verməyəcəkdi. Ona görə də, bu ziyan cavabdeh tərəfindən ödənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3.Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1.Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hörmətli Məhkəmə Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Buradan da açıq aşkar görsənir ki, hadisə nəticəsində dünyasını dəyişən körpə iddiaçının övladıdır. Bunun özüdə qohumluq əlaqəsinin ən yüksək dərəcəsidir. İddia tələblərini tam olaraq müdafiə edirlər. Ərizədə göstərdiklərini məhkəmə çıxışı kimi qəbul edilməsini və iştirakları olmadan mülki işə baxıb iddia tələbinin tam təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi .əxsin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, iddia xəstaxanaya qarşı deyil təqsiri müəyyən edilmiş həkimlər qarşı qaldırılmalı idi. Bununla yanaşı tərəflər arasında cinayət işinin məhkəmə baxışı zamanı barışıq əldə olunmuş, iddiaçı tərəf məhkəməyə barışıq ərizəsini təqdim etmişdir. Həmin ərizədə iddiaçının təqsirləndirilən şəxslərdən heç bir şikayət və təələbinin olmadığını bildirmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X7 və X5 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Bildirir ki, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbi yoxdur. Ailələrinin dolanışığını təmin etmək üçün hal-hazırda Bakı şəhərində yaşayır. Hər dəfə Ağdaş rayonuna gəlib-getmək üçün yol xərci çəkməli olur. Lakin maddi imkanı olmadığı üçün bunu edə bilmir. Bu da öz növbəsində onun maddi imkanını daha da aşağı edir. Bütün qeyd etdiklərini nəzərə alaraq, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxslər X7 və X8 cəza təyin edərkən onlardan şikayət və tələbinin olmamasını nəzərə almaqlarını bildirib onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, həkim X7 haqqında şikayətçi deyildir. Onun bu ərizəsini nəzərə alaraq, növbəti məhkəmənin onsuz keçirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsi 11 yanvar 2024-cü il tarixli 1(014)-5/2024 saylı hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuş, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdi. Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 07 may 2024-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Əliyeva (Xəlilova) Rahilə Fazil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsi 11 yanvar 2024-cü il tarixli 1(014)-5/2024 saylı hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstərişlərdən görünür ki, Əliyeva (Xəlilova) Rahilə Fazil qızının və X3 barələrində olan cəzalar 09 iyul 2024-cü il tarixdə icraya yönəldilmişdir. Portaldan əldə olunmuş məlumatdan görünür ki, 31 may 2024-cü il tarixdə Gülşən X2 adlı övladı dünyaya gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 459.3-cü maddəsinə əsasən zərərçəkən müalicə xərclərini qabaqcadan tələb edə bilər. Yeni peşəyə yiyələnmək zərurəti yarandıqda da eyni qayda qüvvədə olur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının 24-cü bəndinə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 25-ci bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2023 saylı xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən qərarında nəzərdə tutulmuş mövqeyə əsasən cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. İş materiallarında olan hökmdən görünür ki, İddiaçı cinayət işinə baxlarkən həmin məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, X7 və X5 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olduğunu, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Hazırkı işdən də göründüyü kimi İddiaçı tərəfindən verilmiş ərizədə təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığı göstərilmişdir. Ərizə tələb və etirazı özündə əks etdirən iradə ifadəsidir. Şəxsin zərərçəkmiş şəxs qismində şikayət və tələbinin olmamasını bildirməsi, həmin vaxt ona ödənilmiş məbləğlə razılaşdığını və həmin təminatın onun maddi və mənəvi zərərini qarşıladığını göstərir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında maddi və mənəvi zərərlə bağlı mübahisə iddiaçının ərizəsi əsasında həll edildiyindən iddiaçının hazırkı tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, İddiaçı uşağının ölümündən 8 ay sonra hamilə qalaraq 31 may 2024-cü il tarixdə X10 adlı övladını dünyaya gətirmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, hazırki iş üzrə zərərçəkmiş şəxs İddiaçı cinayət işinə baxılarkən iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, X7 və X5 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olduğunu, təqsirləndirilən şəxslər X7 və X4 heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İddiaçı tərəfindən sonrakı dövrdə hansısa zərərə məruz qaldığını təsdiq edə bilən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 388 (üç yüz səksən səkkiz) manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə xərcləri ödənilmiş 388 (üç yüz səksən səkkiz) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdeh "Ağdaş Rayon Mərkəzi Xəstəxanası" X22 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-1254/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1254/2025
07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver