Məhkəmə qərarları › İş №e-2(014)-1570/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1570/2023

27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1570/2023 27.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 28 avqust 2015-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq el adət-ənənəsi ilə evlənmişlər, lakin cavabdehin günahı ucbatından faktiki ailə münasibətlərini rəsmiləşdirə bilməmişlər. Birgə ailə münasibətlərindən 28 avqust 2016-cı il təvəllüdlü X4 və 27 iyun 2018-ci il təvəllüdlü X6 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə münasibətləri cavabdehin günahı səbəbindən pozulmuşdur. Cavabdeh ona ailədə arvadı kimi hörmət etmirdi, cavabdehlə aralarında tez-tez onun günahı ucbatından mübahisələr düşür, yersiz qısqanclıq edir, artıq bütün bu hallar ailə münasibətini dözülməz hala gətirib çıxarmışdı. Odur ki, iddiaçı cavabdehdən 3 aydır ki, faktiki olaraq ayrılmış və uşaqları ilə birgə valideynlərinin evinə yerləşmişdir. Cavabdeh bu müddət ərzində uşaqların saxlanılması üçün hər hansı maddi yardım etməmişdir. İddiaçı özü işləmir və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat miqdarda alimentə ehtiyacı vardır. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Uşağın saxlanılması üçün qanunla müəyyən edilmiş miqdarda, yəni 220 manat aliment tələb edir. Göstərilənlərə əsasən Cavabdeh ilə faktiki ailə münasibətlərindən doğulmuş 28 avqust 2016-cı il təvəllüdlü X4 və 27 iyun 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək aliment ödəməkdən boyun qaçırmadığını, 348 manat məbləğində əmək haqqı aldığını, tələb olunan alimentin məbləğinin yüksək olduğunu bildirdi və aşağı həddə aliment təyin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 28 oktyabr 2016-cı il tarixdə Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 852820 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 avqust 2016-cı il tarixdə Şəki şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan 19 iyul 2018-ci il tarixdə Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 137062 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 iyun 2018-ci il tarixdə Şəki şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Kommunal X3 tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, Cavabdeh 11 avqust 2017-ci il tarixdən Şəki KTİB-də Nəqliyyat şöbəsində sürücü işləyir, onun aylıq əmək haqqı 406 manat, kart hesabına ödənilən aylıq əmək haqqı gəliri 348,74 manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından iki uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anaları İddiaçı himayəsində yaşayır. Cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşağın saxlanılmaları üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafelərini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 28 avqust 2016-cı il təvəllüdlü X4 və 27 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 10 iyul 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh 18 sentyabr 2023-cü il tarixdən başlayaraq, 28 avqust 2016-cı il təvəllüdlü X4 və 27 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 3240 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 52,40 (əlli iki manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18 sentyabr 2023-cü il tarixdən başlayaraq, 28 avqust 2016-cı il təvəllüdlü X4 və 27 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 135 (yüz otuz beş) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X5 52,40 (əlli iki manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar