Məhkəmə qərarları › İş №e-2(014)-1693/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1693/2024

12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1693/2024 12.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqları 30 noyabr 2006-cı il təvəllüdlü X8 və 18 noyabr 2007-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə sabit pul məbləğində 235 manat məbləğində alimentin və mediasiya prosesi ilə əlaqədar ödədiyi 50 manat mediasiya rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 may 2002-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdurlar. Birgə ikahlarından iki uşaqları 30 noyabr 2006-cı il təvəllüdlü X8 və 18 noyabr 2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə 2015-ci ildən faktiki olaraq ayrılmışlar və həmin vaxtdan bütün ər-arvad münasibətləri kəsilmişdir. Cavabdehlə ayrıldıqları vaxtdan uşaqları onun yanında qalmışdır. Cavabdehlə ayrıldıqdan sonra o uşaqların saxlanılması üçün könüllü olaraq maddi yardım göstərməmişdir. Belə ki, uşaqlar azyaşlı və məktəbli olduğundan və mütəmadi olaraq müayinə və müalicə üçün maddi yardıma (alimentə) ehtiyacı var. Cavabdehin aylıq gəlirinin yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında və sağlam böyüməsində bir valideyn kimi iştirak etmir. Bununla da o, uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü yardım göstərməkdən yayınır. “Mediasiya haqqında” AR Qanununa əsasən uşaqların saxlanılması üçün aliment tələbi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və buna münasibətini bildirmədiyinə görə və aralarında yaranmış mübahisəni məhkəmədənkənar həll etmək mümkün olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh birgə nikahda olsalar da, ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ/MT035-784 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat mediasiya xərci ödəmişdir. İşin materiallarında olan Ağdaş Rayon VVADQ şöbəsi tərəfindən 24 may 2002-ci il tarixli 409166 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikahın bağlanması haqqında 24 may 2002-ci il tarixdə 137 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan 15 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-A-1234/1/2024 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X8 30 noyabr 2006-cı il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 15 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-A-1234/2024 saylı Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X7 18 noyabr 2007-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikah münasibətlərindən 30 noyabr 2006-cı il təvəllüdlü X8 və 18 noyabr 2007-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anası İddiaçı himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanılmaları üçün iddiaçıya maddi yardım etmir. Buna görə də iddiaçı uşaqlarının saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tələb edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, mülki iş məhkəməyə 21 oktyabr 2024-cü il tarixdə daxil olmuş və 30 noyabr 2024-cü il tarixdə X8 18 yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 30 noyabr 2006-cı il təvəllüdlü X1 üçün 21 oktyabr 2024-cü il tarixdən 30 noyabr 2024-cı il tarixədək sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutulmalı, həmin dövr 1 ay 9 günü əhatə etdiyindən, həmin alimentin məbləği 240 (iki yüz qırx) manat kimi hesablanmalı, həmçinin Cavabdeh 18 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 21 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, X7 üçün ödəniləcək aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 noyabr 2006-cı il təvəllüdlü X1 üçün 21 oktyabr 2024-cü il tarixdən 30 noyabr 2024-cü il tarixədək sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı verilsin, həmin dövr 1 ay 9 günü əhatə etdiyindən, həmin alimentin məbləği 240 (iki yüz qırx) manat kimi hesablansın, həmçinin Cavabdeh 21 oktyabr 2024cü il tarixdən başlayaraq 18 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı verilsin. İddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar