Məhkəmə qərarları › İş №e-2(014)-337/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-337/2025

03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-337/2025 03.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyaları və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyaları və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Ailə qurduqları ilk vaxtlarda mehriban olsalar da sonralar ailə münasibətləri tamamilə pozulmuşdur. Buna görə də nikahın pozulması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(014)-657/2024 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Qeyd etmək istəyir ki, onun çox güclü baş ağrıları olur. Buna görə də, xəstələnib müalicə almaq üçün ata evinə getmişdir. Hətta həmin vaxt evdən çıxarkən o nəinki qızıllarını, şəxsiyyət vəsiqəsini də götürməyi unutmuşdu. Uzun müddət cavabdeh və ailə üzvləri onun maraqlanmyıb və dalınca gəlməyiblər. Elə buna görə də, bir müddət sonra şəxsiyyət vəsiqəsini götürməyə getdən zaman ona aid olan qızılların yerində olmadığını görmüşdür. O, bütün sənədlərini və qızıl-zinət əşyalarını bir yerdə saxlayırdı. Beləliklə ona nişan və toy günü hədiyyə olunan bütün qızıl-zinət və cehizəşyaları cavabdehin birlikdə yaşadığı evində qoyub çıxmışdır. Daha sonra cehizlərini götürsə də qızıl-zinət və cehizəşyalarının bir qismini cavabdeh və anası ona verməmişdir. Daha sonralar şəxsiəşyalarını və geyim əşyalarını götürməyə getdiyi zaman cavabdehdən qızıllarını tələb etsə də qızıl-zinət əşyaları ona qaytarmadı. Bunu təsdiq edəcək kifayət qədər şahidləri vardır. Onların bir qisminin şəxsiyyət vəsiqəsini iddia ərizəmə əlavə edir. Bütün bu hadisələr baş verdiyi zaman, yəni o şəxsiyyət vəsiqəsini götürməyə getdiyi zaman qızılların yerində olmadığını görüb tələb edərkən X1 da onun yanında olub. Həmin vaxtı xəstə olmağı və müalicəsi ilə bağlı sənədləri də iddia ərizədə əlavə etmişdir. Yuxarıda qeyd olunan qızıl-zinət əşyalarının və cehiz əşyalarımın bir qisminin siyahısı aşağıdakı kimidir: qızıl-zinət əşyaları, toyluq dəst,ağ qızıl-750 əyar brilyant qaşlar ilə 30 qr- 4600 manat dəyərində, nişan üzüyü ağ qızıl -750 əyar brilyant qaşları ilə - 1300 manat dəyərində, bir ədəd qızıl üzük -585 əyar 3 qr- 280 manat dəyərində, bir ədəd qızıl üzük -585 əyar 3 qr-280 manat dəyərində, bir cüt qızıl sırqa-585 əyar 3 qr-270 manat dəyərində, cehiz əşyaları, bir ədəd paltaryuyan maşın - 700 manat dəyərində, bir ədəd ət çəkən maşın - 250 manat dəyərində, bir ədəd mikser-190 manat dəyərində, bir ədəd blender-50 manat dəyərində, bir ədəd hava ütüsü - 20 manat dəyərində, bir ədəd Stol və stul dəsti (8 nəfərlik) - 1000 manat dəyərində, bir ədəd xalça - 250 manat dəyərində, bir ədəd süfrə - 40 manat dəyərində olmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində adı çəkilən cehiz və qızıl-zinət əşyalarının, əşyalar mövcud olmadığı halda isə onların dəyəri olaraq 11,109 (on bir min bir yüz doqquz) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında İddiaçı izahatında, iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında, iddia ərizəsində adları göstərilən, bir ədəd paltaryuyan maşın, bir ədəd ət çəkən maşın, bir ədəd mikser, bir ədəd blenderin birgə nikah dövründə alındığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında, iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək qızıllarla bağlı məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək Röyalənin atası evinə gələndə sağlamlığı ilə bağlı vəziyyətinin ağır olduğunu, onun qızıl gətirəcək vəziyyətinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək hər iki tərəfin qohum olduğunu, cehizləri gətirməyə onun da getdiyini, həmin vaxt qızılları gətirmədiklərini bildirdi. Belə ki, işin materiallarında olan Ağdaş Rayon məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 2(014)-657/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 172 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. İşin materiallarında olan fotoşəkildən görünür ki, İddiaçı üzərində brilyant qaşlı toyluq ağ qızıl dəst, brilyant qaşlı ağ qızıl nişan üzüyü, 2 ədəd üzük vardır. İşin materiallarında olan aktdan görünür ki, iddiaçı özünə məxsus bir ədəd Stol və stul dəstini könüllü olaraq cavabdehin evində saxlamışdır. İşin materiallarında olan 28 noyabr 2024-cü il tarixli, MŞŞ/2024-MT02080 saylı ilkin Mediasiya Sessiyasında iştrak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin Mediasiya Sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştrak etməmişdir. X2 dair xərc olan 50 manat pul İddiaçı tərəfindən ödənilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən məlum olur ki, İddiaçı 121,60 manat məbləğində dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 13 sentyabr 2022-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və məhkəmənin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda birgə yaşamırlar və iddiaçı özünə məxsus qızıl-zinət əşyaları, toyluq dəst, ağ qızıl - 750 əyar brilyant qaşlar ilə 30 qr - 4600 manat dəyərində, nişan üzüyü ağ qızıl - 750 əyar brilyant qaşları ilə - 1300 manat dəyərində, bir ədəd qızıl üzük - 585 əyar 3 qr - 280 manat dəyərində, bir ədəd qızıl üzük - 585 əyar 3 qr - 280 manat dəyərində, bir cüt qızıl sırqa - 585 əyar 3 qr - 270 manat dəyərində, cehiz əşyaları, bir ədəd paltaryuyan maşın - 700 manat dəyərində, bir ədəd ət çəkən maşın - 250 manat dəyərində, bir ədəd mikser - 190 manat dəyərində, bir ədəd blender - 50 manat dəyərində, bir ədəd hava ütüsü-20 manat dəyərində, bir ədəd stol və stul dəsti (8 nəfərlik) - 1000 manat dəyərində, bir ədəd xalça - 250 manat dəyərində, bir ədəd süfrə - 40 manat dəyərində olan cehiz əmlaklarının qızıl-zinət əşyalarının cavabdehin evini tərk edərkən özü ilə aparmadığını iddia edir və həmin cehiz əmlaklarının qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını tələb edir. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaçının özünə məxsus qızıl-zinət əşyalarının apardığını iddia edir. Belə ki, iddiaçı qızıl-ziynət əşyalarını cavabdehə məxsus evə apardığını bildirir, cavabdehin nümayəndəsi və vəkili isə həmin əşyaların ümumilikdə mövcudluğunu inkar etmir, lakin iddiaçının atasının evinə gedərkən bütün qızılları özü ilə apardığını bildirir. Göründüyü kimi qızıl əşyaların cavabdehin mənzilinə aparılması da işin mübahisəsiz halıdır. Lakin cavabdehin nümayəndəsi və vəkili həmin əşyaları iddiaçının gedərkən özü ilə aparmasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, qızılları iddiaçının özü ilə aparmasına dair sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi və vəkili isə qeyd etdiyi hallar ilə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında suallara cavab verərəkən, iddia ərizəsində adları göstərilən, bir ədəd paltaryuyan maşın, bir ədəd ət çəkən maşın, bir ədəd mikser, bir ədəd blenderin birgə nikah dövründə alındığını bildirmişdir. Buna baxmayaraq, iddiaçı iddia ərizəsində həmin əmlakların da cehiz əmlakı olduğunu qeyd edərək, cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Göründüyü kimi həmin əmlaklar iddiaçının şəxsi mülkiyyəti deyil, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklardır. Bundan başqa iddia ərizəsində qeyd edilmiş 585 əyar 3 qr çəkidə bir cüt qızıl sırqa, bir ədəd xalça və bir ədəd süfrənin cavabdehdə olması öz təsdiqini tapmır. Həmçinin iddia ərizəsində olan bir ədəd Stol və stul dəsti iddiaçı digər əşyalarını cavabdehin evindən götürən zaman həmin əmlakları könüllü olaraq cavabdehin evində saxlamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlaklardan yalnız 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyalarının cavabdehdə olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyaları alınaraq İddiaçı verilməsi, qeyd olunan cehiz əmlakı və qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin cehiz əmlakı və qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin Cavabdeh 4600 manat dəyərində 30 qram çəkidə, 750 əyarı ilə brilyant qaşlı toyluq ağ qızıl dəst, 1300 manat dəyərində 750 əyarı ilə brilyant qaşlı ağ qızıl nişan üzüyü, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük, 280 manat dəyərində 3 qram çəkidə bir ədəd 585 əyarlı üzük olan qızıl zinyət əşyaları alınaraq İddiaçı verilsin. Qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdən naturada alınması mümkün olmadığı halda həmin qızıl-zinət əşyalarının cəmi dəyəri olan 6460 (altı min dörd yüz altmış) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar