Məhkəmə qərarları › İş №e-2(014)-451/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-451/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-451/2024 18.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə el adəti ilə toy edərək evlənmişlər. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə onların xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Cavabdeh heç bir əsas olmadan onu təhqir edərək döymüş, xx.xx.2023-cü il tarixdə evdən qovmuşdur. O, hazırda uşaqla birlikdə atasının evində yaşayır. Uşaq hal-hazırda özünün himayəsindədir. Özü heç bir yerdə işləmir, aylıq gəliri və evi yoxdur. Valideynlərinin köməyi ilə dolanır. Uşağın xərcləri olduqca yüksək olduğundan, yəni uşağın geyim və yemək xərclərini ödəyə bilmir. Övladı azyaşlı olduğu üçün heç bir yerdə işləyə bilmir. Cavabdeh isə övladı ilə heç vaxt maraqlanmır, onun xərclərini qarşılamaqda heç bir köməklik etmir. Atalıq borcunu yerinə yetirməkdən yayınaraq uşağa baxmır. Hazırda məcbur qalaraq aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan halları əsas tuturaq uşağın 3 yaşı tamam olanadək ana üçün 270 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, o, cavabdehlə rəsmi nikaha daxil olmamış, faktiki ailə münasibətlərində olmuşlar və bu nikahdan bir uşaqları dünyaya gəlmişdir. O, ali təhsilli olsa da hazırda heç yerdə işləmir, əvvəllər də heç yerdə işləməmişdir. Uşağı heç kimin yanında qoyub işləmək istəmir. Uşağı üçün 180 manat alimenti vaxtı-vaxtında alsa da, həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə el adəti ilə toy edərək evlənmişlər. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə onların xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Hazırda İddiaçı övladını da götürərək gedib valideynlərinin yanında yaşayır. Hazırda heç yerdə işləmir, daimi bir işi yoxdur, təsərrüfatla məşğul olur. Heç yerdə işləməməsinə baxmayaraq hər ay vaxtı-vaxtında övladı üçün 180 manat aliment ödəyir, hətta həmin alimenti ödəmək üçün də ailəsindən borc alır. İddiaçı ali təhsilli olmasına baxmayaraq heç yerdə işləməyib ondan özü üçün aliment istəyir. O, orta təhsillidir, heç yerdə iş tapa bilmir. Adına heç bir əmlak yoxdur. İddiaçının ondan tələb etdiyi 270 manatı ödəməyə maddi imkanı çatmır, həmin pulu ödəyəcəyi təqdirdə övladının alimentini ödəyə bilməyəcəkdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 454494 saylı atalığın müəyyən edilməsi haqqında şəhadəıtnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 854676 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024-00061 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İşin materiallarında olan AA № 428350 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 2001-ci il təvəllüdlü İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olmuş, hazırda Ağdaş rayonu, Yeniarx kəndində müvəqqəti qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olmamışlar, faktiki nikahdan onların bir uşaqları doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaq anası İddiaçı himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər ay 180 manat aliment ödəyir, özü də heç yerdə işləmir. İddiaçı uşağın 3 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ana üçün 270 manat miqdarında aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məhkəmə qanunun yuxarıda qeyd olunan normasına əsasən qeyd edir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər öhdəliklərində tərəf qismində yalnız nikah qeydiyyatından keçmiş ər-arvad çıxış edə bilər, hazırki iş üzrə isə tərəflər nikahlarını rəsmi qaydada qeydiyyata aldırmamışlar. Bu məsələ həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsində tənzimlənir. Belə ki, həmin maddədə qeyd olunur ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: -84.2.2-ci bəndinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Məhkəmə qanunun yuxarıda qeyd olunan normasına əsasən qeyd edir ki, iddiaçı cavabdehin sözügedən aliment ödəmək iqtidarında olduğunu iddia etsə də, cavabdehin gəlirlərinə dair heç bir sübut məhkəməyə təqdim olunmamış, məhkəmə iclasında da cavabdehin heç yerdə işləmədiyi və zəruri maddi vəsaitə malik olmadığı, iddiaçının ali təhsilli olmaqla əmək qabiliyyətli olması məlum olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, ər-arvad ailənin bərabər hüquqlu üzvləridir və onlardan biri digərinin əmlak vəziyyətini pisləşdirə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən azyaşlı uşağının saxlanılması üçün iddiaçıya həy ay 180 manat ödənilir və hazırki iddianın təmin olunması uşağın təminatının səviyyəsinin azalmasına səbəb ola bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək və qanunun yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar