Məhkəmə qərarları › İş №e-2(014)-992/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-992/2023

16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-992/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 oktyabr 2019-cu il tarixində iddiaçıya məxsus həyətində yerləşən ərzaq malları mağazasını Cavabdeh icarəyə vermişdir. Onun himayəsində olan anasız övladlarına tək baxır. Buna görə 08 mart 2020-ci il tarixində o, yorğunluqdan yatmış olduğuna görə yemək hazırlaya bilmədiyindən və övladları ac olduğuna görə, oğlu Fərid Ağdaş şəhərində yerləşən Çinar restoranına zəng edərək 1 ədəd pizza sifariş vermişdir. Kuryer həmin pizzanı mağazaya gətirərək cavabdehə təhvil vermişdir. Cavabdeh sözü gedən pizzanın içinə qəsdən xeyli miqdarda duz tökərək aparıb evlərinə oğlu Fəridə vermişdir. Oğlu Fərid həmin pizzanı yeyərkən onun duzlu olduğunu bilmiş, lakin ac olduğundan məcbur qalıb həmin pizzanın bir hissəsini yemiş və buna görə də onun səhhətində problemlər yaranmışdır. Bu səbəbdən o, oğlu Fəridi Ağdaş şəhəri, Ərəş küçəsində yaşayan Minayə adlı həkimin evinə müayinə və müalicə üçün aparmışdır. Həkim oğlu Fəridə ilkin tibbi yardım göstərdikdən sonra müalicə yazaraq, müalicəni davam etdirmək üçün onları evlərinə göndərdi. Daha sonra o, mağazanın təhlükəsizlik kamerasına baxarkən ona məlum olmuşdur ki, sözü gedən pizzaya duzu qəsdən cavabdeh özü tökmüşdür. Cavabdehdən bu haqda soruşduqda isə o, and içərək bu əməlini təkzib etmişdir. Bundan sonra cavabdehin bir neçə qanunsuz və cinayət əməli hesab etdiyi əməllərinin də şahidi olmuş və həmin əməllərində videosübutlarını toplayaraq hüquq mühafizə orqanlarına onun bu və digər əməlləri barəsində şikayət ərizəsi vermişdir. Hüquq mühafizə orqanları tərəfindən şikayəti araşdırılıb və cavabdehin əməlində cinayət tərkibi olmadığından iş mülki xarakterli olduğuna görə, ona məhkəməyə müraciyət etməli olduğu tövsiyə olunub. Cavabdehin hərəkətləri nəticəsində ona və övladına maddi və mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin onun tək başına əziyyətlə baxdığı anasız övladlarına qarşı bu acımasız hərəkəti nəticəsində o, bir ata olaraq böyük sarsıntı və mənəvi izdirab keçirmiş və ona mənəvi zərər dəyib. Həmçinin cavabdehin bu hərəkəti nəticəsində o, müxtəlif xəstəliklərə tutulmuşdur. Belə ki, keçirdiyi izdirab səbəbindən əvvəllər qəbul etdiyi antidepressant stimulaton adlı dərmanı yenidən yüksək dozada qəbul etməyə başlamış və bundan sonrada həzm sistemində, qara ciyərində və sair ciddi problemlər yaranmışdır. Buna görə də Mingəçevir şəhərindəki xəstəxanaya gedərək müayinə və müalicə olunmuş və hələdə müalicəsi davam edir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri o, 5000 (beş min) manat dəyərində qiymətləndirir. Oğlu Fəridin səhhətində yaranan problemlərin müalicəsi üçün və mənəvi iztirab nəticəsində əsəbləri pozulduğuna görə qəbul etdiyi dərmanlara görə uzun müddətdir müalicə olunur və bu səbəbdən ona 1000 (min) manat maddi zərər dəymişdir. Cavabdehin ona vurduğu ümümilikdə 6000 (altı min) manat maddi və mənəvi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı heç bir sübutu olmadan ona böhtan atır. İddiaçı onunla şəxsi prinsipdədir. Belə ki, iddiaçının ona atdıqları böhtanlar hələ də davam edir. 2020 və 2021-ci illərdə onu, guya 10000 (on min) manatdan artıq pulunu mənimsədiyini iddia edir. Ancaq Ağdaş Rayon Məhkəməsinin qərarı ilə onun bu böhtanı baş tutmamışdır. İndi də həmin böhtanı yenidən onun üzərinə atır. O, heç bir halda iddiaçının bu iddiası ilə razılaşmır. Onun bu iddiası ona qarşı atılan böhtandan başqa birşey deyil. Heç bir yerdə nə psixolohi, nə də problemli yerdə qeydiyyatda deyil. İçki də içmir, siqaretdə çəkmir. Himayəsində 2 azyaşlı övladı var. Kasıb və kimsəsiz bir insandır. Hətta imkanı olmadığından ərizənidə əlyazma ilə yazmalı olmuşdur. İddiaçı ona atdığı şər və böhtanlardan heç bir yerdə özünə iş tapa bilmir. İddiaçı hər kəsdən gileylənir. İllərdir özünün də qeyd etdiyi kimi qəbul etdiyi dərmanlar bəlkə də onu bu hala salıb. Heç bir halda İddiaçı ona qarşı yönəltdiyi ittihamları qəbul etmir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 1 ədəd CD diskdə olan videogörüntü tədqiq edilən zaman müəyyən olundu ki, Cavabdeh kuryerdən pizzanı təhvil alır, duz qabını götürür və sonra həmin qabı qaytarıb yerinə qoydu, mağazaya daxil olmuş İsmayıl adlı şəxs Qüdrətə “bunu yemək olar” sualını vermişdir. Daha sonra cavabdeh həmin pizza götürərək iddiaçının ünvanına getmiş və təhvil vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh pizzanı aldıqdan sonra pizzaya duz əlavə etmiş, sonra iddiaçının ünvanına həmin pizzanı aparmışdır. Hazırda iddiaçı həmin pizzanı yedikdən sonra oğlunun əhvalının pisləşməsini, həkimə müraciət etməsini, həm oğluna həm də özünə maddi və mənəvi ziyanın dəydiyini iddia edərək cavabdehdən ümumilikdə 1535 manat tələb edir. Lakin iddiaçı ona dəymiş maddi zərərin dəyməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə tədqim etməmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona Əsassız alınmış pul məbləğinin və dəymiş zərərin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar