Məhkəmə qərarları › İş №e-2(015)-408/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-408/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-408/2025 10.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızınını sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf-ləyaqətin müdafiəsi, vurulmuş maddi ziyanın və sağlamlığa vurulmuş ziyanın və mənəvi zərərin ödənilməsi və təkzib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı şərəf-ləyaqətin müdafiəsi, vurulmuş maddi ziyanın və sağlamlığa vurulmuş ziyanın və mənəvi zərərin ödənilməsi və təkzib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin ünvanını Ağstafa rayonu, Poylu qəsəbəsi kəndi kimi göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, cavabdehin yaşadığı ünvan Ağstafa rayonu, Poylu qəsəbəsi olduğundan, Qazax rayonunda qeydiyyatda olduğundan məlumatı olmadığı üçün hazırki iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən mülki işin baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Cavabdeh məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aşağıdakılara əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki prosessual qanunvericilikdə iddia ərizəsi verilərkən onun cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu nəzərdə tutulmuşdur. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, iddia ərizəsində Cavabdeh ünvanı Ağstafa rayonu Poylu qəsəbəsi kimi göstərilsə də, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İş üzrə cavabdehin Ağstafa rayonu ərazisində qeydiyyatda olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat yeri Qazax rayonunun inzibati ərazisi hesab edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 44.2.2, 45.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh qarşı şərəf-ləyaqətin müdafiəsi, vurulmuş maddi ziyanın və sağlamlığa vurulmuş ziyanın və mənəvi zərərin ödənilməsi və təkzib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar