Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-707/2024 06.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdeh Mustafayev Ruhin Ramiz oğluna qarşı “pul tələbinə dair” ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Mustafayev Ruhin Ramiz oğlundan Mercedes Benz Axor markalı, 30 BL 287 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 350 (üç yüz əlli) manat sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödəniləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 25.08.2022-ci il tarixdə Mustafayev Ruhin Ramiz oğlu tərəfindən idarə olunan “Khazar SD” markalı, 77 PU 089 dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsi “Mercedes Benz Axor” markalı 30 BL 287 dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqiliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqiliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs Mustafazadə Aslan Yusif oğluna 350 (üç yüz əlli) manat sığorta ödənişi ödənilmişdir. 25.08.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Mustafayev Ruhin Ramiz oğlu hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmış 08.09.2022-ci il tarixli protokoldan və həmin tarixli inzibati tənbeh verilmə haqqında qərardan da göründüyü kimi Mustafayev Ruhin Ramiz oğlu İXM-nin və 327.6 maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, 350 manat pul Mustafayev Ruhin Ramiz oğlundan “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, PAT 2204673233 nömrəli sığorta şəhadətnaməsinin 113942 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışından göründüyü kimi hadisə zamanı Mustafayev Ruhin Ramiz oğlunun idarə etdiyi “Khazar SD” markalı, 77 PU 089 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Atəşgah sığorta şirkətində avtonəqiliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Baş vermiş hadisə ilə bağlı PR2229900022091 nömrəli ödəniş tağşırığının surətindən aydın olur ki, “Mercedes Benz Axor” markalı 30 BL 287 dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin təmiri ilə bağlı Atəşgah Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçiilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, ərizə təmin edilməli, cavabdeh 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı “Atəşgah” Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cavabdeh Mustafayev Ruhin Ramiz oğlundan 350 (üç yüz əlli ) manat məbləğində sığorta ödənişinin əvəzi və 30 (otuz ) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Atəşgah Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №e-2(015)-707/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-707/2024
06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver