Məhkəmə qərarları › İş №e-2(016)-595/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-595/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-595/2025 19.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə “HONDA CRV” markalı, **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 3.377 manat, iddianın qaldırılması üçün ödənilmiş 53,77 manat dövlət rüsumu və 0,43 manat xidmət haqqının alınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2017-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “VAZ 21063” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “HONDA CRV” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 21063” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Hadisə zamanı “HONDA CRV” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3.377 manat məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “HONDA CRV” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 837 nömrəli ödəniş tapşırığına əsasən 3.377 manat sığorta ödənişini sığorta aktına əsasən, faydalanan şəxs olan nəqliyyat vasitəsinin mülkiyyətçisi X2 hesabına ödəmişdir. xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, TP seriyalı 69230 saylı inzibati tənbeh vermə haqqında qərardan və inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Polisə verilmiş izahatdan da aydın olur ki, cavabdeh hadisə yerindən yayındığını özü bildirmişdir. Cavabdehə pretenziya məktubu göndərilmiş, lakin o, ilkin pretenziya ərizəsini qəbul etməkdən imtina etmiş, ikinci pretenziya məktubu isə tərəfindən qəbul edilmişdir. Bu onu göstərir ki, vətəndaşın məlumatı olsa da, ödənişi etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “İcbari Sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” haqqında məlumatdan görünür ki, “VAZ 21063” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisənin baş verdiyi - xx.xx.2017-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalı olmuşdur. - xx.xx.2018-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. - xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, “HONDA CRV” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 3.377 manat müəyyən edilmişdir. - 046997 nömrəli sığorta aktından görünür ki, 3.377 manat məbləğində pul vəsaiti X1 yolu ilə ödənilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən və o, hadisə yerindən yayındığından, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.377 manat məbləğində pul vəsaiti, 53,77 manat məbləğində ödənilmiş dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün 0,43 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar