Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-699/2024 31.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 200 manat pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “VAZ 21074” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Dacia Logan” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 100963 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh oğlunun idarə etdiyi “VAZ 21074” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər müddətə İddiaçı Sığorta Şirkəti ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabata əsasən, “Dacia Logan” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 200 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 10225 nömrəli ödəniş tapşırığına əsasən, “Dacia Logan” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 manat sığorta ödənişi etmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlu hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlar da şəxsin hadisə yerindən yayınmasını təsdiqləyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli icbari sığorta aktından görünür ki, “Dacia Logan” markalı, **- TR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. - xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, “Dacia Logan” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 200 manat müəyyən edilmişdir. - 100963 nömrəli sığorta aktından görünür ki, 200 manat məbləğində pul vəsaiti X1 yolu ilə ödənilmişdir. - xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən və o, hadisə yerindən yayındığından, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 200 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-699/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-699/2024
31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver