Məhkəmə qərarları › İş №e-2(019)-1065/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1065/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1065/2023 18.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 08 iyul 2020-ci il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 25 aprel 2019-cu il tarixdə evlənmiş, nikahlarını 03 may 2019-cu il tarixdə Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 03 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 iyul 2020-ci il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə mehriban yaşamış, son vaxtlar isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir.Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Onunla birlikdə yaşamağı qeyri mümkündür. Ona görə də o,cavabdehdən ayrılaraq valideynlərinin yanına gəlmişdir. Ayrı yaşamalarına baxmayaraq cavabdeh uşağın dolanışığı ilə maraqlanmamışdır. Uşağın gündəlik tələbatı kifayət qədər xərc tələb edir.O,heç bir yerdə işləmir.Uşağın baxılmasında ona valideynləri köməklik edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Balakən rayon Mərkəzi Xəstəxanasında işləməklə kifayət qədər qazanc əldə edir. Uşağın baxılması üçün hər ay 220 manat aliment ödəmək iqtidarındadır. Alimentin təyin edilməsi tələbi ilə, mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə arayış verilmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o,25 aprel 2019-cu il tarixdə İddiaçı evlənmiş, nikahlarını 03 may 2019-cu il tarixdə Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində 03 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 iyul 2020-ci il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə İddiaçı uşağı da götürüb atası evinə getmişdir. Uşaq hazırda da iddiaçının himayəsində yaşayır. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur.Belə ki, o, Balakən Rayon Mərkəzi Xəstəxanası X6inin radiologiya şöbəsində rentgen texniki vəzifəsində işləyir,506,29 manat əmək haqqı alır. O, Sahilə ilə birgə yaşadıqları dövrdə kreditlər götürərək Sahiləyə stomatoloji kabinet açmışdır.Sahilə həmin kabinetdə işləyib pul qazanır, lakin onun qazancı barədə sübut təqdim edə bilmir. O,hazırda həmin kredit borclarını ödəyir. Ona görə də əmək haqqısının ¼ hissəsi həcmində aliment müəyyən edilməsini istəyir.İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İH Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 may 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 335702 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 03 may 2019-cu ildə 03 nömrə ilə nikah bağlanmış,nikah bağlanandan sonra arvada Telliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 473400 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X3 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞŞ/MT018-2023-02438 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki,İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X6 «Balakən Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən 11 dekabr 2023-cü il tarixdə verilmiş 18-1-27/2-816/2023 nömrəli arayışdan görünür ki,Radiologiya şöbəsininin rentgen texniki Cavabdeh hal-hazırda aylıq əmək haqqısı 617.15 (altı yüz on yeddi manat 15 qəpik) manatdır. Lakin tutulmalardan sonra əlinə alacaq əmək haqqı 506.29 (beş yüz altı manat 29 qəpik) manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ABB Balakən filialı tərəfindən 27 noyabr 2013-cü il tarixdə verilmiş 51 nömrəli arayışda göstərilmişdir ki,Cavabdeh xx.xx.2023 345ACNL23260001 referenslə 3500 AZN (********************), xx.xx.2023 345SDGL232990001 referenslə 1900 AZN məbləğdə (********************) kredit, xx.xx.2022-ci il tarixə 2000 AZN limitli ******************** hesab nömrəli TAMKART krediti kartı götürüb.Müştərinin 345SNL232360001 referensli kredit üzrə cari tarixə faizlərlə birlikdə borcu 3458.96 AZN, 345SDGL232990001 referensli kredit üzrə cari tarix faizlərlə birlikdə borcu 1942.37 AZN və TAMKART üzrə faizlərlə birlikdə bu günə olan borcu 1987.74 AZN təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 25 aprel 2019-cu ildə evlənmiş,nikahlarını 03 may 2019-cu ildə Balakən rayon İcra Hakimiyyəti Hənifə kənd icra nümayəndəliyində 03 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 08 iyul 2020-ci ildə X3 adında bir uşaqları olmuşdur.Tərəflər ayrı yaşayırlar, uşaq anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 27 oktyabr 2023-cü il tarixdən başlayaraq 08 iyul 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 41,60 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 27 oktyabr 2023-cü il tarixdən başlayaraq 08 iyul 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 41,60 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin alınmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar