Məhkəmə qərarları › İş №e-2(019)-1102/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1102/2025

29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1102/2025 29.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Balakən rayon Məhkəməsininxx.xx.2025-ci il tarixli İş № 8(019)-61/2025 qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 1.07 misli həddindən, ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.45 misli həddinə azaldılması barədə qətnamə çıxarılması və ilkin mediasiya sessiyasında ödədiyi 60 manat dövlət rüsumunu və məhkəməyə ödədiyi 12 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuş, nikahlarını 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə onların xx.xx.2013-cü il doğum tarixli X7 adlı bir uşaqları olmuşdur. Cavabdehlə sözü düz gəlmədiyinə görə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)- 2028/2017 saylı qətnaməsi ilə uşağın saxlanması üçün 125 manat miqdarında aliment müəyyən edilmişdir. Həmin alimenti heç bir yerdə işləmədiyinə görə güc bəla ilə ödəmişdir. O, işsizlikdən maddi cəhətdən əziyyət çəkdiyinə görə yenidən ailə qurmamışdır. Evdə 76 yaşlı qoca xəstə anası var, həmin alimenti onun pensiyası ilə ödəyir. O, əvvəl kəsilmiş alimenti ödəyə bilmədiyi bir vaxtda cavabdeh Balakən Rayon Məhkəməsinə alimentin indeksasiya edilməsi barədə ərizə vermişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № 8(019)-61/2025 qərardadı ilə alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1.07 misli həddində aliment kəsilmişdir. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olmasına və uşağın saxlanması üçün 246 manat müəyyən edilməsinə baxmayaraq 428 manat aliment kəsilmişdir. Bir işsiz adamın hər ay o pulu ödəməsi mümkün olmadığından alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olan bir ölkədə o, necə 428 manat aliment ödəyə bilər. Azərbaycan vətəndaşı kimi onun hüquqları tam şəkildə pozulmuşdur. Onun əlində olan məşğulluq haqqında arayışdan və Çobankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdandan görünür ki, o, heç bir yerdə işləmir, gəliri yoxdur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, ilkin mediasiya sessiyası üçün ödənilməli olan 60 manat dövlət rüsumunu ödəməmişdir. Ona görədə həmin rüsumu tam şəkildə o, ödəmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli İş № 8(019)-61/2025 qərardadı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini nəzərə almadan çıxarmışdır. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstrərdi ki, o, 60 manat mediasiya xərcini və 12 manat dövlət rüsumu xərcini tələb etmir. İddianın qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, İddiaçı ilə qeyri-rəsmi ailə qurmuş, nikahları 2011-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü ildə X7 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-2028/2017 saylı qətnaməsi ilə uşağın saxlanması üçün 125 manat miqdarında aliment müəyyən edilmişdir. Bundan sonra o, alimentin məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-61/2025 nömrəli qərardadına əsasən ərizəsi təmin edilmiş, xx.xx.2013-cü ildə doğulmuş X2 üçün borclu İddiaçı onun xeyrinə tutulan alimentin miqdarı 03 iyun 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.07 misli həddində indeksasiya olunmuşdur. İddiaçının iddia tələbi əsassızdır, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Çobankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 iyul 2025-ci il tarixdə verilmiş 97 nömrəli arayışdan görünür ki, Çobankənd kənd sakini İddiaçı Suliddin oğlu RİH başçısının Çobankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 45-ci səhifəsinə 42 nömrəli şəxsi hesaba əsasən qeydə alınmışdır. Hazırda ərazidə yaşayır və heç bir idarə, müəssisədə işləmir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/MT-056-00079 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat İMS xərci İddiaçı tərəfindən təktərəfli qaydada ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-61/2025 saylı qərardadından görünür ki, ərizənin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 2(019)-2028/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü ildə doğulmuş X2 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının 03 iyun 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.07 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 ilə qeyri-rəsmi nikahla evlənmiş, 2011-ci ildə nikahlarının rəsmiləşdirmişlər. Tərəflərin birgə yaşadıqları müddətdə xx.xx.2013-cü ildə X7 adında uşaqları doğulmuş,uşaq hazırda cavabdehin himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-2028/2017 nömrəli qətnaməsinə əsasən 20 oktyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Sülidin oğlundan hər ay 125 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Həmçinin Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-61/2025 nömrəli qərardadına əsasən xx.xx.2013-cü ildə doğulmuş X2 üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 03 iyun 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.07 misli həddində indeksasiya olunmuşdur. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(019)-61/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının çox olmasını göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 №- li, 28 mart 2016-cı il tarixli Qərarı: 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.7-ci bəndində izah olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13-cü bəndində izah olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Balakən Rayon Məhkəməsinin 8(019)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2013-cü ildə doğulmuş X2 üçün ondan tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarının 03 iyun 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.07 misli həddində indeksasiya olunmasını, işsizlikdən maddi cəhətdən əziyyət çəkdiyinə görə yenidən ailə qurmamasını, evdə 76 yaşlı qoca xəstə anası olmasını, həmin alimenti onun pensiyası ilə ödədiyini əsas gətirərək alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddələrinə əsasən işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №- li, 28 mart 2016-cı il tarixli Qərarında izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarda həmçinin izah olunmuşdur ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, tərəflərin heç birinin işləməməsini, maddi və ailə vəziyyətini, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat müəyyən olunmasını, iddiaçının məhkəmə xərclərini tələb etməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(019)-2028/2017 nömrəli qətnaməsinə əsasən təyin edilmiş və 13 aprel 2025-ci il tarixli, 8(019)-61/2025 nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılmalı; qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq yetkinlik yaşına çatmamış, 22 fevral 2013-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı cavabdeh X3 xeyrinə hər ay üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalı; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(019)-2028/2017 nömrəli qətnaməsinə əsasən təyin edilmiş və 13 iyun 2025-ci il tarixli, 8(019)-61/2025 nömrəli qərardadına əsasən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuş alimentin məbləği azaldılsın; qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq yetkinlik yaşına çatmamış, 22 fevral 2013-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı cavabdeh X3 xeyrinə hər ay üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilməklə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar