Məhkəmə qərarları › İş №e-2(019)-1107/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1107/2025

27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1107/2025 27.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X4 baxılıb saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ilin noyabr ayının 07-də 38 sayla Balakən rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə evlənmişlər.Cavabdehlə evliliklərindən xx.xx.2016-cı ildə Tuncay, xx.xx.2021-ci ildə Turqay adında iki uşaqları olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşaqların və ailələrinin dağılmaması xatirinə bir yerdə yaşamışlar. 2025-ci avqust ayında ayrılmışlar. Hal-hazırda xx.xx.2016-cı ildə doğulmuş X7, xx.xx.2021-ci ildə doğulmuş X8 onun yanında yaşayırlar. Artıq cavabdehlə ailə münasibətləri tamamilə pozulmuşdur. Bu şəbəbdən də cavabdehdən uşaqlarının saxlanması üçün aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh ilə aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin aralarında razılaşma olmadığından mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh birgə nikahlarından olan uşaqların baxılıb saxlanmasına borcludur, bu onun bir ata kimi uşaq üzərində vəzifəsidir. Cavabdeh Xəlilov X6 Rayon Polis Şöbəsində işləyr. Aliment ödəmək üçün kifayət qədər imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 07 noyabr 2014-cü ildə rəsmi nikahla İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı ildə Tuncay və xx.xx.2021-ci ildə Turqay adında iki uşaqları olmuşdur. Halhazırda da eyni evdə yaşayırlar. O, hər ay 1370 manat əmək haqqı alır. O, uşaqlarının bütün tələbatını ödəyir. İddiaçı qəsdən, onu incitmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 noyabr 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 990592 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 07 noyabr 2014-cü ildə Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 38 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Xəlilova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 807719 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 27 fevral 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 533108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci tarixli MŞ/BMT056-2025-00108 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 60 manat mediasiya xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə nikahlarını 07 noyabr 2014-cü ildə Balakən rayon Qeydiyyat şöbəsində 38 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər.Birgə nikahlarından xx.xx.2016-cı ildə X7 və 20.02.201-ci ildə isə X8 adında iki uşaqları doğulmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər.Tərəflər 2025-ci ilin avqust ayından ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyası; 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2(iki) uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiya; 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə işin hallarını,tərəflərin birgə nikahından olan azyaşlı uşaqlarının anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi -03 sentyabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2016-cı ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. İddia təmin edildiyindən İddiaçı ödədiyi 60 (altmış) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 74,84 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin; 03 sentyabr 2025-ci il tarixdən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2016-cı ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin;60 (altmış) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilsin;Cavabdeh 74,84 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin;qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar