Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-138/2023 13.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində azaldılmaqla qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdlarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 23 avqust 2005-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2006-cı ildə X10 və 27 dekabr 2010-cu ildə X12 adında iki uşaqları doğulmuşdur. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021-ci ilin mart ayında ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hal-hazırda uşaqlardan xx.xx.2006-cı ildə doğulmuş oğlu-X10 özünün yanında, 27 dekabr 2010-cu ildə doğulmuş X12 isə anasının yanında yaşayır. Özü epilepsiya xəstəsi olmaqla üçünc qrup əlildir. Heç yerdə işləmir. 110 manat sosial müavinət alır. Uşağına atasının köməkliyi ilə baxır. Cavabdeh isə tam əmək qabiliyyətli olduğuna görə uşağa baxmaq üçün hər cür imkanı vardır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasındla bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Hazırda epilepsiya xəstəsi olmaqla üçüncü qrup əlildir və bu səbəbdən də heç yerdə işləyə bilmir. Xəstəliyi ilə bağlı 110 manat sosial müavinət alır. Himayəsində olan 31 may 2006-cı il tarixdə anadan olmuş X10 artıq 11-ci sinifdə oxuyur və uşağın tələbatı günbəgün artır. Heç yerdə işləmədiyinə görə uşağın tələbatını qarşılaya bilmir. Digər tərəfdən də 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat aliment ödəyir. Dövlətin ona üçüncü qrup əlil kimi verdiyi 110 manatı aliment kimi bir uşağı üçün ödəyir. Özünün xəstəliyi ilə bağlı dərmanlarını almağa imkanı yoxdur. 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X12 üçün cavabdehə aliment ödədiyindən öz himayəsində olan övladı üçün layiqli həyat şəraitini təmin edə bilmir. Buna görə də məhkəmənin müəyyən etdiyi alimenti ödəyə bilmir. Eyni zamanda bildirir ki, məhkəmədə Cavabdeh ilə birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş oğlu X6 baxılıb saxlanması üçün Cavabdeh hər ay 160 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiasını təmin etməmişdir. Göründüyü kimi, məhkəmə himayəsində bir övladı olduğu, üçüncü qrup əlil olmaqla epilepsiya xəstəsi olduğu və tam əmək qabiliyyətli olmadığı halda, cavabdeh isə tam əmək qabiliyyətli olduğu halda onun himayəsində olan övladının saxlanması üçün cavabdehdən alimentin tutulmasını qət etməmiş, onu aşkar vəziyyətdə maddi məhrumiyyətlərə düçar etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə sonuncu dəqiqləşdirilmiş tələb hissəsində iddianı müdafiə edərək, sonuncu dəqiqləşdirilmiş tələblə bağlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (107)- 638/2022 nömrəli qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2 (019)-185/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2 (019)-185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, İddiaçı 110 manat məbləğində İİİ qrup ümumi xəstəlikdən əlil kimi sosial müavinət alır, xx.xx.2013-cü ildən daimi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan və xx.xx.2021-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, hazırki tələblə bağlı tərəflər arasında ilkin mediasiya sessiyası keçirilmiş, İddiaçı ilkin mediasiya sessiyasında nümayəndə ilə təmsil olunmuş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və ilkin mediasiya sessiyasına xitam verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 23 avqust 2005-ci il tarixdə evlənmiş, nikahlarını 15 sentyabr 2005-ci ildə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsində 12 sayla rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə X10 və 27 dekabr 2010-cu ildə X12 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.20321-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 15 sentyabr 2005-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Talalar kənd icra nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikah pozulmuş, onların birgə nikahından olan 31 may 2006-cı il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında, 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 isə anası Cavabdeh yanında saxlanması, 09 aprel 2021-ci il tarixdən başlayaraq 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(019)-185/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-638/2022 nömrəli qətnaməsi ilə iddiaçı Hüseyinov X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(019)-185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********7 nömrəli arayışı ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü ildən daimi olmaqla 110 manat məbləğində İİİ qrup ümumi xəstəlikdən əlil kimi sosial müavinət alır. İddiaçı 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ondan tutulan 110 manat sabit pul məbləğində alimentin miqdarının çox olmasını göstərməklə, onun azaldılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanun normasının mənasına görə tərəflərinin ailə vəziyyətlərinin dəyişməsi dedikdə, aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olur. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanun normasının mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment öbdəyən şəxs gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində məhkəməyə həmçinin tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişməsi və ya alimenti ödəyən şəxsi onun ödəməkdən azad etməsi səlahiyyətləri verilmişdir. Tərəflərin başqa diqqətəlayiq maraqlarına aliment alan şəxsin aliment verən şəxsə qarşı cinayət törətməsi və yaxud ailədə nalayiq hərəkətlərə yol verməsi; ailə üzvləri ilə amansız davranması, spirtli içkilərdən və narkotik vasitələrdən sui-istifadə etmsəsi və bu səpkidə sair hallar aid edilə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından 27 dekabr 2010cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki iş üzrə İddiaçı ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamış; yəni onun himayəsində olan şəxslərin sayı artmamış, gəliri azalmamış, həmçinin onun diqqətəlayiq hər hansı maraqları meydana çıxmamışdır. Belə ki, Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından 27 dekabr 2010-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 110 manat alimentin miqdarı müəyyən olunarkən tərəflərin, o cümlədən X3 ailə və maddi vəziyyəti, maraqları, 2021-ci ildə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləği, valideynlərin uşaqlarına həmin yaşayış minimumu məbləğindən az olmayan maddi təminat yaratmaq vəzifəsi və bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. X1 xx.xx.2013-cü il tarixdən İİİ qrup əlil kimi 110 manat sosial müavinət alması aliment təyin olunan zaman faktoloji hal olaraq mövcud olmuşdur. İddiaçı Balakən Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 2 (019)-523/2021 nömrəli qətnaməsində alimentin tutulmasına əsas olmuş faktoloji halları və hüquqi əsasları mübahisələndirməməklə, qəbul etmişdir. Aliment təyin olunduqdan sonra isə İddiaçı 27 dekabr 2010-cu il tarixdə anadan olmuş X2 tutulan alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) səbəb ola biləcək onun ailə və maddi vəziyyətində hər hansı halın baş verməsi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, hazırki işdə alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) əsas ola biləcək hallar müəyyən olunmadığı və aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumunun 2022-ci ildə 193 manat və 2023-cü ildə 220 manat olmaqla daha da artması şəraitində bu alimentin miqdarının dəyişdirilməsi (azadılması) şübhəsiz kimi, uşağın maddi vəziyyətinə mənfi təsir göstərəcəkdir ki, bu da yolverilməzdir. Məhkəmə qeyd edir ki, alimentin azaldılması barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-523/2021 nömrəli qətnaməsi ilə X2 üçün alimentin miqdarı müəyyən olunduqdan sonra onun himayəsində olan şəxslərin sayı artmaqla, bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi və ya başqa formada ailə vəziyyətində dəyişiklik olması və gəlirləri azalmaqla maddi vəziyyətinin pisləşməsi və ya başqa formada maddi vəziyyətində dəyişiklik olması, həmçinin başqa diqqətəlayiq maraqlarının meydana çıxması və bu halların təyin olunmuş alimentin miqdarının azaldılması üçün faktoloji və hüquqi əsas yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlər də iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-138/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-138/2023
13.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver