Məhkəmə qərarları › İş №e-2(019)-155/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-155/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-155/2024 15.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə yaşayışlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat –cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 noyabr 2014-cü il tarixdə el adəti ilə ailə qurmuşdur. Evləndikdən sonra nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Hər iki uşağa atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Evləndikdən sonra cavabdehlə mehriban yaşamışlar, son vaxtlar isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Belə ki, cavabdeh ona xəyanət etmiş, ondan başqa digər qadınla münasibətdə olmaqla onunla da evlənmişdir.Cavabdehlə birlikdə yaşamaları qeyri mümkündür. Ona görə də o, 2023-cü ilin avqust ayının 17-də cavabdehdən ayrılaraq valideynlərinin yanına gəlmişdir. Ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Böyük oğlu Elmin Məmmədov dil qüsurludur. Onun müalicəsi çox xərc tələb edir. Uşaqların gündəlik tələbatı da kifayət qədər xərc tələb edir. O, heç bir yerdə işləmir. Uşaqların baxılmasında valideynləri köməklik edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin “Balakən bazarı” adlanan bazar ərazisində qızıl mağazası vardır. Kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdehin ailə təsərrüfatında fındıq bağları da vardır. Uşaqların baxılması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat aliment ödəmək iqtidarındadır. Alimentin təyin edilməsi tələbi ilə, mediatora müraciət etmiş, Mediasiya prosesində cavabdeh iştirak etməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Cavabdeh 2014-ci il tarixdə İddiaçı ilə rəsmi nikah bağlamadan evlənmiş, faktiki nikahlarından Elmin və Fuad adında iki uşaqları olmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqlara görə 2023-cü ilin avqust ayında ayrılmışlar. Tərəflərin birgə yaşayışından olan uşaqları iddiaçının himayəsindədirlər. Cavabdeh heç yerdə işləmir. Onun qızıl mağazası, fındıq bağı olması barədə iddiaçının göstərdikləri həqiqətə uyğun deyildir.Bu səbəblərdən Cavabdeh iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək iqtidarında deyildir. Buna baxmayaraq o,uşaqlarını saxlamaqdan imtina etmir.Cavabdeh uşaqlarının saxlanması üçün hər ay hər uşağa 150 manat aliment ödəyə bilər. Qeyd etdiklərini nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 avqust 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 280343 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 12 avqust 2015-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 avqust 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 599283 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh , anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 327299 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 28 aprel 2017-ci ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 may 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 966560 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh , anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞŞ/MT001/2023-02353 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini və 5 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 08 noyabr 2014-cü ildə rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından xx.xx.2015-ci ildə X6 və xx.xx.2017-ci ildə X7 adında iki uşaqları olmuşdur. Uşaqlar anasının himayəsindədirlər.Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 20 noyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən İddiaçı ödədiyi 55 (əlli beş) manat mediasiya xərcinin 37.40 (otuz yeddi manat qırx qəpik) manatı Cavabdeh alınıb İddiaçı ödənilməli, mediasiya xərcinin qalan 17,60 manatı İddiaçı özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. İddia qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, Cavabdeh 58.40 manat (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 20 noyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödədiyi 55 manat mediasiya xərcinin 37.40 (otuz yeddi manat qırx qəpik) manatı Cavabdeh alınıb İddiaçı ödənilsin, mediasiya xərcinin qalan 17,60 manatı İddiaçı özünə aid edilsin. Cavabdeh 58.40 manat (əlli səkkiz manat qırx qəpik) dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin alınmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar