Məhkəmə qərarları › İş №e-2(019)-216/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-216/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-216/2024 11.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında şifahi razılıq (podrat müqaviləsi) əsasında görülmüş işlərə görə ona ödəməli olan 600 (altı yüz) manat məbləğində qalıq pulun, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mebel ustasıdır. Uzun müddət Cavabdeh sifarişi əsasında müxtəlif növ mebelləri əvvəlcədən razılaşdırılmış muzd qarşılığında düzəldərək sifarişçiyə təhvil vermişdir. Cavabdeh isə həmin mebellərin alqısatqısı ilə məşğul olmuşdur. O, 2022-ci ilin noyabr ayından etibarən Cavabdeh ilə işləməkdən imtina edərək fərdi qaydada işləməyə başlamışdır. Cavabdeh, onunla işlədiyi dövr ərzində müxtəlif vaxtlarda görülən işlərə görə ödənilməyən cəmi 600 manat məbləğində pul qalığı qalmışdır. Lakin cavabdeh həmin pulu ona ödəməkdən imtina etmişdir. Ödənilməyən 600 (altı yüz) manat məbləğində pulu cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh qanunsuz olaraq həmin pulu ödəməkdən yayınmışdır. Pulun ödənilməsi ilə bağlı sonuncu dəfə cavabdehə 19 dekabr 2023-cü il tarixdə “vatsap” mobil proqram vasitəsi ilə yazaraq tələb etməyinə baxmayaraq o, yenə də həmin pulu müxtəlif bahanələrlə ödəməkdən imtina etmişdir. Bildirir ki, 19 dekabr 2023-cü il tarixdə “vatsap” mobil proqramı vasitəsi ilə cavabdehə məxsus 051 *** ** ** nömrəli hesabından onun 055 *** ** ** nömrəli hesabına göndərilən yazışmalardan və eyni zamanda cavabdehə məxsus səs yazılarından aydın olur ki, cavabdeh, gördüyü işlərin qarşılığında ona ödənilməyən 600 (altı yüz) manat məbləğində pulu hələ də ödəməmişdir və cavabdeh müxtəlif bəhanələr gətirərək həmin pulu ona verməkdən yayınır. Bununla da, cavabdeh ona 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd etmək istəyir ki, məhkəmə hazırlıq iclasında cavabdehlə “vatsap” mobil proqramı vasitəsi ilə aparılan yazışmaların ekran nüsxələri və səsyazıların olduğu 1 ədəd disk məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək, təqdim etdiyi sübutlardan əlavə başqa sübutunun olmamasını göstərərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, İddiaçı 2008-ci ildən tanıyır, birlikdə mebel ustası işləmişlər. Sonradan o, özünə mebel düzəltmə sexi açmış, Əhliman və Şamil adlı şəxs onunla birlikdə işləmişlər. Mebel sifarişini aldıqdan sonra muzd qarşılığında həmin mebelin düzəldilməsini İddiaçı sifariş etmiş, o da Şamillə birlikdə mebeli düzəldib təhvil verdikdən sonra razılaşdıqları pulu ona ödəmişdir. Hər bir sifariş təhvil verildikdən sonra o, Əhlimanın pulunu ödəmişdir. Sonuncu dəfə 2022-ci ildə bir hərbiçi mebel sifariş etmiş, beh də vermişdir. Sifariş verilmiş mebeli düzəltmək üçün o, Bakı şəhərindən material almış və həmin materialı mebel yığmaq məqsədi ilə İddiaçı vermişdir. Lakin Əhliman verdiyi vədinə əməl etməmiş, onun sifariş verdiyi mebelləri yığmamış, nəticədə hərbiçi gəlib behini geri almış, ona ziyan vurmuşdur.1200 manat dəyərində sifarişin yerinə yetirilməsində Əhliman iştirak etməmiş, həmin mebeli Şamillə o, özü hazırlamış, Şamilin pulunu vermiş, qalanını da özünə götürmüşdür. Onun İddiaçı heç bir borcu yoxdur. İddiaçının iddia tələbini əsassız hesab edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan, tarixi məlum olmayan “WhatsApp” mobil proqramı vasitəsi ilə yazışmada qeyd edilmişdir ki, “Salam aleykum menem ehliman zülfüqar biz şamilnən işliyən 1200 manatdan şamilin 600 yuzunu veribsen menim qalıb onu ne vaxt veresen, yəni vermelisen mene şamile veribsen mənə vermiyibsen onu bi di görüm nə vaxt verəsən yəni vermelisən. Yəni o bahanələrdi pul vermağın derdinen o oğlanıda tanimiram mən heç problemde deyil üzləşərəm gorum menədimi onun problemi yoxsa senəmi”. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər 2008-ci ildən bir-birini tanıyırlar, birlikdə mebel ustası işləmişlər. Sonradan Cavabdeh özünə mebel düzəltmə sexi açmış, iddiaçı Əhliman Şamil adlı şəxslə birlikdə orada işləmişlər. Cavabdeh mebel sifarişini aldıqdan sonra muzd qarşılığında həmin mebelin düzəldilməsini İddiaçı sifariş etmiş, o da Şamil adlı şəxslə birlikdə mebeli düzəldib təhvil verdikdən sonra razılaşdıqları pulu cavabdeh ona ödəmişdir. Sonuncu dəfə 2022-ci ildə Cavabdeh aldığı sifarişin yerinə yetirilməsi üçün Bakı şəhərindən material almış və həmin materialı mebel yığmaq məqsədi ilə İddiaçı vermişdir. Lakin İddiaçı onunla işləməkdən imtina etmiş, fərdi qaydada işləyəcəyini bildirmişdir.Həmin vaxtdan iki ildən artıq müddət keçdikdən sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753-cü maddəsinə əsasən: 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 759.1-759.2-ci maddələrinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1-760.2-ci maddələrinə əsasən Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İddiaçı podrat müqaviləsi əsasında gördüyü işlərə görə ödənilməli olan pullardan ödənilməmiş qalan 600 manatın Cavabdeh tərəfindən ona ödənmədiyini göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçı İddiaçı ifadəsi belə ziddiyyətlidir. Belə ki, o, iddia ərizəsində, həmçinin məhkəmə iclasında göstərdi ki, tələb etdiyi 600 manat gördüyü işlərdən qalıq qalmış puldur. O, iddia ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsində sübut olaraq isə “WhatsApp” mobil proqramı vasitəsi ilə yazdığı SMS mətnlərinə istinad etmişdir. Sözügedən SMS mətnlərində isə qalıq borc deyil, 1200 manat dəyərində mebel sifarişinin yerinə yetirilməsinə görə almalı olduğu 600 manat tələb olunur. Məhkəmə iclasında isə müəyyən edildi ki,1200 manat dəyərində mebel sifarişinin yerinə yetirilməsində İddiaçı iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar