Məhkəmə qərarları › İş №e-2(019)-306/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-306/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-306/2024 29.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızının və Cavabdeh iştirakı ilə İddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qızları xx.xx.2014-cü il tarixdə doğulmuş X1 və xx.xx.1017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi kimi baxılıb saxlanılması ücün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 250 ( iki yüz əlli ) manat aliment alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini azaldıb, Cavabdeh oğlundan qızları xx.xx.2014-cü il tarixdə doğulmuş X1 və xx.xx.1017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi kimi baxılıb saxlanılması ücün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla hər ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı iddiasını onunla əsaslandırmışdır ki, 2013-cü ildə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə evlənmişlər. Nikahları xx.xx.2014-cü il tarixdə 47 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövrdə 2 uşaqları olub. 1. X6-xx.xx.2014-cü il tarixdə, 2. X7 - xx.xx.2017ci il tarixdə doğulmuşlar. Əliyar ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar. Son illərdə aralarında ailə münaqişələri başlamışdır. Münaqişələr səbəbindən 17 oktyabr 2023-cü il tarixdə 2 uşağını da özü ilə apararaq Balakən rayonunun Talalar kəndində yerləşən ata evinə getmişdir. Artıq 4-cü aydır ki, Əliyardan ayrı yaşayır. Heç yerdə işləmir. Uşaqlara təkbaşına baxmaq onun üçün çox çətindir. Uşaqların baxılmasında ona valideynləri köməklik göstərir. Əliyar uşaqlarının baxılmasında ona heç bir köməklik göstərmir. Buna görə uşaqlarının baxılıb saxlanılması üçün Əliyardan aliment tələb edir. Əliyar Balakən rayonunda fəaliyyət göstərən Yaşıllıq idarəsində işləyir. Bundan başqa fərdi işlərlə də məşğul olur. Onun müəyyən qazancı var. Hesab edir ki, cavabdeh uşaqlarının baxılması üçün lazımi məbləğdə aliment ödəyə bilər. Əliyardan sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iclasında iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı azaldılan tələb hissəsində iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın azaldılmış tələb hissəsində-hər uşağa görə hər ay 100 manat aliment təyin olunması hissəsində qəbul edərək, 345 manat pensiya aldığını, başqa qazancı və gəlirinin olmadığını və tələb yönəldilə biləcək əmlakının olmadığını bildirərək, ondan iddiaçının xeyrinə hər uşağa görə hər ay 100 manat alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 916629 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2014-cü il tarixdə 47 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bodurova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 mart 2014-cü il tarixdə verilmiş AZ-İİİ 254491 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 21 yanvar 2014-cü il tarixdə doğulmuş, şəhadətnamənin atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı yazılmışdır. İş materiallarında olan Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən 20 iyul 2017-ci il tarixdə verilmiş AZ-İİİ 935098 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə doğulmuş, şəhadətnamənin atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı yazılmışdır. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 113 nömrəli arayışından görünür ki, Bodurova (Balayeva) X3 rayonu Qazma kənd sakinidir və uşaqlar hal-hazırda ananın himayəsindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş «Elektron məhkəmə» portal məlumatından çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində social işçi olaraq işləyir və 345 manat əmək haqqı alır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı 2013-cü ildə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə evlənmiş, nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə 47 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2017-ci il tarixdə X9 adında iki uşaqları doğulmuşdur. Tərəflər 17 oktyabr 2013-cü il tarixdən ayrılmışlar. Tərəflərin birgə nikahından xx.xx.2014cü il tarixdə doğulmuş X6 və xx.xx.2017-ci il tarixdə doğulmuş X9 anaları Bodurova (Balayeva) Cəmilə Müsənnif qızının yanında və himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir, iddiaçıya kömək göstərmir. Tərəflər arasında aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, ilkin mediasiya sessiyasında iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, Bodurova (Balayeva) Cəmilə Müsənnif qızı 60 manat mediasiya xərci ödəmiş, bu barədə xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materiallarına istinad edərək, hesab edir ki, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin təyini məsələsində məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, alimentin təyini məsələsində iddiaçının işləməməsi və aylıq hər hansı qazanca (gəlirə) malik olmaması, həmçinin uşaqların məişət və digər qayğılarının çəkilməsində iddiaçının üzərinə daha çox ağırlığın düşməsi, eyni zamanda aliment ödənişinin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması halları önə çəkilməlidir. Bu xüsusatlar nəzərə alınmaqla iddianın tam şəkildə təmin edilməsinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə uyğun olması şübhəsizdir. Bu hal tərəflərin alimet məbləği ilə bağlı razılığı konteksində də təsdiq olunur. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Məhkəmə iş üzrə cavabdehin audioyazı və videoyazılı protokoluna qeyd edilməklə qanuna zidd olmadığına və hər hansı şəxsin hüquqlarını və qanuni mənafeyini pozmadığına görə iddianı etiraf etməsini də qəbul edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin olunması üçün bütün faktoloji və hüquqi əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi kömək göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 29 yanvar 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından 21 yanvar 2014-cü ildə anadan olmuş X1 və 04 iyul 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla hər ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızına verilməlidir. Həmçinin Cavabdeh ödənilmiş 60 manat dövlət rüsumu tutularaq iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Ərizənin verildiyi 29 yanvar 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından 21 yanvar 2014-cü ildə anadan olmuş X1 və 04 iyul 2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla hər ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızına verilsin; Cavabdeh ödənilmiş 60 manat dövlət rüsumu tutularaq iddiaçı Bodurova (Balayeva) Cəmilə Müsənnif qızına ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar