Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-341/2022 13.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh Abdulətif oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Abdulətif oğluna qarşı hasar ətrafında olan ağacların, kolların kəsilərək götürülməsi və 1200 manat dəymiş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: İddiaçı Cavabdeh Abdulətif oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh Abdulətif oğlu ilə onun istifadəsində olan torpaq sahələrini ayıran hasar ətrafında cavabdeh Abakarovun istifadəsində olan torpaq sahəsində yabanı halda bitmiş 6 ədəd ağacın və digər yabanı kolların kəsilərək götürülməsi, ona dəymiş ziyan olan 1200 (bir min iki yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 32 manat pulun cavabdehdən alınaraq ona verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır. Şəxsi mülkiyyətində yaşayış evi və 0.12 ha torpaq sahəsi vardır. Bundan başqa hər il Gərəkli Bələdiyyəsi ilə müqavilə bağlayaraq 0.36 ha torpaq sahəsini icarəyə götürmüşdür. Onunla qonşuluqda Balakən rayonu Gərəkli kənd sakini olan Cavabdeh Abdulətif oğlu yaşayır. İstifadəsində olan torpaq sahələri dəmir tor və şiferlə hasarlanmışdır. Qonşusu Əli ilə aralıqda olan hasarın ətrafında 6 ədəd yabanı halda bitmiş alça, fındıq, xurma və göyriış ağacları, bundan başqa yabanı halda bitmiş müxtəlif kollar vardır. Uzun illərdir ki, bu ağacların budaqları onun istifadəsində olan torpaq sahəsinə kölgə salır. Buna görə də o, hasar ətrafında 3 metr eni və 30 metr qədər uzunluğunda olan torpaq sahəsində tərəvəz məhsulları (sarımsaq) əkə bilmir. Belə ki, o, əvvəllər bu sahədən 100 kiloqrama qədər sarımsaq məhsulu əldə etməklə bu məhsulu hər kiloqramı 4 manatdan olaraq satmışdır. Bununla da ona son 3 il ərzində dəymiş ziyan 1200 manat olmuşdur. Dəfələrlə qonşusu Əlidən qeyd etdiyi ağacların budaqlarının, yaxud bəzilərinin tam kəsilməsini tələb etsə də, Əli ağacları kəsməyəcəyini, həm də budamayacağını bildirmişdir. Bununla bağlı müxtəlif təşkilatlara, o cümlədən Balakən Rayon Polis Şöbəsinə, Gərəkli Bələdiyyəsinə, Gərəkli kənd icra nümayəndəliyinə müraciət etsə də, heç bir nəticə alınmamışdır. Balakən RPŞ-dən və Gərəkli Bələdiyyəsi tərəfindən verilmiş məktub və arayışı ərizəsinə əlavə etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Abdulətif oğlu iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, öz xüsusi mülkiyyətində olan torpaq sahəsində ağaclar və kollar əkmişdir, həmin ağaclar və kollar onun öz torpaq sahəsində yerləşir. Həmin ağac və kollar İddiaçı heç bir maneçilik törətmir və törədə də bilməz. Onun ağac və kollarının İddiaçı 1200 manat ziyan vurması tamamilə absurd bir tələbdir. İddiaçı istifadə etdiyi həmin torpaq sahəsi bələdiyyə torpağıdır və Aslanxanın ora hüquqları qeydiyyata alınmamışdır. Həm də onun həyətyanı torpaq sahəsi İddiaçı torpaq sahəsi ilə hasarla ayrılmışdır. İddia tamamilə əsassızdır. İddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Arılıq kəndində yerləşən 699.36 kvm həyətyanı torpaq sahəsi Cavabdeh Abdulətif oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-1160 KOD 40110018 Torpağa Mülkiyyət Hüququna X8 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Arılıq kəndində yerləşən 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Abdulətif oğlunun, X1, X2 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, Balakən rayonu Gərəkli Bələdiyyəsi ilə İddiaçı arasında bələdiyyəyə məxsus Arılıq Binə ərazisindən 0,26 ha torpaq sahəsi 11 (on bir) ay müddətinə İddiaçı icaryə verilmişdir. İş materiallarında olan Balakən rayonu Gərəkli Bələdiyyəsinin sədri M.Qaybalıyevin xx.xx.2022-ci il tarixli 01 saylı arayışından görünür ki, bələdiyyəyə bir neçə dəfə şifahi şəkildə müraciət etmiş kənd sakini İddiaçı qonşusu Cavabdeh Abdulətif oğlu ilə aralarında olan mübahisələrin həll olunmasına köməklik göstərməyini xahiş etmişdir. Tərəflərindən həmin ərizəyə aidiyyəti qurumların iştirakı ilə baxış keçirilmiş və Cavabdeh Abdulətif oğluna izah olunmuşdur ki, iki qonşunun sərhədində yabanı şəkildə bitmiş ağaclar qonşu tərəfə kölgə saldığı üçün həmin ağacların kəsilməsi və yaxud budanmasını məsləhət görmüşdür. Lakin bu günə qədər həmin ərazidə heç bir kəsim və budanma işləri aparılmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2022-ci il tarixli, 10/3190 saylı rəyindən görünür ki, baxış zamanı naturada təqdim edilən, ümumilikdə 6 ədəd olmaqla, 2 ədəd fındıq, 1 ədəd alça, 2 ədəd gilas, 1 ədəd xurma ağacının və digər kol bitkilərinin faktiki olaraq iş üzrə cavabdeh şəxs olan Cavabdeh Abdulətif oğlunun istifadəsində olan torpaq sahəsi üzərində yerləşdiyi müəyyən olunur. Qərardadın 2-ci sualının cavablandırılması tikinti ekspertinin səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 21 iyul 2022-ci il tarixli, 10/3190 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının və cavabdehin izahatları və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Arılıq kəndində yerləşən 699.36 kvm həyətyanı torpaq sahəsi Cavabdeh Abdulətif oğlunun mülkiyyətinə verilmiş, həmçinin JN-1160 KOD 40110018 Torpağa Mülkiyyət Hüququna X10 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında Balakən rayonu Arılıq kəndində yerləşən 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh Abdulətif oğlunun, X1, X2 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 fevral 2022-ci il tarixli müqavilə ilə Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən bələdiyyəyə məxsus Arılıq Binə ərazisindən 0,26 ha torpaq sahəsi 11 (on bir) ay müddətinə İddiaçı icarəyə verilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 21 iyul 2022-ci il tarixli, 10/3190 saylı rəyi ilə müəyyən edilmişdir ki, baxış zamanı naturada təqdim edilən, ümumilikdə 6 ədəd olmaqla, 2 ədəd fındıq, 1 ədəd alça, 2 ədəd gilas, 1 ədəd xurma ağacı və digər kol bitkilərinin faktiki olaraq iş üzrə cavabdeh şəxs olan Cavabdeh Abdulətif oğlunun istifadəsində olan torpaq sahəsi üzərində yerləşdiyi müəyyən olunur. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 32 manat dövlət rüsumu ödəmişdir, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlkdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər; bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir; torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur; torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur; torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir; torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının cavabdeh Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh Abdulətif oğlunun onun istifadəsində olan torpaq sahələrini ayıran hasar ətrafında cavabdeh Abakarovun istifadəsində olan torpaq sahəsində yabanı halda bitmiş 6 ədəd ağacın və digər yabanı kolların kəsilərək götürülməsi tələbinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan, o cümlədən işə əlavə olunan məhkəmə tikinti-texniki ekspertizasının 21 iyul 2022-ci il tarixli, 10/3190 saylı rəyindən görünür ki, kəsilməsi tələb edilən ümumilikdə 6 ədəd olmaqla, 2 ədəd fındıq, 1 ədəd alça, 2 ədəd gilas, 1 ədəd xurma ağacı və digər kol bitkiləri faktiki olaraq iş üzrə Cavabdeh Abdulətif oğlunun istifadəsində (mülkiyyətində) olan torpaq sahəsində yerləşir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən Cavabdeh Abdulətif oğlunun həmin ağaclar və kol bitkiləri üzərində müvafiq sahiblik, istifadə və sərəncam vermək hüquqları vardır. İşdəki sübutlarla cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin ağac və kolların İddiaçı bələdiyyədən icrayə götürdyü qeyd edilən torpaq sahəsindən istifadəsinə maneçilik yaratması və iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən olunmur və iddiaçı tərəfindən də bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu konteksdə məhkəmə iddiaçının təqdim etdiyi Balakən rayonu Gərəkli Bələdiyyəsinin sədri M.Qaybalıyevin xx.xx.2022-ci il tarixli 01 saylı arayışını iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin arayışla Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin ağac və kolların İddiaçı bələdiyyədən icrayə götürdyü qeyd edilən torpaq sahəsindən istifadəsinə hansısa formada maneçilik yaratması və iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozması təsdiq olunmur. Bələdiyyə sədrinin xx.xx.2022-ci il tarixli 01 saylı arayışında Cavabdeh Abdulətif oğlunun torpaq sahəsindəki ağac və kolların qonşu tərəfə kölgə salması göstərilmiş, bunun iddiaçının torpaq sahəsindən istifadəyə hansı formada maneçilik yaratması, iddiaçıya hansı formada və məbləğdə ziyan vurması və hansı faktoloji və hüquqi əsaslarla iddiaçının hüquqlarını əhəmiyyətli dərəcə pozması qeyd edilməmiş və bu hallar müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı iddia predmetini təşkil edən ağac və kolların cavabdehin torpaq sahəsində yabanı halda bitməsini qeyd edir. Belə olan halda nəzərə çatdırılmalıdır ki, yaşıllıqların-ağac və kolların kəsilməsinin qaydaları qanunda nəzərdə tutulmuşdur və onların həmin qaydalardan kənar kəsilməsi-götürülməsi müəyyən hüquqi məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühaitdə yaşamaq hüququ vardır; hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüquqları vardır; heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Həmçinin dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir. Eyni zamanda ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Yaşıllıqların mühafizəsi və qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi məqsədilə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cü il tarixli Qanunu qəbul edilmişdir. Qeyd edilən qanuna əsasən yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Yaşıllıqların mühafizəsi dedikdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər başa düşülür. Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli qərarı ilə “Yaşıllıqların götürülməsi Qaydası” təsdiq edilmiş, sözügedən Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydada göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Həmin Qaydalara görə Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında və aşağıdakı hallarda yol verilir:dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq orqanlara yaşıllıqların götürülməsi ilə bağlı müraciət edir (mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və bələdiyyələrə) və imtinaya əsasverən hallar olmadığı təqdirdə aidiyyəti orqanlar müvafiq rəyin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir və Nazirlik tərəfindən yaşıllığa yerində baxış keçirilərək müvafiq rəy tərtib olunur. Həmçinin bələdiyyə və digər qurumlar tərəfindən yaşıllığın götürülməsi üçün qərar qəbul edilməsi zamanı rəylə yanaşı “Yaşıllıqların götürülməsi Qaydasına” əlavədə göstərilən yaşıllığın götürülməsi vərəqinin olması da əsasdır. Həmin Qaydaya əsasən götürülən yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilir. Azərbayacan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən fiziki şəxs kimi istifadəsində olan torpaq sahəsinə münasibətdə müvafiq orqanlara yaşıllıqların götürülməsi ilə bağlı müraciət edir (mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və bələdiyyələrə) və imtinaya əsasverən hallar olmadığı təqdirdə aidiyyəti orqanlar müvafiq rəyin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir və Nazirlik tərəfindən yaşıllığa yerində baxış keçirilərək müvafiq rəy tərtib olunur. Həmçinin bələdiyyə və digər qurumlar tərəfindən yaşıllığın götürülməsi üçün qərar qəbul edilməsi zamanı rəylə yanaşı “Yaşıllıqların götürülməsi Qaydasına” əlavədə göstərilən yaşıllığın götürülməsi vərəqinin olması da əsas olmalıdır. Yalnız bundan sonra həmin yaşıllıqlar; ağac və kollar götürülə bilər. Ona görə də qanunvericilikdə nəzərdə tutulmuş göstərilən qaydalara əməl etmədən Cavabdeh Abdulətif oğlu tərəfindən sözügedən ağac və kolların kəsilməsi və ya bunun bələdiyyə və ya başqa qurum tərəfindən ondan tələb edilməsi qanunun tələbinə ziddir. Əks hal Cavabdeh Abdulətif oğlu üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır. Eyni zamanda həmin ağac və kollar cavabdehin xüsusi mülkiyyətini təşkil etdiyi halda onların kəsilməsinin ondan tələb edilməsi onun qanunla qorunan mülkiyyət hüquqlarına əsassız müdaxilə olardı və bu da yolverilməzdir. Belə ki, işdə bu müdaxilənin əsaslı olması, qanuni məqsəd daşıması, həmin məqsədə mütənasib olması, demokratik cəmiyyətdə zəruri olması və bu zaman ağaclar və kolların kəsilməsi ilə bağlı cavabdehə müvafiq kompensasiya verilməklə onun hüquqları ilə qanuni məqsəd arasında ədalət tarazlığın təmin edilməsi barədə heç bir sübut, faktoloji və hüquqi əsas yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, bu xüsusda Cavabdeh Abdulətif oğlunun sözügedən hüquqlarına müdaxilə olunması üçün əsaslar yoxdur. Ona görə də iddia cavabdeh Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh Abdulətif oğlunun onun istifadəsində olan torpaq sahələrini ayıran hasar ətrafında cavabdeh Abakarovun istifadəsində olan torpaq sahəsində yabanı halda bitmiş 6 ədəd ağacın və digər yabanı kolların kəsilərək götürülməsi tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iddiaçının cavabdehdən 1200 manat ziyan alınaraq ona verilməsi tələbinə hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia həmin 1200 manat ziyan tələbi hissəsində də təmin edilməməlidir. Belə ki, mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik aktlarının müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh tərəfindən tələb etdiyi 1200 manat məbləğində ziyan vurulub vurulmadığı müəyyən edilməlidir. Yəni iddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə ziyan vurması, bu ziyanın cavabdehin hansısa qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla cavabdehin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin göstərilən məbləğdə ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu xüsusda iddiaçı həmin ziyanla bağlı iddia tələbinin əsaslandırıldığı halar kimi cavabdehin ağac və kollarının onun əkin sahəsinə saldığı kölgə nəticəsində cavabdehin torpaq sahəsini ayıran hasar ətrafında 3 metr eni və 30 metrə qədər uzunluğunda torpaq sahəsində tərəvəz məhsulu olan sarımsaq əkə bilməməsi, əvvəllər bu sahədən 100 kiloqrama qədər sarımsaq əkməsi, hər kiloqramını 4 manatdan satması, əvvəlki 3 il ərzində 1200 manat qazanc əldə etməsi, son üç 3 il ərzində həmin sahədə sarımsaq əkə bilməməsi nəticəsində ona dəymiş ziyanın 1200 manat olmasını göstərmişdir. Bu tələblə bağlı nəzərə çatdırılmalıdır ki, iş materiallarından və işdə olan fotoşəkillərdən iddiaçının əkin sahəsinə kölgə salmasını göstərdiyi və kəsilməsini tələb etdiyi ağacların və kolların 3 ildən bundan əvvəl də həmin yerdə olması qənaətinə gəlmək mümkündür. Bununla belə iddiaçı həmin ağacların 3 il bundan əvvəl tərəvəz məhsulu-sarımsağı əkməsinə maneçilik yaratmasını göstərmir və bundan əvvəl 3 il ərzində bu sahədən 100 kiloqrama qədər sarımsaq məhsulunu götürərək, kiloqramını 4 manatdan satmaqla 1200 manat qazanc əldə etməsini qeyd edir. Belə olan halda əsaslı olaraq bu nəticəyə gəlmək mümkündür ki, 3 il bundan əvvəl həmin ağacların və kolların kölgəsinin iddiaçının həmin sahədə tərəvəz məhsulu-sarımsaq əkməsinə və 100 kiloqrama qədər sarımsaq məhsulu götürməsinə heç bir maneçilik yaratmamışdır. Onda hansı əsaslı səbəbdən son üç ildə həmin ağacların, həmçinin kolların gölgə salmaqla eni 3 metr, uzunluğu 30 metrə qədər sahədə iddiaçıya sarımsaq məhsulu əkməsinə maneçilik yaratması məhkəmə üçün aydın deyildir və iddiaçı da bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı əvvəllər qeyd etdiyi eni 30 metr, uzunluğu 30 metrə qədər olan sahədən ildə 100 kiloqrama qədər sarımsaq götürməsi, həmin sarımsağın 1 kiloqramını 4 manata satması, bununla da ildə 400 manat, 3 ildə isə 1200 manat qazanc əldə etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının cavabdehin ağac və kollarının onun eni 3 metr, uzunluğu 30 metrə qədər olan torpaq sahəsinə kölgə salmaqla ona hər il 100 kiloqrama qədər sarımsaq məhsulu almasına imkan verməməsi, sarımsağın hər kiloqramını 4 manata satması və ona son 3 ildə 1200 manat maddi ziyanın dəyməsi barədə qənaəti heç bir mötəbər sübutla təsdiq olunmayan ehtimallara əsaslanmışdır. İş üzrə iddiaçının iddia tələbinin əsaslandırdığı hallarla bağlı tələb etdiyi 1200 manat maddi ziyan arasında heç bir səbəbli əlaqə və cavabdehin həmin ziyanın vurulmasında təqsiri, həmçinin delikt məsuliyyətinin digər cəhətləri müəyyən olunmur. Ümumiyyətlə İddiaçı Cavabdeh Abdulətif oğlunun ona 1200 manat məbləğində maddi ziyan vurmasını, bu ziyanın cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulmasını, bu məbləğdə ziyanla cavabdehin iddia edilən qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olmasını və cavabdehin göstərilən məbləğdə ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Göstərilənlər hazırki iddianın tamamilə əsassız olmasını göstərir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh Abdulətif oğluna qarşı cavabdeh Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh Abdulətif oğlu ilə onun istifadəsində olan torpaq sahələrini ayıran hasar ətrafında cavabdeh Abakarovun istifadəsində olan torpaq sahəsində yabanı halda bitmiş 6 ədəd ağacın və digər yabanı kolların kəsilərək götürülməsi, ona dəymiş ziyan olan 1200 (bir min iki yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 32 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 32 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyi üçün İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Repsublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Laikn hakim qanunda göstərilən müstəna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş 32 manat dövlət rüsumu İddiaçı aid edilsin; İddiaçı 50 manat ekspert xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-341/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-341/2022
13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver