Məhkəmə qərarları › İş №e-2(019)-378/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-378/2025

05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-378/2025 05.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri Balakən rayonu Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin aralarında bölünməsi və torpaq sahəsinin ikidə bir hissəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə etdikləri Balakən rayonu, Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin aralarında bölünməsi və torpaq sahəsinin ikidə bir hissəsi üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-716/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə Bədəlova (Bayramova) Samirə Adil qızı arasında 08 iyun 2003-cü il tarixdə Balakən rayon Katex kənd icra nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşlar. Birgə nikahda olduqları dövrdə Cavabdeh ilə birlikdə Balakən rayonu, Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini əldə etmişlər.Həmin torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********82, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019). Cavabdeh ona birgə əmlakdan heç bir pay vermək niyyətində deyildir. Bu səbəbdən hesab edir ki,mübahisə predmeti olan torpaq sahəsi məhkəmə qaydasında bölünməli və onun həmin torpaq sahəsinə ikidə bir hissədə mülkiyyət hüququ tanınmalıdır. İşin mediasiya sessiyasında həlli ilə bağlı tərəfindən Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməməsi səbəbindən işin mediasiya qaydasında həlli mümkün olmamış,bununla bağlı mediator X5 tərəfindən MŞŞ\MT018-\2024 01402 nömrəli, xx.xx.2024-cü il tarixli X6 İştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə bildirişi sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərilmiş, lakin o yaşadığı ünvanda olmadığından poçt göndərişi geri qaytarılmışdır.Məhkəmə bildirişi ona təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. İcra Nümayəndəliyi 14 aprel 2025-ci ildə məhkəmə bildirişini almış və bu barədə sənəd məhkəməyə daxil olmuşdur.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(019)-716/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi; iddiaçı Cavabdeh ilə cavabdeh Bədəlova (Bayramova) Samirə Adil qızı arasında 08 iyun 2003-cü il tarixdə Balakən rayon Katex kənd icra nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2008-ci ildə doğulmuş X7 və xx.xx.2015-ci ildə doğulmuş X4 anaları Bədəlova (Bayramova) Samirə Adil qızının yanında saxlanılması; cavabdeh Bədəlova (Bayramova) Samirə Adil qızından 20 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/MT018/2024-01402 nömrəli X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X6 iştirak etmiş, 60 manat mediasiya xərcini özü ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A seriyalı 434882 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları Balakən rayon Katex bələdiyyəsinin mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən «DE FENDO» Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/222586/2024 nömrəli məktubda göstərilmişdir ki,Cavabdeh adına ölkə ərazisində qeydiyyata alınmış daşınmaz əmlaklar haqqında məlumat verilməsi ilə bağlı müraciətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır.Bununla əlaqədar bildiririk ki, Cavabdeh adına Balakən rayonu,Katex kəndində 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(019)-344/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi;ərizənin verildiyi 11 fevral 2021-ci il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahından 24 iyul 2003-cü il tarixdə doğulmuş X2, 25 sentyabr 2008-ci il tarixdə doğulmuş X3 və 02 sentyabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat olmaqla, hər ay cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 noyabr 2019-cu il tarixli A seriyalı ******* nömrəli daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Katex Bələdiyyəsi mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən rayonu Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini 1020 manata alıcı Cavabdeh satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********11 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 0,12 hektar yaşayış məntəqələri torpağı təyinatlı torpaq sahəsi 81 nömrəli reyestr kitabının 08 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə Cavabdeh adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı 08 iyun 2003-cü ildə Cavabdeh ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuşlar. Onlar birgə nikahda olduqları dövrdə-08 noyabr 2019-cu il tarixdə Balakən rayonu, Katex kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsi Cavabdeh adına rəsmiləşdirilmişdir Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-716/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə Bədəlova (Bayramova) Samirə Adil qızı arasında 08 iyun 2003-cü il tarixdə Balakən rayon Katex kənd icra nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı mübahisə olduğundan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-36.4-cü maddələrinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 6.25-6.34-cü bəndlərində göstərilmişdir ki, Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi). İstinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyri-bərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, ər-arvadın əmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosial-iqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir.Bu baxımdan misal üçün, tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə, ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə 13 ər-arvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər. Bölgü zamanı hər bir halda mütənasiblik nəzərə alınmalı, bu cür bölgünün məqsədinin ərin (arvadın) daha çox əmlak əldə etməsi deyil, uşaqların üstün mənafelərinin təmin edilməsi olduğu daim diqqətdə saxlanılmalıdır. Tərəflərin ümumi mülkiyyətində daha artıq sayda əmlak varsa, yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalmasına istinadla ümumi əmlak üzərində tərəflərin paylarının qeyri-bərabər müəyyən edilməsi Ailə Məcəlləsinin 37.2-ci maddəsinin yuxarıda ifadə edilmiş məqsədlərinə xidmət etmir. Qanunverici ümumi əmlakın qeyribərabər bölünməsinə əsas ola biləcək ərin (arvadın) diqqətəlayiq mənafelərinin dairəsini konkret müəyyən etməmiş, hansı xüsusatların bu kateqoriyaya aid edilməsinin mümkünlüyünü hər bir konkret işin hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə həmin əsaslar sırasında ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları xüsusi vurğulamışdır. Ailə Məcəlləsinin ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydalarını müəyyən edən normalarına görə, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə qanunvericiliyi ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsini ümumi şəkildə müəyyən etmişdir. Belə ki, ailə münasibətlərinin bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması Ailə Məcəlləsinin vəzifələri sırasındadır. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalı, ərarvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir (Ailə Məcəlləsinin 1.3, 3.0.2, 3.0.5, 6.2 və 29.4-cü maddələri). Məhkəmələr ər-arvadın ümumi əmlakının bölünməsi zamanı onlardan birinin üzrsüz səbəbdən gəlir əldə etməməsi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi hallarına, ailə qanunvericiliyinin istinad olunan məqsədlərindən çıxış edərək, hüquqi qiymət verməlidir. Nəzərə alınmalıdır ki, ər-arvaddan birinin gəlir əldə etməməsi o halda əmlakın qeyri-bərabər bölünməsinə əsas verə bilər ki, ər və ya arvad heç bir üzrlü səbəb olmadan ailənin rifahı üçün birgə fəaliyyətdə iştirak etməkdən yayınmış olsun. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə gəlir gətirən hər hansı fəaliyyətlə məşğul olmasa da, ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olan, yaxud müstəqil qazancının olmaması digər üzrlü səbəblərlə (o cümlədən sağlamlıq vəziyyəti ilə) bağlı olan ər (arvad) da ümumi əmlak üzərində bərabər pay hüququna malikdir. Ailə Məcəlləsinin 37.2-ci maddəsində ər-arvadın ümumi əmlakının qeyribərabər bölünməsinin digər əsası kimi birgə mülkiyyətin ailənin mənafeyinə zidd olaraq sərf edilməsi halı nəzərdə tutulmuşdur. Ərin (arvadın) ümumi əmlakı birbaşa və ya dolayısı ilə ailə ehtiyaclarına aid olmayan şəxsi məqsədlərinə, zərərli vərdişlərə sərf etməklə və ya ailə qanunvericiliyində müəyyən edilmiş vəzifə və ailədə davranış qaydalarına zidd davranaraq, ümumi əmlakın digər şəkildə əhəmiyyətli azalmasına səbəb olması birgə mülkiyyətinin bölünməsi zamanı payların qeyri-bərabər müəyyən olunması üçün əsas ola bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qeyd edilən hüquq normalarına uyğun qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri,daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmış,Balakən rayonu Katex kəndində yerləşən, 0.12 ha yaşayış məntəqələri torpağı təyinatlı torpaq sahəsi İddiaçı ilə Cavabdeh aralarında bölünsün və torpaq sahəsinin ikidə bir hissəsinə İddiaçı payı müəyyən olunmaqla həmin hissəyə mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı ödədiyi 50 manat dövlət rüsumu xərci və 60 manat mediasiya xərcinin,cəmi 110 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri, daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmış,Balakən rayonu Katex kəndində yerləşən, 0.12 ha yaşayış məntəqələri torpağı təyinatlı torpaq sahəsi İddiaçı ilə Cavabdeh aralarında bölünsün və torpaq sahəsinin ikidə bir hissəsinə İddiaçı payı müəyyən olunmaqla həmin hissəyə mülkiyyət hüququ tanınsın . İddiaçı ödədiyi 50 manat dövlət rüsumu xərci və 60 manat mediasiya xərcinin,cəmi 110 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar