Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-397/2022 17.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB Zaqatala X4 idarəsinin mütəxəssisləri tərəfindən hesablanmış 51790 (beş yüz on yeddi manat doxsan qəpik) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh İB Zaqatala X4 idarəsinin mütəxəssisləri tərəfindən ona əsassız hesablanmış 518,40 manat cərimə borcunun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüquqlarının müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Ona görə də qanun normasının tələbinə əsasən hazırki iddiaya Balakən Rayon Məhkəməsi tərəfindən baxılması qanunamüvafiqdlir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Tülü kəndində tək yaşayır. Qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi, onun da yaşadığı evə qaz qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 200 metrdən çox uzaqlıqda hasarın üzərində yol tərəfdə yerləşdirilmişdir. 2013-cü ilin əvvəlindən 2021-ci ilin noyabr ayına kimi həbsdə olmuşdur. O, həbsdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, qazdan istifadə ilə bağlı “ Azəriqaz” İB-yə 464 manat 50 qəpik borcu var. Buna görə də 15 yanvar 2022-ci il tarixdə həmin borcu tam ödəmişdir. 14 yanvar 2022-ci il tarixdə Cavabdeh İB Zaqatala X4 idarəsinin mütəxəssisləri tərəfindən istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı götürülərək, əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadəsində olmuş sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən o, tərtib olunmuş Aktı imzalamışdır. Əvvəl istifadəsində olan sayğac çıxarılarkən sayğacda hər hansı xətanın olması barədə ona bildirilməmişdir. 31 yanvar 2022-ci il tarixdə istifadəsində olmuş G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və laboratoriya rəyi verilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub, qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bu barədə 31 yanvar 2022-ci tarixdə ******* saylı Akt tərtib edilmişdir. Bir neçə gün əvvəl ona məlum olmuşdur ki, barəsində belə bir Akt var və o, 518,40 manat cərimə olunmuşdur. Cərimə olunduğunu bildikdən sonra o, qaz idarəsinin məsul işçilərinə bildirmişdir ki, G-4 markalı ******* nömrəli qaz sayğacina onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq o, qaz ödənişlərini etmişdir. Qaz sayğacı evindən 200 metr qədər aralıda hasarının üzərində yol tərəfdən yerləşdirilmişdir. Qaz sayğacının mühafizəsinə o, cavabdeh deyildir. Cərimə olunması qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Balakən rayon şöbəsindən tələb etsə də, bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı Məhkəməyə müraciət edir. Belə ki, bir daha qeyd edir ki, qaz sayğacı evindən 200 metr kənarda yol tərəfdədir və onu mühafizə etmək iqtidarında deyildir. Sayğacı mühafizə etmək Qaz İstismarı idarəsinin borcudur. Buna görə də bu cərimə onun abonent hesabından silinməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə hazırlıq iclasına yazılı etiraz göndərərək, etirazda İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etdiyini, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməsini, İddiaçı adına rəsmiləşdirilmiş **********07260 saylı qaz hesabında 540.26 manat borcunun olduğunu, həmin borcun 21.86 manat hissəsi sayğac üzrə, 518.40 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləği olduğunu və iddiaçı akta əsasən hesablanmış borcu (518.40 m) mübahisələndirdiyini, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.01.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərildiyini, əvəzində isə ********** saylı sayğac quraşdırıldığını, Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin 31.01.2022-ci il tarixli 29/1710-00406-1 saylı aktında sayğacın hesablama mexanizminin qapağına vurulan zavod qurğuşun plombun kəsilib yapışqan maddə ilə yenidən yerinə bərpa olunduğunun göstərildiyini (qaz itkisi, müdaxilə), bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X3nın pozulması haqqında 31.01.2022-ci il tarixli ******* saylı akt tərtib edildiyini, Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarının Zaqatala RQİİ-nin 31.01.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 4320 m3 (və ya 518.40 manat) həcmində müəyyən edildiyini, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğunun müəyyən edildiyini göstərərək, 19.04.2022-ci il saat 10:00- a təyin edilmiş məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi X3nın pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi üzrə məhkəmə iclasının baxışa təyin edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, İddiaçı yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı ******* nömrəli qaz sayğacının 17.01.2022-ci il tarixdə açılmasına səbəb "sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod quğuşun plombun kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunması” faktının aşkar edilməsinin olduğunu, xüsusilə qış aylarında qaz sərfi çox olduğu hallarda sayğacın hesablama mexanizmi qoruyucu qapağına vurulmuş zavod qurğuşun plomb kəsilərək qapaq çıxarıldığını və hesabatı aparan çarxların fiziki təmasla geriyə fırladılaraq istehlak edilmiş qazın əsl həcmi (dəyəri) azaldıldığını və yenidən qapaq yerinə bərkidilərək qurğun plomb yapışqan maddə ilə yapışdırıldığını, sayğaca bu şəkildə müdaxilə edilməsinin sadə vizual baxışla müşahidə edilməsi mümkün olmadığından ona əsaslı baxış keçirildikdən sonra aşkar edildiyini, cavabdeh tərəfindən sayğacda müdaxilə etməsi faktının mənzilə məxsus abonent saldosunda da öz əksini tapdığını, belə ki, 17.01.2022-ci il tarixdə açılmış mübahisəli ******* saylı sayğacda qüsur aşkar edilməmişdən əvvəlki dövrdə qaz sərfinin 2016-2021-ci illərdə ümumiyyətlə qeydə alınmadığını, sayğacda qüsur aşkar edildiyini və yenisi ilə əvəz edildikdən sonrakı dövrdə 2022-ci ilin fevral ayında 45 m3, mart ayında 208 m3, aprel ayında 104 m3 olunduğunu, göründüyü kimi qaz sərfi müdaxilə qaz sayğacının şəbəkədən açılmamışdan əvvəlki dövrü ilə yenisi ilə əvəz edildikdən sonrakı dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə fərq olduğunu, digər tərəfdən sayğacın daxili mexanizminə təmas edildiyindən müəyyən vaxt tələb olunduğunu və ona ərazidən keçən hər hansı şəxsin təsadüfən müdaxilə etməsinin də mümkünsüz olduğunu və bu halda da cavabdehin məlumatının olmamasının mümkünsüz olduğunu, cavabdehin sayğacında müdaxilə faktı varsa, deməli onun məlumatı daxilində mümkün olduğunu, nəticə etibarilə istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri olmadığını və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəldiyini, yuxarıda aparılan analizdən və mülki işin faktiki hallarından da göründüyü kimi cavabdehə məxsus mənzildə sayğaca müdaxilə edilməklə qanunsuz qazdan istifadə edilməsi faktına heç bir şübhə yeri qoymadığını və cavabdehin etirazında göstərdiyi fikirlərin isə yalnız formal mülahizələrdən ibarət olduğunu bildirərək, 17.05.2022ci il saat 10:10-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi X3nın pozulması haqqında akt əsasında hesablanmış 518.40 manat borcun silinməsi tələbi barədə” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 yanvar 2022-ci il tarixli, 23493 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Zaqatala RQİİ-ilə İddiaçı arasında bağlanmış, tərəflər təbii qazın alqı-satqısı ilə bağlı üzərinə öhdəlik götürmüşlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Cavabdeh Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.01.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, İddiaçı evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilir və yenisi ilə əvəz olunur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Təbii X3nın pozulması haqqında 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktda göstərilir ki, ARDNŞ-i Cavabdeh İB-nin 29/1710-00406-1 nömrəli aktına əsasən sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub, qaz keçir, hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 31.01.2022-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 31.01.2022-ci il tarixli, 0329594№-li akt üzrə İddiaçı 4320 m3 sayğacdankənar təbii qaz sərfiyyatı (518,40 manat) hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş İddiaçı **********07260 nömrəli abonent saldosundan görünür ki, 518,40 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-ilə İddiaçı arasında 28 yanvar 2022-ci il tarixli, 23493 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.01.2022-ci il tarixli, ******* nömrəli aktı ilə İddiaçı evində qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş və yenisi ilə əvəz olunmuşdur. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən Təbii X3nın pozulması haqqında 31.01.2022-ci il tarixli, ******* nömrəli akt əsasında ARDNŞ Cavabdeh İB-nin 29/1710-00406-1 nömrəli aktına əsasən İddiaçı qaz sayğacına ümumi baxışın keçirilməsi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmiş, 31.01.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 31.01.2022-ci il tarixli, ******* №-li akt üzrə İddiaçı 4320 m3 sayğacdankənar təbii qaz sərfiyyatı (518,40 manat) hesablanmış və həmin 518.40 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin- İddiaçı abonent hesabına daxil edilmişdir və ondan tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etiməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllləsinin 427.1 və 427.2-ci maddələrinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azrəbaycan Respublikası Mülki Məcəlləsinin 452.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlukəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X3»nı 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMRDK-nin (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X6 Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fizik şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Yenə də həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz palayıcısı hesabına həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidlir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, İddiaçı yaşayış evinə qaz sayğacı bu yaşayış evinin içində deyil, evdən kənarda yol tərəfdə quraşdırılmışdır ki, həmin yer də ictimai yer hesab olunur. Qaz sayğacına müdaxilə ilə bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17.01.2021-ci il tarixli ******* nömrəli akt, Təbii X3nın pozulması haqqında 31.01.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunarkən, həmçinin həmin akt əsasında 4320 kub metr itirilmiş qaz itkisi ilə bağlı 31.01.2022-ci il tarixli tələbnamə üzrə qərar verilərkən qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. İş üzrə cavabdeh tərəfindən də İddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunması, 31.01.2022-ci il tarixli, ******* nömrəli aktın və 31.01.2022ci il tarixli tələbnamənin həqiqəti əks etdirməsi və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, iddia tələbinə olan etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Məhkəmə, 17.01.2021-ci il tarixli ******* nömrəli aktı, 31.01.2022-ci il tarixli, ******* nömrəli aktı və 31.01.2022-ci il tarixli tələbnaməni həqiqəti əks etdirməyi, əsaslı olmadığı, işin həqiqi halları ilə ziddiyət təşkil etdiyi üçün iddia tələbini təkzib edən hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Cavabdeh İB yalnız dəymiş zərəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən etmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» o vaxt mötəbər sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının müvafiq normasına istinad edilməklə qəbul edilsin və Konstitusiyaya və qanunlara zidd olmasın. Lakin iş materiallarından görünür ki, həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır və normativ-hüquqi akt kimi dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOKAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»nı mötəbər sübut kimi qəbul etmir. Həmçinin Cavabdeh tərəfindən iddia tələbinə etirazın əsaslandırıldığı hallar kimi İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 4320 kub metr qaz itkisi olmaqla 518,40 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı həmin hallar sübut olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə mümkün olunmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notarial qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqvilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün qaz sayğacı qaz paylayıcısı tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 518,40 manat cərimə borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin cərimə borcu iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa olunmalı və həmin 518,40 manat cərimə borcu iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının evdən kənarda yerləşməsini, cavabdeh tərəfindən qaz sayğacına ehtimal olunan müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə və bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin X5 İstismar İdarəsinin əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 518,40 manat cərimə borcu onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı əsassız hesablanmış 518,40 manat cərimə borcu İddiaçı abonent hesabından silinsin; Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-397/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-397/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver