Məhkəmə qərarları › İş №e-2(019)-409/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-409/2025

10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-409/2025 10.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən- ərizənin verildiyi gündən başlayaraq xx.xx.2010-cu ildə doğulmuş X2 və xx.xx.2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmasına dаir qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cаvаbdeh Cavabdeh ilə 2005-ci ildə qeyri-rəsmi nikahla evlənmişlər. Nikahlarını 01 fevral 2006-cı ildə Balakən rayonu Xalatala kənd İnzibati Dairəsində 01 sayla rəsmiləşdirmişlər. Cаvаbdehlə evliliklərindən xx.xx.2006cı ildə Cavabdeh, xx.xx.2010-cu ildə X5, xx.xx.2016-cı ildə X6 adında uşaqları olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşaqların və ailəsinin dağılmaması xatirinə bir yerdə yaşamışlar. 2024-cü ilin dekabr ayında cavabdehdən ayrılmışlar. Ayrıldığı vaxtdan birgə nikahlarından doğulmuş uşaqları onun yanında yaşayır. Artıq cavabdehlə ailə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən də cavabdehdən uşağının saxlanması üçün aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh ilə aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişlər, lakin aralarında razılaşma olmadığından mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cаvаbdeh Cavabdeh birgə nikahlarından olan uşaqların baxılıb saxlanmasına borcludur, bu onun bir ata kimi uşaq üzərində vəzifəsidir. Cavabdehin aliment ödəmək üçün kifayət qədər imkanı vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən Rayon Xalatala kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 207228 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 01 fevral 2006-cı ildə 01 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı 698765 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ seriyalı 454761 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 yarımbənd əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın tərbiyəsinə, təhsilinə, sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2016-ci ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ayrı-ayrılıqda sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmiş, hazırki işdə tutulan alimentin 1 illik məcmusu isə 3840 manatdır (320 manat x 12 ay). İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 58.40 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 17 fevral 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2016-ci ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ayrı-ayrılıqda sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. 58.40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar