Məhkəmə qərarları › İş №e-2(019)-452/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-452/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-452/2022 07.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1200 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı, 770 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 140 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və 1180 manat dəyərində, Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti-qızıl zinət əşyalarının alınıb ona verilməsi və ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə nikahlarını 12 avqust 2016-cı il tarixdə Balakən rayon Kortala kənd inzibati ərazi Dairəsi üzrə icra nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə qızı X7 doğulmuşdur. Evləndikləri ilk vaxtlarda Cavabdeh1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Sonradan Cavabdeh1 ailəsinə qarşı biganə yanaşmış, uşağın və onun gündəlik tələbatları ilə maraqlanmamışdır. Eyni zamanda cavabdeh ona başqa qadınlarla xəyanət etmişdir. Cavabdeh onu dəfələrlə döymüş, ona qarşı fiziki xəsarətlər yetirmişdir. Cavabdehlə birgə nikahda olsalar da onunla ailə münasibətləri formal xarakterdə olmuşdur. Cavabdeh uzun müddətdir ki, Türkiyə Respublikasında işləyir, lakin onun və uşağın dolanışığı üçün heç nə etməmişdir. 2021-ci ilin iyul ayında birgə nikahlarından olan uşağı da götürərək atasının evinə qayıtmışdır. Cavabdehlə aralarında olan nikahın pozulmasını və uşağın baxılması üçün aliment təyin edilməsi tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, onunla Cavabdeh1 arasında bağlanmış və 12 avqust 2016-cı il tarixdə Balakən rayon Kortala kənd İƏD üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 05 iyun 2017-ci il tarixdə doğulmuş qızı-X7 onun yanında saxlanmış, 01 aprel 2022-ci il tarixdən başlayaraq qızı Aliyənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir.O, Cavabdeh1 ilə evlənərkən cavabdehlər tərəfindən ona toy hədiyyəsi olaraq 1200 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı , 770 manat dəyərində 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 140 manat dəyərində 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və 1180 manat dəyərində, Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti, cəmi 3290 manat dəyərində qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin yanvar ayında həmin qızıl-zinət əşyalarını zorla ondan götürərək satmışlar və qızılların puluna yaşadıqları həyətdə onlar üçün tikilən evə tikinti materialları almışlar. Ona əvəzində daha sonra yeni qızıl əşyaları alacaqlarını bildirmişlər. Lakin sonradan həmin qızıl-zinət əşyaları ona alınmamışdır. Qızıllarının satılması barədə ailə üzvlərindən xalası- X1 və xalası qızı- Şahid2 bildirmişdir. Həmin şəxslər bu faktı məhkəmə iclasında təsdiq edəcəklər. Daha öncə də bu iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-194/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qərardadına əsasən iş baxılmamış saxlanılmış, sənədlər ona geri qaytarılmış və yenidən ərizə ilə müraciət etməyi izah olunmuşdur. Cavabdehlər tərəfindən ona məxsus qızıl-zinət əşyaları və ya onların əvəzi ödənilmədiyindən hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 12 avqust 2016-cı il tarixdə onun oğlu- Cavabdeh1 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Toy hədiyyəsi olaraq Günaya ümumi dəyəri 1400 manat olan boyunbağı, qolbağı, qaşlı üzük və sırğa üzük komplekti alınmışdır. Valeh və Günayın xx.xx.2017-ci il tarixdə Aliyə adlı qızları doğulmuşdur. 2020-ci ilin əvvəllərində Günayın öz razılığı ilə ona toy hədiyyəsi olaraq verilmiş qızıllar satılmış və onun müalicəsinə xərclənmişdir. Günay ona alınmış qızılları xoşlamadığından özü satılmasını istəmişdir. 2021-ci ilin iyul ayında Günay uşağı da götürüb atası evinə getmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə Valehlə Günay arasındakı nikah pozulmuş, uşağın saxlanması üçün Valehdən 170 manat aliment tutulub Günaya verilməsi qərara alınmışdır. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun bacısı qızıdır. Günay 2016-cı ildə Cavabdeh1 ilə evlənmişdir. Valeh və anası toydan əvvəl Günayı qızıl –zinət əşyaları alması üçün aparmışlar. Həmin vaxt o da Günayla birlikdə getmişdir. Lakin həmin vaxt Valeh və anası Günayın xoşuna gələn qızılları almamışlar, öz istədikləri qızılları almışlar. Bu səbəbdən onlar alınan qızıllara, onların formasına baxmamışlar, neçəyə alındığına əhəmiyyət verməmişlər. Ancaq boyunbağı, qolbağı, qaşlı üzük və üzük-sırğa komplekti alındığını bilmişdir. 2019-cu ilin sonlarında gəlinləri- Şeyixova X4 qonaq getmiş və Günayın kefsiz, əsəbi olduğunu görmüşdür. Səbəbini soruşduqda Günay qızıllarının əlindən zorla alınıb satıldığını, qızılların puluna isə həyətdə tikilən ev üçün tikinti materialları alındığını, bu barədə heç kimə, hətta valideynlərinə belə demədiyini bildirmişdir. 2021-ci ilin iyun ayında isə Günay Valehdən ayrılaraq atası evinə gəlmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, iddiaçı Günay qaynanasının bacısı qızıdır. Günay 2016-cı ildə Valeh ilə evlənmişdir. 2019-cu ilin sonlarında o, Günaygilə qonaq getmiş və Günayın kefsiz, əsəbi olduğunu görmüşdür. Səbəbini soruşduqda Günay qızıllarının əlindən zorla alınıb satıldığını, qızılların puluna isə həyətdə tikilən ev üçün tikinti materialları alındığını, bu barədə heç kimə, hətta valideynlərinə belə demədiyini bildirmişdir. O, da gəlib bu barədə qaynanasına demişdir. 2021-ci ilin iyun ayında isə Günay Valehdən ayrılaraq atası evinə gəlmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 dekabr 2021-ci il tarixli MŞİH nömrəli X3 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki,İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2021-ci il tarixli 62 nömrəli rəyində göstərilmişdir: 1.Boyunbağı- Rusiya istehsalı,17 qr,583 pr-1200 manat; 2.Qolbağı-Rusiya istehsalı,10 qr,583 pr-770 manat; 3.Üzük-Rusiya istehsalı,2 qr,583 pr,2x70=140 manat; 4.Komplekt (üzük,sırğa) Rusiya istehsalı,14 qr,583 pr-1180 manatdır.Cəmi məbləğ 3290 (üç min iki yüz doxsan) manatdır. Qızıl-zinət əşyalarının qiyməti indiki bazar qiymətinə uyğundur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Balakən rayonu Kortala kənd sakini İddiaçı əri Cavabdeh1 tərəfindən döyülməsi barədə şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı İddiaçı əri Cavabdeh1 tərəfindən döyülməsi faktı təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ilə nikahlarını 12 avqust 2016-cı ildə Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflər ailə qurarkən cavabdehlər tərəfindən İddiaçı toy hədiyyəsi olaraq 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 17 qram çəkidə boyunbağı , 1 ədəd Rusiya istehsalı, 583 əyyarlı, 10 qram çəkidə qolbağı , 1 ədəd, Rusiya istehsalı, 583 əyyarlı, 2 qram çəkidə qaşlı üzük və Rusiya istehsalı, 583 əyyarlı,14 qram çəkidə sırğa və üzük komplekti-qızıl-zinət əşyaları hədiyyə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7 adlı bir uşaqları olmuşdur. Təxminən 2019-cu ilin sonu,2020-ci ilin əvvəllərində, yəni tərəflər birgə yaşadıqları dövrdə həmin qızıl zinət əşyaları satılmış və ailənin ehtiyaclarına xərclənmişdir. 2021-ci ilin iyun ayında İddiaçı birgə nikahlarından olan uşağı da götürüb atası evinə getmişdir. Balakən Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və 12 avqust 2016-cı il tarixdə Balakən rayon Kortala kənd İƏD üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 05 iyun 2017-ci il tarixdə doğulmuş X5 anası İddiaçı yanında saxlanılması, ərizənin verildiyi 01 aprel 2022-ci il tarixdən başlayaraq 05 iyun 2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Valeh qızına ödənilməsi qət edilmişdir. 01 aprel 2022-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyndən öz əmlakını geri tələ edə bilər. Məhkəmə iclasında mübahisəsiz olaraq müəyyən edildi ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları 2016-cı ildə cavabdehlər tərəfindən toy hədiyyəsi olaraq iddiaçıya alınmış, təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində, yəni tərəflər birgə yaşadıqları dövrdə həmin qızıl-zinət əşyaları satılmış, ailənin ehtiyaclarına xərclənmişdir(iddiaçı pulun onlar üçün tikilən evə tikinti materialları alınmasına, cavabdehlər isə iddiaçının müalicəsinə xərcləndiyini bildirirlər). İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı qızıl-zinət əşyalarının ondan zorla alınıb satıldığını, cavabdehlər isə qızıl-zinət əşyalarının iddiaçının öz razılığı ilə satıldığını göstərirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adıçəkilən hüquq normalarının tələbinə görə İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ondan zorla alınıb satılmasını sübut etməlidir. İddiaçı isə bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının vəsatəti əsasında dindirilən qohumları-Şahid1 və Şahid2 ifadələrində İddiaçı qızıllar satılandan bir neçə gün sonra belə kefsiz, əsəbi olması, İddiaçı qızılların əlindən zorla alınıb satılmasını bildirməsi barədə göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən qəbul olunmamışdır. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı və onun vəsatəti əsasında dindirilən şahidlərin ifadələri ilə təsdiq olundu ki, İddiaçı toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları alınan vaxtdan onun xoşuna gəlməmiş, həmin qızıl-zinət əşyaları iddiaçının cavabdehlərlə birgə yaşadığı dövrdə satılmış və ailənin ehtiyaclarına xərclənmişdir. Qızıl-zinət əşyalarının satılması ilə bağlı hər hansı orqana şikayət olunmamış, iddiaçı hətta bu barədə valideynlərinə belə məlumat verməmişdir. Belə olduğu halda iddiaçının qızıllar satılandan bir neçə gün sonra belə buna görə kefsiz, əsəbi olması,qızılların əlindən zorla alınıb satılmasını bildirməsi inandırıcı deyildir. Məhkəmə işin qeyd edilən hallarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddiaçıya toy hədiyyəsi olaraq alınmış qızıl-zinət əşyaları onun özünün razılığı ilə satılmışdır. Belə olan halda isə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qeyd edilən hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rusmu xərci də iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri olan 3290 (üç min iki yüz doxsan) manat pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 53,40 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar