Məhkəmə qərarları › İş №e-2(019)-471/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-471/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-471/2025 16.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, cavabdehin xeyrinə xx.xx.2014-cü ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd edilməlidir ki, mediasiya haqqında qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələblərinə görə, ailə (əmək) mübahisələri üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İddiaçı Xocaxov X3 rayonunda fəaliyyət göstərən Mediatora müraciət etməli olduğu halda, qanunvericiliyin tələbini pozaraq Zaqatala rayonunda fəaliyyət göstərən mediatora müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Bu Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində imperativ qaydada göstərilmişdir ki, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə, iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etməməsini, iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etdiyi halda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələbini pozaraq Balakən rayonunda fəaliyyət göstərən mediatora deyil, Zaqatala rayonunda fəaliyyət göstərən mediatora müraciət etməsini, ilkin mediasiya sessiyası aidiyyət qaydası pozulmaqla keçirildiyindən cavabdehin hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 50 manat bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırıb, ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar