Məhkəmə qərarları › İş №e-2(019)-495/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-495/2025

08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-495/2025 08.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 manat borcun, 75 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra idddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək bildirmişdir ki, işin məhkəmə gedişi zamanı cavabdeh tərəfindən borc məbləğindən 1500 manat ödəniş olunmuş, borc məbləğində azalma baş vermişdir. Bu səbəblə iddia tələbinin həcmində azaldılma edilməsinə zərurət yaranmışdır. O xahiş etmişdir ki, Cavabdeh 4000 manat borcun, ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilsin. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, Balakən rayonu Kortala kəndində yerləşən fındıq bağ sahəsini iddiaçıya satmaq adı ilə 2024-cü ilin ortalarında 5500 manat pul almışdır. Müəyyən vaxt keçdikdən sonra cavabdeh vəd verdiyi torpaq sahəsini iddiaçıya təqdim edə bilməmiş, nəticədə alınmış pulun qaytarılması ilə bağlı razılıq əldə edilərək cavabdeh 14 oktyabr 2024-cü il tarixdə iltizam təqdim etmiş, aldığı pulu etiraf edərək 2025-ci ilin fevral ayının sonunadək qaytaracağına vəd vermişdir. Buna baxmayaraq cavabdeh verdiyi vədinə əməl etməmiş, bir neçə bağ sahəsini iddiaçıya borcun əvəzi olaraq göstərilsə də, torpaq sahəsinə dair mülkiyyət sənədlərini təqdim edə bilməmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həlli üçün şifahi və rəsmi olaraq cavabdehə müraciətlər etmiş, cavabdeh borcun ödəniləcəyinə vəd versə də borcunu qaytarmamışdır. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, cavabdeh Həsənov X1 rayon Kortala kənd sakini İddiaçı1 5500 manat borc olaraq pul aldığını qeyd etmiş, həmin 5500 manat pulu 2025-ci ilin fevral ayınadək hissə-hissə olmaqla İddiaçı1 qaytaracağını vəd vermişdir. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 3 gün müddətində 5500 manat pulu qaytarması barədə xəbərdar edilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı1 5500 manat pul almış, bunu xx.xx.2024-cu il tarixdə yazılı şəkildə qeyd edərək təsdiq etmiş, 2025-ci ilin fevral ayınadək hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, həmin müddətdə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə cavabdeh tərəfindən borc məbləğindən 1500 manat ödəniş olunduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının tələbi 4000 manat pul məbləğindən ibarətdir. Cavabdeh isə həmin məbləği qaytarmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 4000 manat pul məbləğindən ibarət olduğundan, ona uyğun ödənilməli rüsum 60 manatdır. Buna görə də iddia tələbi dövlət rüsumu hissəsində qismən təmin edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4000 manat pul və iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat pul və 60 manat dövlət rüsumu, cəmi 4060 manat pul alınıb İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar