Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-573/2025 08.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan 22 aprel 2012-ci il tarixdə anadan olmuş X4 və 21 mart 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 08 fevral 2012-ci il tarixdə Balakən rayon Talalar kənd İƏD üzrə nümayəndəliyində 07 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan 22 aprel 2012-ci il tarixdə X4 və 21 mart 2016-cı il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə mehriban yaşamışlar, son vaxtlar isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Ona görə də o 1 ildən artıqdır ki, cavabdehdən ayrı yaşayır, birgə nikahdan olan uşaqlar onun himayəsində yaşayır. Ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin təyin edilməsi tələbi ilə, mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh iştirak etməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. Mediasiyada 60 manat rüsum ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək uşaqlara tək baxmasına imkanı olmadığını, cavabdehin uşaqların baxılmasına köməklik göstərmədiyini, özünün internetdə satışla məşğul olmasını, cavabdehin də işləyib uşaqlara baxmaq borcunun olmasını bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmadığını, uşaqların yaşayışını bacardığı qədər təmin etdiyini, işləmədiyini bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 05 mart 2025-ci il tarixli Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X4 22 aprel 2012-ci ildə Balakən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. 05 mart 2025-ci il tarixli Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X3 21 mart 2016-cı ildə Balakən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır Məhkəmə tərəflərin izahatını, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 yarımbənd əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın tərbiyəsinə, təhsilinə, sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə alimentin məbləği ilə bağlı qeyd edir ki, cavabdehdən hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,41 misli həddində aliment tutulması uşaqların saxlanmasına dair cavabdehin vəzifəsi ilə tərəflərin, həmçinin uşaqların mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. İddiaçı cavabdehin yüksək qazanca malik olması, əlavə qazancının və gəlirlərinin olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 aprel 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,41 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmiş, hazırki işdə tutulan alimentin 1 illik məcmusu isə 3936 manatdır (328 manat x 12 ay). İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 59.36 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 16 aprel 2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ayrı-ayrılıqda sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,41 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimenin alınması hissəsində dərhal icra edilsin. 59.36 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-573/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-573/2025
08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver