Məhkəmə qərarları › İş №e-2(019)-673/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-673/2025

08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-673/2025 08.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşağın digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 18 yaşına çatanadək Cavabdeh razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi və hüquqi yardıma görə ödənilmiş 750 manat xidmət haqqının, 100 manat rüsumun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5233/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 11 iyun 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 955 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və xx.xx.2020-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmışdır. Tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən onlar arasında tez-tez fikir ayrılığı yaranır və bəzi vaxtlarda uşağın mənafeyi ilə bağlı düzgün qərara gəlmək mümkün olmur. Belə ki, iddiaçı özünün və övladının səhhəti, istirahəti ilə əlaqədar vaxtaşırı müvəqqəti olaraq xarici ölkələrə getməli olur. Məlum məsələdir ki, səyahətlər uşaqların səhhəti ilə yanaşı həmçinin dünyagörüşü və gələcək inkişafı baxımından da əhəmiyyətlidir. Lakin uşağın ölkədən getməsi ilə əlaqədar cavabdehdən razılıq almaq bir sıra çətinliklər yaradır. Tərəflər arasında ailə münasibətinin və digər əlaqələrin mövcud olmaması səbəbindən cavabdeh bu cür razılıq verməkdən imtina edir. Bu da iddiaçının və ən əsası uşağın hüquqlarının pozulmasına səbəb olur. Qeyd edilən səbəblərə görə uşağın mənafeyinin üstünlüyü naminə atasının razılığı olmadan onun ölkə sərhədlərini keçməsinə icazə verilməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İş materiallarına Şəki 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin uşaq üçün təyin edilmiş alimenti ödəməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5233/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 ilə Cavabdeh arasında 11 iyun 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 955 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X3 anası Ağazadə (Həsənova) Lalə Tariyel qızının yanında saxlanılmışdır. Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən 12 sentyabr 2024-cü il tarixli, AZ-V seriyalı 047597 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 25-ci maddəsinə əsasən hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tətbiqi təcrübəsi haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının: 7.4-cü bəndinə əsasən məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilməlidir. 7.9-cu bəndinə əsasən qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşaqların yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir. 7.16-cı bəndinə əsasən məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağınictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. 7.17-ci bəndinə əsasən uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. 7.18-ci bəndinə əsasən bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19-cu bəndinə əsasən uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin xx.xx.2020-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqları var. İddiaçı iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədini özünün və övladının səhhəti, istirahəti, dünyagörüşü və gələcək inkişafı ilə əsaslandırmışdır. Lakin cavabdehin buna razılıq vermədiyindən məhkəməyə müraciət etmişdir. Hazırki tələb üzrə sübutetmə yükü ilə bağlı iddiaçı ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Lakin cavabdeh belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığına dair mötəbər sübut təqdim etməmişdir. Bir-birindən ayrı yaşayan valideynlərin uşaqlarla bağlı hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlərdə qanunvericiliyin məqsədi uşaqların hüquq və mənafeyinin daha üstün nəzərə alınmasından və qorunmasından ibarətdir. Valideynlərin hüquq və vəzifələri onların təkcə uşaqla görüşərək ünsiyyətdə olması və aliment ödəməsi ilə məhdudlaşmır, eyni zamanda, onun sağlam böyüməsi, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, mənəvi tərəfdən inkişaf etməsi, dünyagörüşünün fomalaşması, istirahət hüququnun təmin olunması və s. hüquqlarının həyata keçirilməsinə xidmət etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması barədə iddia irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tətbiqi təcrübəsi haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 7.9-cu bəndinə əsasən iş üzrə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasına zərurət görməmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsinə dair qanunvericiliyin tələbi nəzərə alınmalı, iddia tələbi vəkilə çəkilmiş xərclər 750 manat hissədə qismən təmin edilməli, vəkilin göstərdiyi yardıma görə cavabdehdən 350 manat tutulmalıdır. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından olan 30 iyul 2020-ci ildə anadan olmuş X2 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilməli, iddianın qaldırılması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci, vəkilə ödənilmiş 350 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan 30 iyul 2020-ci ildə anadan olmuş X2 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasından getməsinə icazə verilsin. Cavabdeh vəkilə ödənilmiş 350 manat xidmət haqqı, 40 manat dövlət rüsumu və 60 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar