Məhkəmə qərarları › İş №e-2(019)-700/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-700/2022

05.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-700/2022 05.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2009-cu il tarixdə anadan olmuş X5 və 28 may 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin və 60 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) arasında 08 iyul 2009-cu ildə rəsmi nikah bağlanmış, Balakən Rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli 2 (019)-112/2015 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra tərəflər yenidən barışmış, müəyyən muddət birlikdə yaşamışlar. Tərəflər nikahda olduqdları və nikahdan kənar birlikdə yaşadıqları müddətdə onların iki övladı:11 iyun 2009-cu il təvəllüdlü X5 və 28 may 2019-cu il təvəllüdlü X7 doğulmuşlar. İddiaçı ilə cavabdeh təxminən iki ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Cavabdehlə ayrı yaşadıqları müddətdə iddiaçı uşaqları öz himayəsində saxlamış, həmin müddətdə cavabdeh uşağın saxlanılmasında iştirak etməmiş, uşaqlara maddi və mənəvi cəhətdən dəstək göstərməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəfindən ilk öncə mediatora müraciət edilmiş, lakin tərəflər arasında barışığın əldə olunması mümkün olmamış, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, nəticədə mediator tərəfindən «mediasiya sessiyasında iştirak edilməməsi» ilə bağlı 03 iyun 2022-ci il tarixli arayış təqdim edilmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ 342661 №-li doğum haqqında şəhadətnamədən və AZE seriyalı 10627331 №-li Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərindən 11 iyun 2009-cu il tarixdə X5 doğulmuşdur. İşdə olan Balakən «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş AZ-İ 403061 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 28 may 2019-cu ildə vətəndaş İddiaçı doğulmuş X6 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin fevral ayının 08 günündə 17 № ilə qeyd edilmişdir. İşdə olan Balakən «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş AZ-İV 561253 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli 2 (019)-112/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şəkiliyeva (Muradova) İlahə İlham qızının Cavabdeh ilə aralarında bağlanmış 08 iyul 2009-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 12 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra uşaqları-11 iyun 2009-cu il tarixdə anadan olmuş X5 anası X1 yanında saxlanılmışdır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ 193965 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və vətəndaş İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin fevral ayının 03 günündə 11 № ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MŞİH-18205 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment tələbi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi. İşdə olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH- 18205 nömrəli protokoldan görünür ki, İddiaçı (mediasiya prosesində iştirak edən tərəflərin adı və digər məlumatları) iştirakı ilə aliment tələbi ilə əlaqədar xx/xx/2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki işlə bağlı 60 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 08 iyul 2009-cu ildə rəsmi nikah bağlanmış, Balakən Rayon Məhkəməsinin 24 fevral 2015-ci il tarixli 2 (019)-112/2015 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra tərəflər yenidən barışmış, müəyyən muddət birlikdə yaşamışlar. Tərəflər nikahda olduqları və nikahdan kənar birlikdə yaşadıqları müddətdə onların iki övladı:11 iyun 2009-cu il təvəllüdlü X5 və 28 may 2019-cu il təvəllüdlü X7 doğulmuşlar. İddiaçı ilə cavabdeh təxminən iki ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Cavabdehlə ayrı yaşadıqları müddətdə iddiaçı uşaqları öz himayəsində saxlamış, həmin müddətdə cavabdeh uşağın saxlanılmasında iştirak etməmiş, uşaqlara maddi və mənəvi cəhətdən dəstək göstərməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəfindən ilk öncə mediatora müraciət edilmiş, lakin tərəflər arasında barışığın əldə olunması mümkün olmamış, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, nəticədə mediator tərəfindən «mediasiya sessiyasında iştirak edilməməsi» ilə bağlı 03 iyun 2022-ci il tarixli arayış və mediasiya prosesinə xitam verilməsi barədə protokol təqdim edilmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh uşaqları saxlamır və onları maddi cəhətdən təmin etmir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində əsas ağırlığın uşaqların himayəsində olduğu İddiaçı üzərinə düşməsi, tərəflərin uşaqları saxlamaqda bərabər vəzifələr daşıdığı və bu xüsusda onların mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikah münasibətlərindən 11 iyun 2009-cu il tarixdə anadan olmuş X2 və 28 may 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat olmaqla ayda cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia 60 manat mediasiya xərci tələbi hissəsində qismən təmin olunmalı, cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 53.60 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməli, həmin 53.60 manat məbləğdən artıq tələb hissəsində isə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilirlər. Qanun normasının tələbindən görünür ki, alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki alimentlə bağlı iddia tələbi üzrə iddianın qiyməti bir il ödəmənin məcmusu olaraq 3360 manat təşkil edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən də buna görə ödənilməli olan dövlət rüsumu 53.60 manat təşkil edir. Qanuna görə də iddiaçı bu rüsumu ödəməkdən azad olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən də ödənilmiş mediasiya xərci dövlət rüsumuna hesablanır. Belə olan halda iddiaçının azad olunduğu, cavabdehin isə iddiaya görə ödəməli olduğu dövlət rüsumu 53.60 manat təşkil edir ki, məhz dövlət rüsumuna hesablanaraq mediasya xərci olaraq ödənilmiş həmin 53.60 manat məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmin 53.60 manat mediasiya xərcindən artıq tələb hissəsində isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların analarının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 04 iyul 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 11 iyun 2009-cu il tarixdə anadan olmuş X2 və 28 may 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat olmaqla ayda cəmi 280 manat sabit pul məbləğində aliment və 53.60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Eyni zamanda hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 04 iyul 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 11 iyun 2009-cu il tarixdə anadan olmuş X2 və 28 may 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat olmaqla ayda cəmi 280 manat sabit pul məbləğində aliment və 53.60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin; iddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar