Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-706/2024 06.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 15 aprel 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 may 2022-ci il tarixdə el adəti üzrə ailə qurmuşdur. Evləndikdən sonra 17 dekabr 2022-ci il tarixdə nikahlarını Balakən regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 727 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 15 aprel 2023-cü il tarixdə X3 adlı bir oğulları anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə mehriban yaşamışlar. Son vaxtlar isə aralarında ailə mübahisələri zəminində münaqişələr baş vermişdir. Belə ki, cavabdeh spirtli içkilər qəbul edir. Cavabdehlə birlikdə yaşamaları qeyri-mümkündüpr. Ona görə də o, 2023-cü ilin oktyabr ayında cavabdehdən ayrılaraq valideynlərinin yanına gəlmişdir. Ayrı yaşamalarına baxmayaraq, cavabdeh uşağın dolanışığı ilə maraqlanmamışdır. Uşağın gündəlik tələbatı kifayət qədər xərc tələb edir. O, heç yerdə işləmir, uşağın baxılmasında valideynləri kömək edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh pensiya alır, eyni zamanda ev tikintisində usta kimi işləyir. Uşağın baxılması üçün hər ay 235 manat aliment ödəmək iqtidarındadır. Alimentin təyin edilməsi tələbi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh iştirak etməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Balakən regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ 599557 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Balakən regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 2022-ci ilin 12 ayının 17 günündə 727 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Balakən regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV 832171 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında hazırki aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bununla bağıl hazırki arayış tərtib olunmuşdur. İddiaçı İMS üçün 60 AZN mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh İİ qrup əlil kimi 356.01 manat pensiya alır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 28 may 2022-ci il tarixdə evlənib ər-arvad münasibətlərinə girmiş, onların nikahı 17 dekabr 2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 727 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından 15 aprel 2023-cü il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur. Evləndikdən sonra tərəflər bir müddət qarşılıqlı razılıq əsasında yaşamış, lakin son vaxtlar aralarında ailə mübahisələri zəminində münaqişələr baş vermişdir. Cavabdehlə bir yerdə yaşamasının qeyri-mümkün olması səbəbindən İddiaçı 2023-cü ilin oktyabr ayında cavabdehdən ayrılaraq valideynlərinin yanına gəlmişdir. 15 aprel 2023-cü il tarixdə doğulmuş X3 anası İddiaçı yanında və himayəsində yaşayır. Cavabdeh uşağın dolanışığı ilə maraqlanmır, onun saxlanmasında iştirak etmir. İddiaçı heç yerdə işləmir, uşağın baxılmasında ona valideynləri kömək edir. Ona görə də iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh İİ qrup əlil kimi hər ay 356.01 manat pensiya alır. İddiaçının bildirdiyinə görə cavabdeh günəmuzd işlərlə də məşğul olur. Tərəflər arasında hazırki aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyası təyin edilmiş, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bununla bağlı mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra (İMS) prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı İMS üçün 60 AZN mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) dəyişən xarakterə malik olmasını, alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğunu və bu səbəbdən iddiaçının alimentin sabit pul məbləğində təyin olunması tələbini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikah münasibətlərindən 15 aprel 2023-cü il tarixdə doğulmuş X1 mənafeyi nəzərə alınmaqla, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşağı saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşağın və onun himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin təyini məsələsində tərəflərin mənafeyi arasında ədalətli tarazlıq prinsipini təmin edərkən məhkəmə qeyd edir ki, valideynlər, o cümlədən aylıq qazanca malik olan cavabdeh uşağı saxlamaq, onun maddi təminatında iştirak etmək vəzifəsi daşıyır. Mahiyyət etibarı ilə valideynlərlə uşaq münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşağın mənafeyinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək və yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşağı ilə bölüşdürməyə borcludurlar. Uşağın saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, alimentin təyini məsələsində iddiaçının işləməməsi və aylıq hər hansı qazanca (gəlirə) malik olmaması, həmçinin azyaşlı uşağın məişət və digər qayğılarının çəkilməsində iddiaçının üzərinə daha çox ağırlığın düşməsi, eyni zamanda aliment ödənişinin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması halları önə çəkilməlidir. Bu xüsusatlar nəzərə alınmaqla uşağa görə hər ay 235 manat aliment tələbi ilə bağlı iddianın tam şəkildə təmin edilməsinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmaqla İİ qrup əlil olaraq hər ay 356.01 manat pensiya alan cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacağı şübhəsizdir. Lakin məhkəmə onu da bildirir ki, uşağın saxlanması üçün az miqdarda alimentin təyin edilməsi də uşağın tələbatının maksimal saxlanması zərurətinə cavab verməməklə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozacaqdır. Həm də iddiaçının bildirdiyinə görə cavabdeh hər ay aldığı pensiyadan başqa günəmuzd işlərlə məşğul olmaqla başqa qazanca (gəlirə) də malikdir. Lakin iddiaçı cavabdehin aylıq yüksək qazanca malik olmaqla hər ay 235 manat aliment ödəmək iqtidarında olmasını əsaslandıran mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, alimentin məhz hər ay 235 manat məbləğində təyin edilməsi tələbini faktoloji cəhətdən əsaslandıra bilməmişdir. Halbuki qanuna görə (MPMnin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə bu xüsusda nəzərə çatdırır ki, 2024-cü ildə 235 manat olmaqla uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşağın artan tələbatları konteksində onun əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsi, cavabdehin aylıq pensiya alması və günəmuzd işlərlə məşğul olmaqla başqa qazanca (gəlirə) malik olması, iddiaçının uşağın mənafeyi naminə alimenti sabit pul məbləğində tələb etməsi əsas tutulmaqla uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin nikah münasibətlərindən 15 aprel 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hər ay bir uşaq üçün 235 manat aliment tələbinə dair iddia qismən-hər ay bir uşaq üçün sabit pul məbləğində 170 manat hissədə təmin edilməli, iddia alimentin hər ay 170 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşağın saxlanmasına maddi kömək göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 20 iyun 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından 15 aprel 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 20 iyun 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından 15 aprel 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-706/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-706/2024
06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver