Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-737/2025 17.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan 01 iyun 2019-cu il tarixdə X7, 25 avqust 2020-ci il tarixdə X4 və 12 dekabr 2022-ci il tarixdə X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ilin iyul ayında qeyri rəsmi nikahla evlənmişdir. Nikahı 27 noyabr 2018-ci tarixdə Ukrayna Respublikası Xarkov Vilayətində Baş ərazi ədliyyə idarəsinin Xarkov şəhərində Xolodnoqorski rayon VVADQ şöbəsində 631 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahdan 01 iyun 2019-cu il tarixdə X7, 25 avqust 2020-ci il tarixdə X4 və 12 dekabr 2022-ci il tarxdə X2 adlı üç uşaqları anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə mehriban yaşamışlar, son vaxtlar isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Ona görə də o 2024-cü ilin oktyabr ayından, cavabdehdən ayrı yaşayır, birgə nikahdan olan uşaqlar onun himayəsində yaşayır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin təyin edilməsi tələbi ilə, mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh iştirak etməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. Mediasiyada 60 manat rüsum ödəmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək şifahi razılaşmaya əsasən cavabdehin əvvəllər yanvar, fevral, mart, aprel aylarında 738 manat, may ayında 393 manat, iyun, iyul aylarında isə 127 manat uşaqların baxılmasında köməklik etdiyini, uşaqların xərclərini o, təkbaşına təmin edə bilmədiyini, cavabdehin yüksək məbləğdə aliment ödəmək üçün kifayət qədər imkanının olmasını, atasına məxsus evi kirayə verdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etmişdir ki, aylıq gəliri 500 manat təşkil edir, rəsmi iş yeri yoxdur. Atasına məxsus 2 evi kirayə verərək onlardan 1400 və 700 manat pul alırlar, 700 manatı uşaqlar üçün göndərirdi. Daha sonra Ukraynada yaşayan atasının mövcud vəziyyətə görə imkanı pisləşdiyi üçün 700 manat kirayə pulunu atasının götürməsini bildirmiş, buna görə may ayında 393 manat, iyun, iyul aylarında isə 127 manat ödəniş etmişdir. Hesab edir ki, 127 manat 3 uşağın zəruri xərcləri üçün kifayət edir. Buna görə də məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan AZ-lV seriyalı 709117 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. AZ-lV seriyalı 824622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2019cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdur. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 2025-ci ilin yanvar, fevral, mart, aprel aylarında 738 manat, may ayında 393.60 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatını, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1 yarımbənd əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın tərbiyəsinə, təhsilinə, sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə alimentin məbləği ilə bağlı qeyd edir ki, cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində aliment tutulması uşağın saxlanmasına dair cavabdehin vəzifəsi ilə tərəflərin, həmçinin uşağın mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Tərəflər arasındakı şifahi razılığa əsasən cavabdeh 2025-ci ilin yanvar, fevral, mart, aprel aylarında 738 manat ödəniş etmiş, sonradan maddi imkanının olmaması səbəbindən həmin məbləğdə ödəniş edə bilməyəcəyini qeyd etmişdir. İddiaçı isə cavabdehin daha yüksək qazanca malik olması, əlavə qazancının və gəlirlərinin olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 01 iyun 2019-cu ildə anadan olmuş X5, 25 avqust 2020-ci ildə anadan olmuş X3 və 12 dekabr 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh may ayında 393.60 manat, iyun, iyul aylarında isə 127 manat ödəniş etməsi nəzərə alınmalıdır. Alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmiş, hazırki işdə tutulan alimentin 1 illik məcmusu isə 5760 manatdır (480 manat x 12 ay). İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 77.6 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 19 may 2025-ci il tarixdən başlayaraq 01 iyun 2019-cu ildə anadan olmuş X5, 25 avqust 2020-ci ildə anadan olmuş X3 və 12 dekabr 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimenin alınması hissəsində dərhal icra edilsin. Cavabdeh may ayında 393.60 manat, iyun, iyul aylarında isə 127 manat ödəniş etməsi nəzərə alınsın. 77.60 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-737/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-737/2025
17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver