Məhkəmə qərarları › İş №e-2(020)-967/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-967/2024

29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-967/2024 29.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh aralarında 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə rəsmiləşdirilmiş nikahlarının pozulması, birgə nikahlarından 04 sentyabr 2022-ci ildə anadan olan X1 onun himayəsinə verilməsi, həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin və X1 üç yaşına çatanadək saxlanılması üçün hər ay əlavə 100 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə quraraq nikahlarını Bakı şəhəri 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından 04 sentyabr 2022-ci ildə Nuran adlı uşaqları anadan olmuşdur. Evləndikləri zaman ailə münasibətləri yaxşı olsa da, son zamanlar aralarındakı münasibətlər korlanmağa başlamış və ailə problemləri getdikcə daha da gərginləşmişdir. Cavabdehlə artıq uzun müddətdir ki, ayrı yaşayırlar, nikahları formal xarakter daşıyır. Birgə nikahlarından olan uşağının saxlanılması üçün cavabdeh tərəfindən heç bir köməklik göstərilmir. Hazırda uşağı onun himayəsindədir və onun saxlanılmasında maddi çətinlik çəkir. Cavabdehlə aralarında ailə münasibətlərinin bərpa edilməsi artıq mümkün olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, Cavabdeh aralarında Bakı şəhəri 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə rəsmiləşdirilmiş nikahlarının pozulması, birgə nikahlarından 04 sentyabr 2022-ci ildə anadan olan X1 onun himayəsinə verilməsi, həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin və X1 üç yaşına çatanadək saxlanılması üçün hər ay əlavə 100 manatın cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində dindirilən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı ilə ailə quraraq, nikahlarını 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Hazırda uşaq iddiaçının himayəsində yaşayır. İddiaçı ilə aralarında olan nikahın pozulmasına, tələb edilən 235 manat alimenti ödəməyə və uşağının iddiaçının yanında qalmasına etirazı yoxdur. Çünki uşaq azyaşlıdır və hələlik anasının yanında qalmasına ehtiyac vardır. Lakin uşağın 3 yaşınadək saxlanılması üçün tələb edilən 100 manatı ödəməyə razı deyildir. Belə ki, o, uşağına baxır, heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyildir. Ona görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarını 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə qeydə aldırmışlar. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə Nuran adlı uşaqları doğulmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarını 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə qeydə aldırmışlar. Birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah pozulur. Həmi Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Hazırda tərəflər nikahın pozulmasına qarşılıqlı razı olduqlarına görə məhkəmə onlar arasında olan nikahın pozulmasını əsaslı hesab edir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məhkəmə zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə anadan olan Nuran hazırda iddiaçının himayəsində yaşayır. Bununla əlaqədar cavabdehin etirazı olmamışdır. Ona görə də, məhkəmə tərəflər arasında olan nikah pozulmasını və xx.xx.2022-ci ildə anadan olan Nuranın anası İddiaçı yanında qalmasının müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə zamanı müəyyən olundu ki, cavabdeh iddiaçının himayəsində yaşayan uşağın saxlanması üçün iddiaçıya yardım etmədiyindən iddiaçı cavabdehdən uşağın saxlanması üçün hər ay 235 manat aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə «valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)qeyri-müntəzəm ,dəyişən olarsa , yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə almentin valideynin qazancından (gəlirindən)müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.» Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə vəziyyəti,diqqətəlayiq digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmədə müəyyən edildi ki, cavabdeh hazırda heç yerdə işləmir, onun qazancı barədə məlumat yoxdur. Ona görə də aliment sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh iddiaçının tələb etdiyi 235 manat məbləğdə aliment ödəməyə etiraz etməmişdir. Ona görə də, məhkəmə hər ay alimentin 235 manat sabit pul məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. İddiaçının uşağın 3 yaşı çatanadək saxlanması üçün hər ay 100 manat tələb etməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. İddiaçı cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh hazırda heç yerdə işləmədiyini, maddi vəziyyətinin yaxşı olmadığını göstərmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən tərəflərə izah edilir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələblərinə 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 6 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 12 noyabr 2022-ci il tarixdə 2381 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə anadan olan Nuranın anası İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh 27 may 2024-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat tutulub xx.xx.2022-ci ildə anadan olan Nuran adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar