Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2826/2024 09.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Paşayev Ruhin Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin cehiz əşyalarının çıxarılması və həmin evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən nikaha daxil olan zamanı gətirdiyi cehiz əşyalarının mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X4 ilə 27 aprel 2022-ci il tarixdə Bərdə VVAQ–da 31 saylı qeydlə nikahlarını rəsmiləşdirmişdirlər. Oğlu və onun həyat yoldaşı olan hazırkı iddai üzrə cavabdeh Bakı şəhəri Xəzər rayonu Abşeron sanitoriyası 6-cı korpusda qeydiyyatdadırlar. Cavabdehlə oğlunun hazırda nikah ailə münasibətlərinə faktiki son qoyulub. Cavabdeh oğlunu tərk edərək atası evinə getmişdir. Oğlu hazırda cavabdehlə birgə qeydiyyatda olduğu Xəzər rayonu Abşeron sanitoriyası 6cı korpusda yaşayır. Cavabdehlə nikahın pozulmasına dair prosess oğlu tərəfindən cavabdehin yanında 1 yaşı tamam olmamış uşağın olmasına görə başladıla bilmir. Ancaq faktiki olaraq artıq oğlunun və cavabdehin nikah ailə münasibətləri mövcud deyildir. Cavabdeh gəlin gələndə özü ilə gətirdiyi bir neçə ədəd (yataq, termo, bir nəçə ədəd qab qacaq) cehiz əşyaları onun mülkiyyətçisi olduğu ünvan 2 ünvanındakı fərdi yaşayış evinə qoyub getmişdir. Sözügedən evə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********16-10301 reyster nömrəsi ilə rəsmi Çıxarış almışdır. Hazırda mülkiyyətçi olaraq o, öz evindən sərbəst istifadə edə bilmir. Bu da öz mənzilindən azad istifadə edə bilmək hüquqlarının məhdudlaşdırılması deməkdir. Ona görə hesab edir ki, cavabdehin nikaha daxil olan zamanı gətirdiyi cehiz əşyalarını ona məxsus evin yaşayış sahəsindən çıxarması vəzifəsi cavabdehə həvalə olunmaqla onun həmin evdən istfiadə hüququna xitam verilməsi barədə qətnamənin qəbulu zərurudir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Bununla yanaşı Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək, bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmir, onu qanunsuz və əsassız iddia tələbi hesab edir. Belə ki, İddiaçı onun cehiz əşyalarını çıxarmağını tələb etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə o, 2022-ci ildə gəlin olaraq gəlmişdir. Odur ki, onun cehiz əşyaları həmin evdə tam qanuni əsasla qalmaqdadır. İddiaçı özünün də razılığı olmuşdur ki, onun cehiz əşyaları həmin evə gətirilsin. İddiaçının oğlu X5 ilə həmin evdə 3 il yaşamışlar və 2 uşaqları həmin evdə andan olmuşdur, iddiaçı Aybəniz Mehdiyavanın nəvələridirlər. Odur ki, həmin körpə uşaqlar nənə İddiaçı evində yaşamaq və böyümək hüququna, orada yaşayarkən onun cehiz əşyalarından istifadə etmək hüququna malikdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-cı il tarixdə anada olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA №429004 saylı Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə olunmuş AZ-İİ №473158 saylı Nikah haqqında şəhədatnamədən görünür ki, X4 ilə X6 arasında Bərdə rayon Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə 31 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №0987261 nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında 0,0429 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 119,6 kv.m olan fərdi yaşayış evi X2 (1/5 hissə) və İddiaçı (4/5 hissə) paylı mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hüuq subyekti İddiaçıdır. Mülki işə əlavə olunmuş Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, tərəflər arasında razılıq əldə olunmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı oğlu X4 ilə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Daha sonra İddiaçı oğlu ilə Cavabdeh arasında ailə münasibətləri faktiki pozulmuş və ayrılmışlar. Hazırda Cavabdeh məxsus cehiz əşyaları həmin mübahisəli evdədir. İddiaçının iddia etdiyi ev özünün xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi ailə quraraq Cavabdeh sözügedən mənzildə yaşamışdır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, cavabdehin 2019-cu ildə mənzilə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər gəlin-qaynana münasibətində olduğundan onların bir-birinə olan münasibəti Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin təsir dairəsinə düşmədiyindən, həmçinin hazırda cavabdehin iddiaçının oğlu ilə faktiki nikahları, iddiaçı ilə isə ailə münasibətləri pozulduğundan və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmadığından iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçının sahibliyində olan evdə qalması və bu əmlakların cavabdeh tərəfindən həmin evdən çıxarılmaması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan əşyalarını evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdehə məxsus əşyalar çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Cavabdeh həmin mənzilə hər hansı bir hüququ olmadığından özünə məxsus cehiz əşyaları İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin evdən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən ödənilməmiş 100 manat məbləğində rüsum cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin cehiz əşyalarının çıxarılması və həmin evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh özünə məxsus cehiz əşyalarını çıxarsın və onun həmin evdən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinin xeyrinə verilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-2826/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2826/2024
09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver