Məhkəmə qərarları › İş №e-2(022)-1010/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1010/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1010/2024 05.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh X2 ölümünə görə ödənilmiş 5000 (beş min) manat pulun, X3 az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 (bir min beş yüz manat) pulun və 85 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6585 (altı min beş yüz səksən beş) manat məbləğdə pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə piyada X6 hadisə yerində vəfat etmiş, digər piyada X5 isə az ağır dərəcəli bədən xəsarəti almışdır. PAT ********** nömrəli sığorta müqaviləsinin 063864 nömrəli və 063837 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışda qeyd olnduğu kimi Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı Sığorta Şirkətində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilə tarixədək avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-8/2019 saylı hökmü ilə “VAZ 21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə (hadisə yerindən yayınma) təqsiri subuta yetmişdir. İddiaçı Sığorta Şirkəti tərəfindən icbari sığorta müqaviləsinin şərtlərinə əsasən 2999 saylı ödəniş tapşırığı ilə vəfat etmiş X2 hüquqi varisi X1 5000 (beş min) manat məbləğində pul vəsaiti, 3018 saylı ödəniş tapşırığı ilə zərərçəkmiş X3 az ağır dərəcəli bədən xəsarəti aldığına görə 1500 (bir min beş yüz) manat pul vəsaiti İddiaçı Sığorta Şirkəti tərəfindən F.Əskərova ödənilmişdir. Hesab edir ki, ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi X1 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərərəçəkimş şəxs X3 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 12 fevral 2019-ccu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, cəzanın çəkilməsi Cavabdeh məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək göstərmişdir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iddiaçı 2019-cu ildə qeyd olunan tarixlərdə sığorta müqaviləsinin şərtələrinə əsasən vəfat etmiş Qabil Vilayət oğlunun hüquqi varisi X1 5000 manat və zərərçəkmiş X3 1500 manat məbləğdə sığorta ödənişi etmişdir. İddiaçı 5 il 6 ay keçdikdən sonra ona qarşı subroqasiya qaydasında iddia qaldırmışdır. Göründüyü kimi iddia müddəti artıq keçmişdir. Ona görə də müddətin keçməsi nəzərə alınmaqla İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ona qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasından imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baxılan mülki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC-nin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətidir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illik iddia müddəti deyil, zərər vurmadan əmələ gələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixdə baş vermiş, Biləsuvar rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktlarından görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi X1 5000 (beş min) manat və Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərərəçəkimş şəxs X3 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC zərər vuran Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Sığorta şirkətinin 10 il ərzində cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etməsi nəzərə alınarsa iddia müddəti ötürülməmişdir. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş sığorta ödənişinin əvəzi qismində 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh sığora ödənişinə görə 6500 (altı min beş yüz) manat və 85 (səksən beş) manat məbləğdə dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar