Məhkəmə qərarları › İş №e-2(022)-1693/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1693/2025

21.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1693/2025 21.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqqının və gecikməyə görə dəbbənin tutularaq ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Səidov X1 rayonu, Aşağı Cürəli kəndində yaşayır. Biləsuvar rayonunun və Respublikanın digər bir neçə rayonunda müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi dövrlərdə rəhbərlik tərəfindən fəxri fərmanlar və təşəkkürlər almışdır. İşlədiyi dövrdə dövlət qarşısında xidmətləri nəzərə alınmış və ona əmək veteranı adı verilmişdir. Hal-hazırda əmək veteranıdır və təqaüdçüdür. Bildirir ki, o, fevral 2025-ci il tarix də daxil olmaqla Biləsuvar rayonu, Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçi-menecment vəzifəsində işləmişdir. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyə və məcəllələrin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2025-ci il tarixli 13 a nömrəli sərəncamı ilə Biləsuvar rayonu, Aşağı Cürəli-Muğan bələdiyəsi ilə Əsgərabad bələdiyyəsi birləşmişdir və bundan sonra Əsgərabad bələdiyyəsi adlandırılmışdır. 20 fevral 2025-ci il tarixdən Əsgərabad bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Nümayəndə yenidən Əsgərabad bələdiyyəsinin sədri seçilmişdir. Əsgərabad bələdiyyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur. İddiaçı bildirir ki, 21 aprel 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyəsi arasında təhvil-təlim işləri tam başa çatmışdır. 01 mart 2025-ci il tarixə ona 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) ödənilməmiş əmək haqqı borcu qalmışdır. Bu barədə bələdiyyəyə etdiyi müraciətlər cavabsız qaldığından əmək haqqının ödənilməsi ilə əlaqədar etdiyi şifahi və rəsmi müraciətlərə Nümayəndə tərəfindən baxılmadığından o, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.1-ci maddəsinə əsasən mübahisənin mediasiya yolu ilə həll edilməsi məqsədi ilə qalıq əmək haqqının və gecikdirilmiş günlər üçün əlavə olaraq dəbbə (peniya) hesablanaraq verilməsinin tələbi əsasında Biləsuvar 1 saylı mediasiya təşkilatı vasitəsi ilə 18 sentyabr 2025-ci il tarixdə Əsgərabad bələdiyəsinin sədri Nümayəndə təklif göndərmişdir. Keçən müddət ərzində Nümayəndə mediasiya vasitəsi ilə etdiyi təklifə öz münasibətini bildirməmişdir. O, 2025-ci ilin fevral ayının sonuna qədər keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsində bələdiyyə qulluqçusu vəzifəsində işləmiş və aylıq əmək haqqı 450 (dörd yüz əlli) manat olmuşdur. 2025-ci ilin fevral ayında bələdiyyələrin birləşməsi nəticəsində Əsgərabad bələdiyyəsi yaranmışdır. Lakin onunla əmək müqaviləsinə xitam verilməsi barədə heç bir əmrlə tanış edilməmişdir. Əmək kitabçasına işdən çıxması barədə qeyd yoxdur. Təhvil-təslim aktında isə onun şəxsi işi və əmək müqaviləsi yeni yaranmış Əsgərabad bələdiyyəsinə təqdim olunmuşdur. Buna baxmayaraq onun əmək haqqı tam ödənilməmişdir və 19 sentyabr 2025-ci il tarixə mənə 815,50 (səkkiz yüz on beş manat, 50 qəpik) manat əmək haqqı borcu qalmışdır. İddiaçının tələbi: Ödənilməmiş əmək haqqı olan 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manatın və gecikmiş hər gün üçün 1% dəbbə pulu əsasında hesablanmış 1655,50 (min altı yüz əlli beş manat əlli qəpik) manat dəbbə pulunun ümumilikdə 2471 (iki min dörd yüz yetmiş bir) manatın ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin yazılı etirazı: Cavabdeh Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsi tərəfindən İddiaçı iddia tələbinə qarşı etiraz və ya hər-hansı yazılı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 22 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Əsgərabad kənd bələdiyyəsi tərəfindən ona olan 2471 (iki min dörd yüz on beş) manat borcdan 315 (üç yüz on beş) manatı ona ödənilmişdir. Hazırda cavabdehin ona 2156 (iki min yüz əlli altı) manat dəbbə pulu ilə birlikdə əmək haqqı borcu var. Göstərilənlərin yekun məhkəmə aktının qəbul edilməsi zamanı nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19 noyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinin sədri Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının işə götürülməməsinin səbəbi kimi hazırda maliyyə vəsaitinin aşağı olması göstərilmişdir. Sonda Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinin sədri Nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinin sədri Nümayəndə bildirmişdir ki, iddiaçıya 315 (üç yüz on beş) manat ödənilməsinin səbəbi, həmin vaxt onun teleqramla müraciət etməsi və bələdiyyənin maliyyə vəsaitinin həmin məbləğin ödənilməsinə kifayət etməsi olmuşdur. Cavabdeh Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinin sədri Nümayəndə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavablehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Aşağı Cürəli-Muğan bələdiyyəsinin 28 fevral 2025-ci il tarixə əmək haqqı və son haqq-hesab borcu barədə cədvəlin surətindən görünür ki, İddiaçı vəzifəsi məsləhətçimenecment, əmək haqqı və son haqq-hesab borcu isə 815.50 (səkkiz yüz on beş manat əlli qəpik) manat təşkil edir. Biləsuvar 1 saylı Mediasiya Təşkilatının 24 sentyabr 2025-ci il tarixli, MŞB/MT057- 2025-00143 saylı arayışının surətindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesinə gəlməmişdir. Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsinin 17 iyul 2023-cü il tarixli işə qəbul barədə 03 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 17 iyul 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən məsləhətçi-menecment vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olan “mygov” electron portalından çıxarışdan görünür ki, xxxxxxx fin kod nömrəsi olan olan, Səidov X1 rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə bağladığı 17 iyul 2023-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən məsləhətçi-menecment vəzifəsinə təyin edilmiş, əmək haqqı 450 (dörd yüz əlli) manat məbləğindədir. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyə və məcəllələrin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2025-ci il tarixli 13 a nömrəli sərəncamının icrası ilə əlaqədar təhvil-təslim aktının surətindən görünür ki, Aşağı Cürəli-Muğan bələdiyyəsinə aid olan sənədlər Əsgərabad bələdiyyəsinə təhvil verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 03 nömrəli əmr ilə 17 iyul 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən Biləsuvar rayonu Aşağı Cürəli- Muğan bələdiyyəsinə məsləhətçi-menecment vəzifəsinə təyin edilmişdir. 18 sentyabr 2025-ci il tarixli, AZ1300/********** nömrəli poçt-teleqramın surətindən görünür ki, Səidov X1 rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsinə ona olan qalıq əmək haqqı borcunun verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan hesaba Əsgərabad bələdiyyəsi tərəfindən 19 sentyabr 2025-ci il tarixdə 315 (üç yüz on beş) manat ödəniş edilmişdir. “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli qanunundan çıxarışının 15.4-cü bəndindən görünür ki, Biləsuvar rayonu üzrə Aşağı Cürəli-Muğan, Əsgərabad və Yuxarı Ağalı bələdiyyələrinin əhatə etdiyi Aşağı Cürəli, Əsgərabad, Muğan və Yuxarı Ağalı kəndlərində Əsgərabad bələdiyyəsi yaradılmışdır. Hüquqi əsaslandırma: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; 43.4-cü maddəsinə əsasən bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər; 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir; 156.2-ci maddəsinə əsasən yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir; 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172-ci maddəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər; 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən birləşən bələdiyyələrin hər birinin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi qaydasında yeni yaradılmış bələdiyyəyə keçir. "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılan komissiyanın say tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2009-cu il tarixli, 147 nömrəli qərarının: 2.2-ci bəndinə əsasən bələdiyyələr birləşərkən onların mülkiyyəti ayrı-ayrılıqda komissiyanın qəbul etdiyi qərar əsasında siyahıya alınır. Siyahıya alınmış əmlak hüquq varisliyi qaydasında komissiyanın qərarına uyğun olaraq akt əsasında yeni yaradılmış bələdiyyəyə təhvil verilir və bu əmlakla bağlı hüquqlar (vəzifələr) həmin bələdiyyəyə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli Qərarı. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, irəli sürülmüş iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki:

1. İddiaçı 17 iyul 2023-cü il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən məsləhətçi-menecment vəzifəsində işə qəbul edilmişdir;

2. İddiaçının aylıq əmək haqqı 450 manat təşkil etmişdir;

3. İddiaçı 2025-ci ilin fevral ayının sonunadək faktiki olaraq bələdiyyədə işləmişdir;

4. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qanunla müəyyən edilmiş qaydada hər hansı əmr təqdim edilməmiş, əmək kitabçasına işdən çıxma barədə qeyd aparılmamışdır;

5. Bələdiyyələrin birləşməsi nəticəsində yaradılmış Biləsuvar rayonu Əsgərabad kənd bələdiyyəsi keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur;

6. Təhvil-təslim aktına əsasən iddiaçının şəxsi işi və əmək müqaviləsi yeni yaranmış Əsgərabad kənd bələdiyyəsinə təqdim edilmişdir;

7. Cavabdeh tərəfin iddiaçıya 01 mart 2025-ci il tarixə 815,50 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yaranmışdır;

8. Cavabdeh tərəfindən həmin borcun 315 manat hissəsi 19 sentyabr 2025-ci il tarixdə qismən ödənilmişdir;

9. Cavabdeh iddiaçıya əmək haqqının tam ödənildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını vaxtında ödəməyə borcludur. Cavabdehin əmək haqqının ödənilməməsini maliyyə vəsaitinin azlığı ilə əsaslandırması qanunvericiliyin tələblərinə ziddir və məhkəmə tərəfindən əsaslı hesab edilmir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh tərəfin iddiaçıya 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat məbləğində əmək haqqı borcu yaranmış, bu borcun yalnız bir hissəsi ödənilmiş, qalan hissə isə ödənilməmişdir. Cavabdeh bu halı təkzib edən hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının ödənişsiz qalmış əmək haqqının tutulmasına dair tələbi qanuni və əsaslıdır. Məhkəmə dəbbə (faiz) tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını vaxtında ödəməyə borcludur. Cavabdehin əmək haqqının ödənilməməsini maliyyə vəsaitinin azlığı ilə əsaslandırması hüquqi əhəmiyyət daşımır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əmək haqqı 01 mart 2025-ci il tarixdən etibarən ödənilməmiş və 25 sentyabr 2025-ci il tarixədək gecikdirilmişdir (iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən günədək). Gecikmə müddəti 208 (iki yüz səkkiz) gün təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarda işçiyə hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində dəbbə ödənilməlidir. Bu norma imperativ xarakter daşıyır. Hesablamaya əsasən 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat əsas borc üzrə 208 (iki yüz səkkiz) gün üçün dəbbə məbləği 1696,24 manat təşkil edir. İddiaçı tərəfindən tələb edilən 1655,50 manat dəbbə məbləği məhkəmə tərəfindən hesablanmış məbləğdən azdır və qanunla mümkün olan hədd daxilindədir. Cavabdeh dəbbənin hesablanmasını istisna edən və ya azaldan hər hansı hüquqi əsas və ya sübut təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələb 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat ödənilməmiş əmək haqqının və 1 655,50 (min altı yüz əlli beş manat əlli qəpik) manat dəbbə pulunun tutulmasından ibarət olmuşdur. İddiaçı 22 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Əsgərabad kənd bələdiyyəsi tərəfindən ona 19 sentyabr 2025-ci il tarixdə 2471 (iki min dörd yüz on beş) manat borcdan 315 (üç yüz on beş) manatı ödənilmişdir. Hazırda cavabdehin ona 2156 (iki min yüz əlli altı) manat dəbbə pulu ilə birlikdə əmək haqqı borcu var. Göstərilənlərin yekun məhkəmə aktının qəbul edilməsi zamanı nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı ödənilməmiş əmək haqqı qismində 500 (beş yüz) manat, 01 mart 2025-ci il tarixdən etibarən ödənilməmiş və 25 sentyabr 2025-ci il tarixədək gecikdirilmiş dəbbə pulu üçün 1656 (min altı yüz əlli altı) manat olmaqla, ümumilikdə 2156 (iki min yüz əlli altı) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən tərəfindən hesablanmaqla ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilən iddia olaraq iddiaçının tələb etdiyi 2156 (iki min yüz əlli altı) manat məbləğində pul vəsaitinin ödənilməsi üçün nəzərdə tutulmuş 41.56 (qırx bir manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ödənilməmiş əmək haqqı qismində 500 (beş yüz) manat, 01 mart 2025-ci il tarixdən etibarən ödənilməmiş və 25 sentyabr 2025-ci il tarixədək gecikdirilmiş dəbbə pulu üçün 1656 (min altı yüz əlli altı) manat olmaqla, ümumilikdə 2156 (iki min yüz əlli altı) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilsin. Cavabdeh tərəfindən 41.56 (qırx bir manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar