Məhkəmə qərarları › İş №e-2(023)-1130/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1130/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1130/2024 22.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 09 iyul 2023-cü il tarixdə İddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 07 oktyabr 2015-ci il təvəllüdlü qızı X2, 12 iyul 2019-cu il təvəllüdlü qızı X1 və 05 oktyabr 2021-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 705 (yeddi yüz beş) manat alimentin sabit pul məbləğində alınaraq ona verilməsinə eyni zamanda 05 oktyabr 2021-ci il tarixdə anadan olmuş X3 3 (üç) yaşı tamam olana kimi saxlanılması üçün ona 100 manat aliment ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 25 mart 2014-cü il tarixdə evlənmişlər. 11 aprel 2014-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsi tərəfindən nigah bağlanması haqqında akt qeydləri kitabında 85 nömrəli qeydlə nigahları rəsmiləşdirilmişdir. Bu evliliklərindən xx.xx.2015-ci il təvəllüdlü qızı X5, xx.xx.2019-cu il təvəllüdlü qızı X4 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X6 anadan olmuşdular. İlk əvvəllər ailə münasibətləri normal olmuş, bir-birilərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Onlar artıq faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Uşaqlarının bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilmir. Halhazırda onların bütün maddi xərclərini valideynləri çəkir. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qeyd olunan səbəbdən də o, özünə görə yaşayış minimumundan az olmayan məbləğdə aliment tələb etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini və xx.xx.2015-ci il təvəllüdlü qızı X5, xx.xx.2019-cu il təvəllüdlü qızı X4 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 100 manat olmaqla 300 manat alimentin sabit pul məbləğində alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 927408 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 nikahlarını 11 aprel 2014-cü ildə Qazax rayon qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan AZ-İV seriyalı, 586661 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 oktyabr 2021-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİİ seriyalı, 681032 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 oktyabr 2015-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İV seriyalı, 313472 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 iyul 2019-cu ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015ci il təvəllüdlü qızı X5, xx.xx.2019-cu il təvəllüdlü qızı X4 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 160 manat cəmi 480 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin iddiaçı X6 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat məbləğində aliment tutulmasını tələb etsə də, məhkəməyə heç yerdə işləməməsini, maddi yardıma ehtiyacının olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Halbuki, valideynlərin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq üçün aliment ödəmək öhdəliklərindən fərqli olaraq, ər-arvadın aliment öhdəliklərinin yaranması üçün onların zəruri vəsaitə malik olması zəruri şərtdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından doğulmuş uşağın 3 yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasına dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə 09 iyul 2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 112.1.3-сı maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə qiymətlənir. «Dövlət rüsumu haqqında» Azərbayсan Respublikası Qanunun 8.1.2-сi maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-сi maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 27 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 160 manat cəmi 480 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 09 iyul 2024-cü il tarixdən X5, X4 və X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə nisbətdə dövlət rüsumu qismində 27 (iyirmi yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar