Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1996/2025 29.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(023)-112/2015 nömrəli qərardadına əsasən təyin edilmiş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin azaldılaraq 10 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh hər ay 160 manat aliment pulu ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(023)-1199/2015 nömrəli qətnaməsinə əsasən 10 aprel 2010-cu il tarixli X1 üçün cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Ərizəçi Cavabdeh borclu İddiaçı qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-1199/2015 nömrəli qətnaməsi ilə cavabdehdən hər ay 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(023)-112/2015 nömrəli qərardadına əsasən ərizə təmin edilərək 02 iyul 2025-ci il tarixdən başlayaraq, 10 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Bildirir ki, onun Cavabdeh Sirac adlı 1 övladı var. Lakin Siracdan başqa 21 aprel 2000-ci ildə doğulmuş X3, xx.xx.2002-ci ildə doğulmuş X8, xx.xx.2012-ci ildə doğulmuş X6 adlı uşaqları var. Göründüyü kimi, onun Sirac da daxil olmaqla 4 övladı var. Hər bir uşağa qayğı göstərmək də atanın vəzifəsidir. Əgər Sirac tək övlad olsa idi və onun yaxşı maddi təminat gətirən işi olsaydı bütün qazancını sərf edə bilərdi. Lakin işsiz olduğu halda, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin, o cümlədən hazırki vaxt üçün 380 manat pul tutulması qeyri mümkündür. O hər ay üçün 160 manat məbləğində pulu onun saxlanması üçün verə bilər. İddiaçının nümayəndəsi vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və işdə olan sübutlara əsasən iddia ərizənin təmin edilərək İddiaçı Cavabdeh hər ay 160 manat aliment pulun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının başqa nikahdandan övladları vardır. Lakin onlardan biri yetkinlik yaşına çatımış, digəri isə yetkinlik yaşına çatmamış və Rusiyada yaşayır. İddiaçının aliment ödəməyə kifayət qədər maddi imkanı var. Belə ki, iddiaçı Rusiyada bizneslə məşğul olur və maddi imkanı çox yaxşıdır. Hazırda övladı təhsil alır və onun xərcləri artmışdır. İddiaçı ilə razılaşmır 160 manat məbləğində alimentlə uşağı saxlaya bilməz. İddiaçı altı aydır ki, aliment ödəmir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(023)-112/2025 nömrəli qərardadından görünür ki, 02 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)-1199/2015 saylı qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-1052/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh İddiaçı 08 iyul 2015-ci ildən başlayaraq ayda 100 manat aliment tutularaq 10 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il təvəlüdllü X6 adlı övladı vardır. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçı ərizəsində məhkəməyə yalan məlumat vermişdir. Belə ki, iddiaçının himayəsində qeyd etdiyi yoxdur. Qeyd etdiyi şəxslər yetkinlik yaşına çatmışlar. Bundan başqa Rusiya Federasiyasında biznes fəaliyyətilə məşğuldur və şəxsin ikili vətəndaşlığı vardır və vəkilə verdiyi etibarnamədən də görünür ki, iddiaçı Rusiya Federasiyasının da vətəndaşıdır və Moskva şəhərində yaşayır. Bakı şəhərində valideyinlərinin adına mənzil belə almışdır. Qazax rayon məhkəməsində 24 iyul 2025-ci il tarixli, 8(023)-112/2025 nömrəli qərardad qəbul edilənədək həmin iddiaçı tərəfindən ona 100 manat aliment ödənilmişdir. Uşağın xərcləri kifayət qədər artmışdır. Himayəsində olan İddiaçı Sirac oğlu 2023-cü ildən Respublika Talassemiya Mərkəzi PHŞ xəstə olaraq qeydiyyatdadır. Bundan başqa gözündə olan problemlərlə bağlı mülalicə olunmaq məqsədilə eynəkdən istifadə edir. Uşağı bu xəstəliklərdən mütəmadi olaraq müalicə olunur. İddiaçı bu vaxtadək heç vaxt uşağın müalicəsi üçün heç bir maddi yardım göstərməyib, iddiaçı ərizəsində qeyd edir ki, işsizdir. Hansı ki, iddiaçı Azərbaycan publikasında yaşamır və Rusiya Federasiyasının da vətəndaşıdır və daimi olaraq Moskva şəhərində yaşayır. Kifayət qədər imkanı olduğu üçün ödənişli vəkil xidmətindən istfadə edərək, uşağının saxlanması üçün müəyyən edilmiş alimentin məbləğini azaltmağa çalışır. Hansı ki, uşağın xəstəliyi ilə bağlı mütamadi olaraq müalicə olunduğunu da bilir. Yetkinlik yaşında olan şəxsləri uşaq olaraq himayəsində göstərir hansı ki, bu şəxslər yetkinlik yaşına çatıb. Bu aliment qərardadla indeksasiya olunaraq yekun məbləğ müəyyən edilib. İddiaçı isə neçə illər uşağı üçün xərcləməli olduğu məbləği ödəmir. Uşağı ali məktəb üçün hazırlaşır və bunada valideyin olaraq o ödəməli olur. Hər ay uşağın təhsilı ilə bağlı hazırlığına təxminən 250 manatadək xərc çəkir. İddiaçı iddiasını əsaslandıracaq bir sübut belə məhkəməyə təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)-1199/2015 saylı qətnaməsiilə təyin edilmiş aliment Qazax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(023)-1052/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh İddiaçı 08 iyul 2015-ci ildən başlayaraq ayda 100 manat aliment tutularaq 10 aprel 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(023)- 112/2025 nömrəli qərardadı ilə 02 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə araşdırılması müəyyən olundu ki, İddiaçı başqa evliliyindən xx.xx.2012-ci il tarixdə X7 adlı övladı olmuşdur. Bununla da İddiaçı ailə və maddi vəziyyətində dəyişlik baş vermiş, həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)- 1199/2015 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-112/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq, 380 manat məbləğində müəyyənləşdirilmişdir (0,95 x 400 manat). Hazırda İddiaçı rəsmi iş yeri barədə məlumat yoxdur. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(023)-1199/2015 il tarixli qətnaməsi ilə təyin olunmuş və Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-112/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-1199/2015 il tarixli qətnaməsi ilə təyin olunmuş və Qazax Rayon Məhkəməsinin 8(023)-112/2025 saylı, xx.xx.2025-ci nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1996/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1996/2025
29.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver