Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-203/2025 05.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahından 27 iyun 2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi və cavabdehlə birgə nikahından 27 iyun 2024-cü il tarixdə doğulmuş X1 3 yaşı tamam olanadək ona qulluğa görə hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə ilə müraciət edərək himayəsində olan azyaşlı uşağının səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, ona görə də, məhkəmə baxışı iclasının iştirak olmadan keçririlərək yekun məhkəmə aktı qəbul edilməsini, iddia tələbini müdafiə etdiyini və tam təmin olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 12 sentyabr 2023-cü il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsində rəsmi nikahlarını qeyd etdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahından bir övladı, 27 iyun 2024-cü il tarixdə E.Cavabdeh doğulmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Artıq bir neçə aydır ki, övladı ilə valideynlərinin yanında yaşayır. Bununla bağlı olaraq əvvəlcə cavabdehlə aralarında olan nikahın pozulması, uşağın himayədə saxlanılması, alimentin ödənilməsi, uşaqla ünsiyyət hüququnun təmin edilməsi, qızıl-zinət əşyalarının qaytarılması və sairə ailə mübahisələri ilə bağlı məsələlərin Mediasiyada həll edilməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 07 yanvar 2025-ci il tarixdə keçirilmiş tam mediasiya sessiasiyasında aralarında MŞŞ/MT- 018/2024-02286 №li barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən cavabdeh uşağın onun himayəsində qalmasına razılıq vermişdir. Digər məsələlərlə bağlı razılıq əldə olunmamışdır. Hazırda övladı onun himayəsində yaşayır. Uşağına tək başına baxır. Uşağına baxmaqda çətinlik çəkir. Uşağın baxıb böyüdülməsində hazırda borclunun heç bir köməyi yoxdur. Hesab edir ki, uşağının böyüdülməsində borclunun da iştirakı vacibdir. Buna görə də aliment tələbiylə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa bildirmək istəyir ki, cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağın hələ 1 yaşı tamam olmamışdır. Hazırda o analıq məzuniyyətindədir və həmin uşağın 3 yaşı bitənədək o hər hansı bir işlə məşğul ola bilməz, eyni zamanda mövcud qanunvericiliyə əsasən analıq məzuniyyətinə çıxmış ana həmin məzuniyyət müddətini uşağın 3 yaşınadək uzada bilər və sosial müavinət ala bilər. Buna görə də, Ailə Məcəlləsinin 84.2.2-ci və 85.1.1-ci maddəsinə əsasən cavabdeh uşağa ödədiyi alimentdən başqa uşağın 3 yaşı bitənədək uşağa qulluğa görə ona aliment ödəməlidir. Həmin alimentin miqdarının isə hər ayda 150 manat olmasını tələb edir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının tələb etdiyi alimenti tam ödəməyə onun maddi imkanı yol vermir. İddianı qismən qəbul edir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-İ 572073 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 12 sentyabr 2023-cü il tarixdə 182 № ilə qeyd olunmuşdur. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi AZ-V 023057 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 iyun 2024-cü il tarixdə anadan olmuş X2 adlı uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin nikahları 12 sentyabr 2023-cü il tarixdə 182 №ilə qeyd olunmuş, birgə nikahdan tərəflərin yaşadıqları 27 iyun 2024-cü il tarixdə Efnan adlı uşağı doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar və uşaq iddiaçının himayəsində qalmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin tutulması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu yetkinlik yaşına çatmayanlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Hazırki iş üzrə aliment ödəməli olan tərəf uşaqların atasıdır. Cavabdeh məhkəmə iclasında və ərizəsində iddiaçının tələb etdiyi hər ay bir uşaq üçün 246 manat aliment ödəməyə etiraz etmiş, həmin məbləği ödəməyə maddi imkanını yol vermədiyini göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay uşaq üçün 180 manat məbləğində müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Məhkəmə göstərir ki, alimentin bu məbləği azyaşlı uşağın mənafeləri baxımından qənaətbəxşdir. Eyni zamanda məhkəmə hesab edir ki, alimentin tutulması 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. İddia tələbinin «X1 3 yaşı tamam olanadək ona qulluğa görə hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi» barədə hissəsinə məhkəmə münasibət bildirərək aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin məhkəmə diqqətə çatdırır ki, tərəflərin yuxarıda təsvir olunan maddi və əmlak vəziyyətini, həmçinin digər əhəmiyyətli hallara əsasən, tələbin həmin hissəsi əsassızdır. İddiaçı cavabdehin daha çox gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tələbin həmin hissəsinin təmin olunması isə azyaşlı Efnanın saxlanılması üçün iddiaçıya ödənməli olan alimentin ödənilməsi ilə bağlı gələcəkdə qətnamənin icrasına müəyyən çətinliklər yarada bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27 iyun 2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, alimentin tutulması 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia ərizəsinin verilməsi üçün iddiaçını ödəməkdən azad olunduğu 41.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda müəyyən edilmişdir ki, ödəniş qəbzindən göründüyü 120 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilmişdir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 27 iyun 2024-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması 17 yanvar 2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçını ödəməkdən azad olunduğu 41.60 manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Ödəniş qəbzindən göründüyü 120 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №e-2(024)-203/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-203/2025
05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver