Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-704/2025 30.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 aprel 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 manat aliment verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2014-cü il tarixdə rəsmi olaraq evlənmişlər. Birgə nikahdan 27 aprel 2016-cı il tarixdə X2 adlı uşağı dünyaya gəlmişdir. Rəsmi olaraq Qax Rayon Məhkəməsinin qərarı ilə 2018-ci il tarixdə nikahları pozulmuşdur. Övladına tək baxır, cavabdeh tərəf ona övladına baxmağa heç bir maddi köməklik etmir. Hazırki dövrdə uşağı tək saxlamaq mümkün deyil və uşağın ehtiyacları çoxdur. Ona görə də məhkəmədən aliment tələbi haqda iddia qaldırmışdır. Hazırda Cavabdeh 27 aprel 2016-cı il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 manat aliment müəyyən olunmasını istəyir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə göndərdiyi etirazında göstərmişdir ki, iddiaçı tərəfindən onun barəsində alimentin artırılması ilə bağlı iddia ərizəsi verilib. Həmin iddiaya qarşı etirazını bildirir. Onun aylıq əməkhaqqı rəsmi sənədlərdə 521,14 manat göstərilsə də, faktiki olaraq onun əlinə çatan aylıq gəliri 470 manatdır. Bundan əlavə, onun öhdəsində ailə üzvləri-həyat yoldaşı, iki övladı var. Göstərilən ailə yükünü və gəlirinin məhdud olmasını nəzərə alaraq, artıq aliment ödəmək imkanı yoxdur. Hazırda ödədiyi aliment uşağın ehtiyaclarının müəyyən hissəsini qarşılayır və əlavə artırılma onun maddi vəziyyətini son dərəcə ağırlaşdıracaq. Qanunvericiliyə görə alimentin miqdarı həm uşaqların maraqları, həm də ödəyənin real maddi imkanları nəzərə alınmaqla müəyyən edilir. Onun gəliri və ailə öhdəlikləri nəzərə alındıqda iddiaçının tələbi əsassız hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən xahiş edir ki, iddiaçının alimentin artırılması ilə bağlı tələbi rədd edilsin. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə elektron ərizə göndərərək təhsili ilə bağlı Gəncə şəhərində olduğunu, məhkəmə iclasına gələ bilmədiyini, cavabdehdən 246 manat aliment tələb etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin iştirakı təmin edilməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə İddiaçı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: AZ-İİİ 770304 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 27 aprel 2016-cı il tarixdə doğulmuşdur. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailkə həyatı qurmuş, birgə nikahdan 27 aprel 2016-cı il tarixdə X2 adlı uşaqları dünyaya gəlmişdir. Tərəflərin nikahları Qax Rayon Məhkəməsinin qərarı ilə 2018-ci il tarixdə pozulmuşdur. İddiaçı Cavabdeh 27 aprel 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 246 (iki yüz qırx altı) manat aliment verilməsini xahiş etmişdir. Məhkəmə uşağın saxlanılması üçün aliment tələbinə münasibət bildirərək qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən uşaqlara baxmaq hər iki valideynin vəzifəsidir, iddia ərizəsinin 02 sentyabr 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olması və 2025-ci ildə ölkədə minimum əmək haqqı miqdarının 400 manat olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair qanunvericiliyin tələbi, cavabdehin maddi vəziyyəti və eyni zamanda da uşağın üstün mənafeyi 2025-ci il üçün müəyyən edilmiş 400 manat məbləğində minimum əmək haqqı nəzərə alındıqda cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla uşaq üçün 31 iyul 2025-ci il tarixdən hesablanmaqla 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tətbiq edilən hüquq Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alimentin tutulması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Ailə Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı Qərarının 8.4-1-ci yarım bəndinə əsasən istinad edilən maddənin (110.2) tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, alimentin tutulması 02 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27 aprel 2016-cı il təvəlldlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər usaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli, 45 faizi həddində (hazırki dövrdə 180 manat) sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, alimentin tutulması 02 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Qətnamə alimentə dair hissədə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 6.6-cı bəndində göstərilmişdir ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıbazaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 41.60 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 27 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay usaq üçün 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli, 45 faizi həddində (hazırki dövrdə 180 manat) sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması 02 sentyabr 2025-ci il tarixdən hesablansın. Cavabdeh iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 41.60 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə, 60 manat ödənilmiş mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-704/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-704/2025
30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver